İllərdir fırldaqçılıq və uşaq təcavüzü də daxil hər cür qeyri-qanuni işlərlə məşğul olan Adnan Oktar dünən Türkiyədə həbs edilib. Onunla birgə daha 235 nəfərin saxlanılması barədə qəarar çıxarılıb. Adnan Oktarın malikanəsindən silahlar, zirehli gödəkçələr və zirehli maşınlar çıxıb.
O, bir neçə il əvvəl də cinayət əməllərinə görə həbs edilmiş və həbsxana həyatı yaşamışdı. Hətta bir müddət psixoloji dispanserdə də yatmışdı. Amma hadisələrin gedişinə nəzər etdikdə aydın olur ki, hansısa gizli əllər onu həbsxana həyatından xilas etmək üçün dispanserə saldırıbmış.
Adnan Oktarın həbsinə səbəb isə tanınmış şəxslərin ailə həyatına müdaxilə, şantaj və fırıldaqçılıq maddələri idi. Dünən onun barəsində cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaq qaçaqmalçılığı, şantaj, şəxslərin azadlığını əlindən alma, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi niyyəti ilə fırıldaqçılıq və bu kimi onlarla maddə ilə cinayət işi açılıb.
Amma bütün bunlar hadisələrin Türkiyə tərəfidir. Bəs zərbaycanda nələr baş verir? Axı Adnan Oktarın Azərbaycanda da kifayət qədər ardıcılları var. Hətta onlar bir neçə dəfə onun rəhbəri olduğu A9 televiziyasına da çıxıblar və vaxtaşırı olaraq Türkiyəyə səfər edib ondan təlimatlar alıblar. Bunu həmin şəxslərin sosial şəbəkələrdə tez-tez Türkiyəyə səfər etdiklərini özündə əks etdirən görüntülər də sübut edir.
İnterpress.az xəbər verir ki, FaktXəbər olaraq bir neçə dəfə Adnan Oktarın fırıldaqları barədə məqalələr yayımlayıb. Həmin məqalələrlə bağlı Adnan Oktarın vəkili Gülcan Karakaş tərəfindən hədə dolu məktub da almışıq. Həmin məktubun tonundan və üslubundan isə görünürdü ki, ona Azərbaycan kömək edənlər, daha doğrusu yön verənlər olub.
Bəs kimlərdir Adnan Oktarı, başqa adı ilə Harun Yəhyanı Azərbaycanda təbliğ edənlər?
Aşağıda təqdim etdiyimiz videoda ilk öncə Adnan Oktara beyət edənləri və onun A9 kanalında Azərbaycandakı müridlərinin hesabatını görə bilərsiniz.
Kiçik bir araşdırma nəticəsində məlumat əldə etdik ki, Azərbaycana Adnan Oktarın fəaliyyət qolları hələ bir neçə il əvvəldən uzanıb. Uzun illərdir onun kitabları ali təhsil ocaqlarımızda gənclər arasında pulsuz paylanır. Kitabları paylayanlar isə Adnan Oktarın özünün dediyi kimi yaraşıqlı gənclərdir. Bu yaraşıqlı gənclər həm oğlanlardan, həm də qızlardan ibarətdir. Onların başında duranlar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyidir. Kimlərdir bu birliyin sosial şəbəkələrdə də məşhur olan ismləri: Aysel Vəliyeva, Ramiq Vəliyev, Sarvan Məmmədli, Günay Şahbazova, Kəmalə Abdullayeva, Sevinc Haqverdizadə, Asya Vəliyeva, Tünzalə Məmmədova, Rəna Məmmədli, Cavanşir Axundov, Hüseyn Məmmədov, Əzizağa Hüseynov və başqaları. Bu şəxslərin sosial şəbəkələrdəki profillərinə və səhifələrinə baxdıqda açıq şəkildə Adnan Oktarın təbliğatı ilə məşğul olduqları görünür. Onların dərc etdirdiyi, maya dəyərindən aşağı qiymət qoyduqları, əksərən pulsuz payladıqları, hər nömrəsinin isə geniş şəkildə təqdimatını keçirdikləri\”Düşünən İnsan\” jurnalının bütün nömrələri demək olar ki, Adnan Oktarın Harun Yəhya imzası ilə dərc oluan (bu kitabları A.Oktarın yazmadığı, ətrafına yığdığı kediciklər tərəfindən müxtəlif dillərdən tərcümə olunmuş və üzərində işlənmiş materiallar olduğu onun yanından qaçanlar tərəfindən artıq ifşa edilib) kitablardakı yazı materiallarından ibarətdir. Araşdırmamız nəticəsində o da məlum oldu ki, \”ensonxeber.az\” saytı da Adnan Oktara Azərbaycandakı şəbəkəsinə məxsusdur.
Bundan əlavə, həmin şəxslərin yaşıl fonda olan fotoları da var ki, bunu da video işləri ilə məşğul olanlar \”xroma-key\” adlandırırlar və əsasən studiya çəkilişlərində istifadə olunur. Daha sonra montaj vasitəsi ilə yaşıl fon götürülür və istənilən səhnələr əlavə olunur.
Onlar təkcə Azərbaycan dilində 100-dən artıq sayt, onlarla feysbuk, onlarla instaqram səhifələri idarə edirlər. Özlərinin bildirdiyinə görə, indiyə qədər Adnan Oktarın 10 minlərlə kitabı hədiyə olunub. Aşağıda onların bəzilərini təqdim edirik. Araşdırmamız nəticəsində həmin şəxslərin bəzilərinin profillərindən Adnan Oktarla bağlı paylaşımları pozduğu, bəzilərinin isə profillərini bağladığının şahidi olduq. Amma dostluqlarında olan şəxslərin Adnan Oktarla bağlı paylaşımlarının altındakı bəyənmələr onları ələ verir.
İnterpress.az