Bakıda paracüdo üzrə Qran-prinin açılış mərasimi keçirilibbackend

Bakıda paracüdo üzrə Qran-prinin açılış mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında baş tutan tədbirdə əvvəlcə Milli Paralimpiya Komitəsinin himni səslənib.

Açılış sözü ilə çıxış edən MPK prezidenti İlqar Rəhimov yarışın əhəmiyyətindən söz açıb: \”Bu gün \”Ruhun zəfəri\” şüarı altında beynəlxalq cüdo yarışı başlayıb. Belə bir mötəbər turnirin Bakıda keçirilməsi təsadüfi deyil. Ölkəmizin bir sıra nəhəng turnirləri yüksək səviyyədə təşkil etməsi seçimin Azərbaycan üzərində dayanmasına əsas səbəb olub. Bu cür yarışların ölkəmizdə təşkilinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehirban xanım Əliyevaya təşəkkür edirik. Bu yarışın əsas özəlliyi \”Tokio 2020\” Yay Paralimpiya Oyunlarına lisenziya xalları verməsidir\”.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer isə yarışda iştirakdan məmnunluğunu bildirib və Azərbaycan hökumətinə təşəkkür edib.

İ.Rəhimov rəhbərlik etdiyi qurum adından M.Vizeri paralimpiya ordeni ilə təltif edib. M.Vizer isə öz növbəsində İJF-in xüsusi mükafatını İ.Rəhimova verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanın çox zəngin cüdo tarixinin olduğunu deyib: \”İdmanın bu növündə bir çox qəhrəmanımız var. Eyni sözləri paracüdoya da şamil etmək olar. Bu yarışda onların uğuru əhəmiyyətlidir. İdmançılarımızı \”Tokio 2020\”də görmək istəyirik. Hər kəsə uğur, zəfər arzu edirəm\”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cüdo üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə İJF-in prezidenti M.Vizerə təşəkkür edib. O, yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra yarış açıq elan edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Yarışla bağlı videoçarxın ardından bədii hissə baş tutub.

Qeyd edək ki, yarışa 150 kişi, 62 qadın olmaqla 35 ölkədən 212 idmançı qatılıb. Azərbaycan millisi turnirdə 11 kişi və 10 qadın paracüdoçu ilə təmsil olunur. “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları verən Qran-priyə mayın 14-də yekun vurulacaq.

İnterPress.Az