“Biz dədə-baba yurdumuza – Qərbi Azərbaycana hökmən qayıdacağıq”backend

“Biz dədə-baba yurdumuza – Qərbi Azərbaycana hökmən qayıdacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Səməndər müəllim, öncə Dünya Azərbaycanlıları Konqresinin tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin məqsəd və məramı barədə fikirlərinizi bilmək istərdik.
– Əvvəla, gəlin bir qədər tarixi keçmişə qayıdaq. Bildiyiniz kimi, XIX əsrin əvvəllərindən başlayaraq Rus İmperiyası tərəfindən İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində yaradılmış qondarma müvəqqəti “Erməni vilayəti” bölgədə kiçik bir ərazidə „idarəetmə üsulu“ olsa da, sonralar Rus İmperiyasının köməyi ilə dünyanın ayrı-ayrı xarici ölkələrindən İrəvan xanlığının ərazisinə mərhələ-mərhələ köçürülən ermənilərin hesabına bu kiçik „vilayət“in erməni əhalisinin sayı artmağa, soxulduqları ərazi genişləndirilməyə başlandı. Bununla belə, hələ XIX əsrin əvvəllərində Azərbaycanın 20 xanlıqlarından biri olan İrəvan xanlığında əhalinin 76% azərbaycan türkləri, 24% isə ermənilər və digər millətlər təşkil edirdi. Sonralar azərbaycan türklərinin əzəli və əbədi torpaqlarında möhkəmlənən ermənilər havadarlarının köməyi ilə yerli əhalini müxtəlif zorakılıq üsulları ilə sıxışdıraraq dədə-baba yurdlarından qovub çıxardılar və İrəvan xanlığının ərazisində qondarma „Ermənistan dövləti“ yaratdılar.
1828-ci ilin əvvəllərindən başlayaraq erməni separatçılığı, vandalizmi və terrorçuluğu nəticəsində yüz minlərlə azərbaycan türkü öldürülmüş, əhalinin var-dövləti talan edilmiş, yaşayış məskənləri dağıdılmış, tarixi mədəniyyət abidələri yer üzündən silinmişdir. Təkcə 1988-1990-cı illər deportasiyası zamanı, o torpaqlardan 250 min nəfərdən çox azərbaycan türkü qovulmuş, yüzlərlə günahsız adamlar qətlə yetirilmiş, əhaliyə 60 milyarddan çox ABŞ dolları həcmində ziyan vurulmuşdur. Bu gün İrəvan xanlığının 29 min kvadratkilometr ərazisi ermənilər tərəfindən zəbt edilmiş, indi o torpaqlarda bir nəfər də olsun azərbaycanlı yaşamır. Bütün tarixi mənbələrə, arxiv sənədlərinə əsasən təsdiq olunmuşdur ki, indiki „Ermənistan Respublikası“nın bütün torpaqları Azərbaycan Türklərinin Vətənidir.
Respublika prezidenti, cənab İlham Əliyev bütün çıxışlarında tarixi torpaqların azad edilməsi barədə fikirlərini belə ifadə edib:
„Ermənistan dövləti – tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı və digər bölgələr bizim tarixi torpaqlarımızdır. …Qarabağ torpaqları ilə bərabər Qərbi Azərbaycan torpaqlarını da işğaldan azad etməli və ermənilərdən Qisas almalıyıq…“
Qərbi Azərbaycan nümayəndəliyinin əsas məqsəd və məramı Azərbaycan Respublikasının və dünyanın bütün nüfuzlu ictimai-siyasi təşkilatlarının dəstəyindən istifadə edərək, dədə-baba torpaqlarımıza qayıtmaq arzularımızı həyata keçirməkdir.
Bundan əlavə, Avropanın tanınmış ölkələrində xüsusi mövqeyi olan, həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya olan Dünya Azərbaycanlıları Konqresinin dəstəyindən faydalanaraq 3 milyondan çox Qərbi Azərbaycan türklərinin tapdanmış haqları barədə bir daha dünyanın tərəqqipərvər qüvvələrinin nəzərinə çatdırmaq, hansı yolla olursa-olsun dədə-baba yurdumuza qayıdacağımızı bəyan etməkdir.
