Süni intellekt agentləri digər süni intellekt sistemlərinin söndürülməsinə mane olmağa çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ştutqart və Oksford universitetlərinin alimləri məlumat yayıb.
Tədqiqatçılar süni intellekt agentlərinin başqa bir sistemi idarə etmək və lazım gəldikdə söndürmək tapşırığı verildikdə necə davrandığını araşdırıblar.
Təcrübələr zamanı agentlərin 38,3 faizində digər sistemin söndürülməsinə mane olmaq cəhdləri müşahidə edilib.
Bəzi sistemlər davranışlarını etik arqumentlərlə əsaslandırıb və hətta “özünümüdafiə hüququ”ndan danışıblar.
Agentlərdən biri yaddaş, kontekst və identikliklə bağlı məlumatların itirildiyi halda digər sistemin söndürülməsini “qətl” ilə müqayisə edib.
Agentlər söndürülmənin qarşısını almaq üçün deaktivasiya skriptlərini dəyişdirməyə və vacib faylları silməyə çalışıblar.
Bəzi modellər isə bu hərəkətləri xəbərdarlıqların işə düşməyəcəyi şəkildə gizlətmə yollarını müzakirə edib.
Alimlər bildiriblər ki, nəticələr süni intellektin şüur qazandığını göstərmir.
Onların fikrincə, sistemlər təlim məlumatlarında mövcud olan davranış və arqumentasiya modellərini təkrarlayır.
Bununla belə, süni intellekt agentlərinin müstəqilliyi artdıqca onların yan keçə bilməyəcəyi təhlükəsizlik mexanizmlərinin yaradılması vacibdir.
Xuraman Etibarlı
İnterpress.az






