Potsdamda məktəblilərə hücum və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Almaniyanın Potsdam şəhərində polis “78er” adlı gənclər qruplaşmasının üzvlərinin törətməkdə şübhəli bilindiyi bir sıra hücum, soyğunçuluq və hədə-qorxu ilə pul tələb etmə halları ilə bağlı araşdırma aparır.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları 15-20 yaş aralığında olan 25 şübhəlinin şəxsiyyətini müəyyən edib.
Onlardan altısı ağırlaşdırıcı hallarda sağlamlığa zərər vurmaq və quldurluq yolu ilə pul tələb etməkdə şübhəli bilinərək həbsdə saxlanılır.
Yerli yeniyetmələr bildiriblər ki, qruplaşmanın üzvləri onları mütəmadi olaraq hədələyir, pullarını alır, bıçaq və dəyənəklərlə hücum edirlər.
Həmsöhbətlərdən biri bildirib ki, müsahibədən az əvvəl üç naməlum şəxs ondan və dostlarından pul tələb edib.
Yeniyetmənin sözlərinə görə, qruplaşmanın üzvlərinin əksəriyyəti çeçen, suriyalı və alban mənşəlidir. O, onların hədə-qorxusuna görə baş verənlər barədə danışmağa çəkindiklərini də qeyd edib.
Brandenburq federal torpağının daxili işlər naziri Yan Redmann isə hakimiyyətin qruplaşmanın fəaliyyətinə son qoymaq niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, bir qrup gənc şəhər meydanlarında və məktəb həyətlərində kimin hökmranlıq edəcəyini müəyyənləşdirməyə çalışır və dövlət buna qətiyyətli addımlarla son qoyacaq.
Xuraman Etibarlı
İnterpress.az






