İnterpress.az xəbər verir ki, İranın Fars Xəbər Agentliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun erməni yalanlarına qarşı fəaliyyət göstərdiklərinə dair açıqlamalarını “Türkiyə illər sonra oyandı” başlığı ilə dərc edib.
Çavuşoğlu həmin açıqlamasında “Bizim də fəaliyyətimiz var və koordinasiyalı şəkildə bu məsələlərlə məşğul oluruq” deyib.
Nazir Ermənistan da daxil olmaqla 102 ölkəyə dəvət məktubu göndərilməsi məsələsinə də münasibət bildirib:“2015-ci il erməni yalanı yox, “centlmenlər savaşı” kimi tanınan Çanaqqala savaşının ildönümüdür. Osmanlı ordusunun içində erməni əsgərləri də var idi. Bir tərəfdən 1915-ci ildə şərqdə üsyanlar baş verərkən, digər tərəfdən cəbhədə türk, suriyalı, yəmənli, misirli, kürt, laz – hər kəs birgə mübarizə aparırdı. Mərasimə hər kəsi dəvət etmişik. Bəzi baş nazirlər gələcəklərini bildiriblər. Dəvət etmək bizdən, gəlib-gəlməmək o ölkələrin liderlərindən asılıdır”.
İnterpress.az