İnterpress.az APA-ya istinadən xəbər verir ki, Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə məhv edilib.
Müəyyən edilib ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.
Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
İnterpress.az