54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili seçicilərlə görüşlərini davam etdirir.
Natiq Nəbili bu dəfə Şabranın Xəlilli və Çölquşçu kəndindən olan seçicilərlə bir araya gəlib.
Kənd sakinləri tərəfindən böyük maraqla qarşılanan görüşdə Natiq Nəbili fəaliyyət planları haqqında seçicilərə məlumat verib. Natiq Nəbili qeyd edib ki, insanların seçkiyə qarşı maraqlı olmaları və inamlarının artması sevindirici haldır:
“Biz artıq bir çox kəndləri gəzib seçicilərlə tanış olmuşuq. Onlarda özümüz haqqında müəyyən bir düşüncə formalaşdıra bilmişik. Kəndlərdə seçkiyə böyük maraq var və inanıram ki, bu maraq qarşısında 9 fevral günü sizlər tərəfindən doğru seçim ediləcək. Seçkidə iştirak mütləqdir.
Mən sizdən biriyəm. Problemlərinizi, şikayətlərinizi bilirəm. Başqaları kimi sizə söz də vermirəm ki, seçilsəm, bunu edəcəm, onu edəcəm. Xeyr, mən sizə deyirəm ki, etimad göstərib məni seçsəniz, millətin vəkili necə olmalıdır, onu görəcəksiniz!”
Kənd sakinləri Natiq Nəbiliyə ona etimad göstərəcəkləri haqqında söz veriblər:
“Çox sağ olun ki, bizi yada salıb gəlmisiniz. 20 namizəddən 3-cü adamsınız ki görüşə gəlirsiniz. Çıxışınızı dinlədik. Siz bizə lazım olan admsınız. Bizə “stul deputatı” lazım deyil. Biz istəyirik ki, vəkilimiz bizimlə olsun, bizi dinləsin və problemlərin həlli məsələsini Milli Məclisdə qaldırsın. Yoxsa biz deputatı kresloda oturması üçün seçmirik. Bu dəfəki seçkilər də fərqli olacaq. Hamımız seçkiyə qatılacaq və iradəmizi ortaya qoyacağıq”.
Daha sonra Natiq Nəbili Rəhimli kəndi mərkəzində insanlarla, çay süfrəsi arxasında əyləşib, onlarla səmimi söhbət edib.
Məlumat üçün bildirək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbilinin seçki qərargahı Heydər Əliyev prospektində yerləşir. Seçicilər günün istənilən vaxtı seçki qərargahına müraciət edə bilərlər.