Balidə rusiyalı turistlərin olduğu kater partlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İndoneziyanın Bali adası yaxınlığında, Nusa-Penida sahillərində rusiyalı turistlərin olduğu katerdə partlayış baş verib.
Məlumata görə, Murad, Amiran, Alima və Amina adlı dörd Rusiya vətəndaşı şnorklinq turuna qatılıb.
Kater körfəzdən çıxarkən gəminin arxa hissəsində güclü partlayış olub. İlkin ehtimala görə, buna akkumulyatorun partlaması səbəb olub.
Alov qısa müddətdə katerin hər tərəfini bürüyüb. Turistlər və bələdçi xilas olmaq üçün suya tullanaraq sahilə üzməyə nail olublar.
Onları yalnız 70 dəqiqə sonra yaxınlıqdan keçən başqa bir katerin heyəti görüb və göyərtəyə qaldırıb.
Turistlər xəsarət almayıblar. Katerin kapitanı isə ayaqlarından aldığı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
KİV-in məlumatına görə, hadisədən qısa müddət əvvəl kater təmirdən çıxıb və səfərə başlamazdan qabaq texniki baxışdan keçirilərək istifadəyə yararlı hesab edilib.
Partlayışın dəqiq səbəbi polis tərəfindən araşdırılır.

Xuraman Etibarlı
İnterpress.az






