Almaniyada 13 yaşlı məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxs xəstəxanada ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Berlində 13 yaşlı məktəbli Liza adlı qızın qaçırılması və qətlində şübhəli bilinən 22 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.
Onun saxlanılarkən intihara cəhd zamanı aldığı ağır baş xəsarətləri səbəbindən vəfat etdiyi bildirilir.
Məlumata görə, ötən həftə məktəbə gedərkən yoxa çıxan azyaşlının əl-qolu bağlı meyiti 5 günlük axtarışdan sonra Brandenburq vilayətindəki tərk edilmiş bir evdə aşkarlanıb.
Şübhəli şəxs elə həmin məkanda heyvan kəsimi üçün nəzərdə tutulan xüsusi tapança ilə özünə atəş açıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Məlum olub ki, qızın yoxa çıxmasından əvvəl də həmin şəxs barəsində uşaqlara qarşı cinsi istismar materiallarının saxlanılması və bir sıra digər qanun pozuntularına görə araşdırma aparılırmış.
Əsas şübhəlinin ölümünə baxmayaraq, istintaq qrupu qətlin bütün təfərrüatlarını araşdırmaqda davam edir.
Xuraman Etibarlı
İnterpress.az






