Bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, bu, buna oxşar bütün başqa layihələr üçün bir nümunə olacaq: “Çünki biz bu istiqamətdə çox fəal iş aparırıq, neftlə çirklənmiş bütün yerləri, gölməçələri təmizləyirik. Bibiheybət, “Ağ şəhər”, Böyükşor. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulub. Bu da çox önəmli layihədir. Biz Bakının ətrafında yerləşən, neftlə və lay suları ilə çirklənmiş bütün gölləri tədricən təmizləyəcəyik. Orada istirahət və əyləncə zonaları, ictimai yerlər yaradılacaq. Ümumiyyətlə, Bakıda son illərdə çoxsaylı ictimai yerlər, parklar, bağçalar yaradılır. Bu ictimai yerlərin sayına görə Bakı bəlkə də dünya miqyasında ön sıralardadır. Çünki Bakı bu gün parklar, bağçalar şəhəridir və Bakı təmiz göllər şəhəri olacaq. Mən buna əminəm. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin bu ilin yayına qədər başa çatması, hesab edirəm, hər kəsə göstərəcək ki, biz bunu da edə bilmişik və güclü iradə olan yerdə, istənilən layihə icra edilə bilər”.
İnterpress.az