Yeri gəlmişkən, qərbi azərbaycanlılar tərəfindən təsis edilmiş, respublikamızda fəaliyyət göstərən bütün ictimai-siyasi, qeyri hökumət təşkilatlarına DAK Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyi ilə birlikdə fəaliyyət göstərməyə dəvət edir və „Vətənə Qayıdış!“ məqsədimizi həyata keçirmək üçün birgə mübarizə aparmağa çağırırıq. Bu hər bir Qərbi Azərbaycan soyköklü bütün vətəndaşların ən şərəfli və müqəddəs arzusu deyilmi?!
– Nümayəndəliyin fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?
– Nəzərinizə çatdırıram ki, Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin Dünya Azərbaycanlıları Konqresi tərəfindən təsdiq edilmiş „Əsasnamə“yə uyğun olaraq fəaliyyət planı vardır. „Vətəni unutmayaq“, „Xeyriyyəçilik“, „Tariximiz – Qan yaddaşımızdır“ və s. tədbirlər planı hazırlamışıq. Məlumat üçün deyim ki, Qərbi Azərbaycan Nümayəndəliyi sırf ictimai birlikdir, heç bir siyasi təşkilata qoşulmur, heç bir siyasi partiyanın siyasi mənafeyi adından çıxış etmir.
„Vətəni unutmayaq“ adı altında keçirdiyimiz tədbirlərdə erməni əsarətində qalmış elm, təhsil və mədəniyyət ocaqlarının anım günlərini geniş formada qeyd edir, tanınmış Qərbi Azərbaycan soyköklü elm, təhsil və mədəniyyət xadimlərinin yubileylərini təşkil edirik.
Yeri gəlmişkən, departament kimi fəaliyyət göstərdiyimiz zaman „İrəvan xanlığının işğalı və İrəvan Qalasının süqutunun 185 illiyi“nin anım günü tədbiri keçirdik və Müraciət qəbul edərək ermənilərin internet saytında yerləşdirdik. Tezliklə erməni prezidenti Serj Sarkisyan tərəfindən H-1(Hayastan-1) Televiziya kanalında və internet saytında bu şəkildə kəskin etiraz bildirildi:
-„Siz fikir verin, bir dəstə ermənistanlı türklər hətta 2550 illik tarixi olan Erebuni şəhərinin, bizim Yerevanın türk şəhəri İrəvan olduğunu iddia edir, bizdən torpaq tələb edirlər“.
Deməli, bu istiqamətdə daha ciddi tədbirlər keçirilməsinə böyük ehtiyac vardır və bu tədbirlərin tələblərini dünyanın bütün dövlətlərinin ictimai-siyasi qurumlarına çatdırmalıyıq. Biz bundan sonra da indiki Ermənistan torpaqlarının Azərbaycan torpaqları olması, onun ermənilər tərəfindən işğal edilməsi ilə bağlı müxtəlif məzmunlu tədbirlər keçirəcək, yerli əhaliyə dəymiş maddi və mənəvi zərərin erməni dövləti tərəfindən ödənilməsini tələb edəcəyik, Vətənə Qayıdış məqsədimizi həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmək əsas amalımızdır.
– Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin idarəçilik strukturu hansı formadadır və kimlər nümayəndəliyə üzv qəbul edilir?
– Qərbi Azərbaycan nümayəndəliyinin bütün fəaliyyəti 11 nəfərdən ibarət İdarə Heyətinin rəhbərliyi ilə tənzimlənir. Nümayəndəliyin „Ağsaqqallar Şurası“, „Qadınlar Şurası“, „Gənclər təşkilatı“ yaradılıb və bu təşkilatlar öz işlərini nümayəndəliyin „Əsasnamə“sinə uyğun olaraq təşkil edərək İdarə Heyətinin illik planı əsasında çalışırlar. Bundan əlavə Ağsaqqallar Şurasının tərkibində İrəvan xanlığının tarixi mahalları olan İrəvan, Zəngəzur, Zəngibasar, Dərələyəz, Vedibasar, Ağbaba, Göyçə mahalları yaradılmış və hər mahal üzrə „Qərbi Azərbaycan ocağı“ adı altında Mahal Ağsaqqalları Şurası fəaliyyət göstərir.
Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin üzvlüyünə könüllülük prinsipi əsasında, İdarə Heyətinin Qərarı ilə vətənpərvər adamlar qəbul edilir və xüsusi vəsiqə verilir. Doğulduğu, yaşadığı yerdən, milliyətindən, dini baxışından, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları və xarici ölkələrdə yaşayan azərbaycanlılar nümayəndəliyin üzvü ola bilərlər.
Yeri gəlmişkən, 2013-cü il dekabrından başlayaraq Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya olunmuş azərbaycanlılar tərəfindən təsis edilmiş „Qərbi Azərbaycana (indiki Ermənistana) Dönüş“ İctimai Birliyinin dövlət qeydiyyatına alınması üçün, həmin ildən başlayaraq dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilib. Qeydiyyatla bağlı adı çəkilən qurumdan hələ ki, müsbət rəy alınmayıb.
Əlaqədar təşkilatların nəzərinə çatdırıram ki, „Qərbi Azərbaycana (indiki Ermənistana) Dönüş“ İctimai Birliyi erməni quldurları tərəfindən dədə-baba yurdlarından qovulan, külli miqdarda maddi və mənəvi zərər çəkmiş, Azərbaycan türklərinin tapdalanmış hüquqlarını bir daha bütün dünyanın ictimai-siyasi təşkilatlarına çatdırmaq, deportasiya olunanlara maddi və mənəvi kömək üçün xeyriyyəçilik tədbirləri təşkil etmək, Azərbaycan Respublikasının dəstəyi ilə əzəli və əbədi yurdumuza qayıtmaq məqsədi ilə təsis edilmiş bir İctimai Birlikdir.
– Səməndər müəllim, QAN-ın son zamanlarda yaradılmasına baxmayaraq, artıq yüzlərlə tərəfdaşlarınız vardır. Kimlərdən daha çox dəstək gözləyirsiniz?
– Əlbəttə, birinci növbədə respublika rəhbərliyindən və soykökü Qərbi Azərbaycandan olan azərbaycanlılardan və bütün Azərbaycan xalqından dəstək gözləyirik.
Azərbaycan Respublikasında məskunlaşmış yüzlərlə vəzifə sahibləri, dövlət məmurları, tanınmış iş adamları ilə, xüsusən də respublikamızın ictimai-siyasi, elm-mədəniyyət və s. sahələrində çalışan, 1993-cü ilin məlumatına görə son 50 ildə təxminən 15 nəfərdən artıq Azərbaycan Elmlər Akademiyasının akademiki, 150 nəfərdən çox Elmlər doktoru və professoru, 850 nəfərdən çox elmlər namizədi, yüz minlərlə ziyalıları və Qərbi Azərbaycan (indiki Ermənistan) soyköklü vətəndaşlarla qarşıya qoyduğumuz „Vətənə Dönüş“ məqsədimizi asanlıqla həyata keçirə bilərik. „Vətənə Dönüş “ missiyasını həyata keçirmək üçün ilkin olaraq tanınmış ziyalılar əllərindən gələni əsirgəməməlidirlər. Onlar ən azından respublikamızda fəaliyyət göstərən Qərbi Azərbaycanla bağlı yaradılmış ictimai-siyasi təşkilatlara mənəvi dayaq olmalıdırlar. Çox təəssüf ki, Qərbi Azərbaycan doğumlu bəzi dövlət məmurları respublikanın ən böyük bəlası olan rüşvətxorluq və korrupsiyaya qurşanaraq, yalnız öz varidatları haqqında düşünür, çox zaman böyüyüb boya-başa çatdığı, çörəyini yeyib, suyunu içdiyi o gözəl, qədim diyarı, Azərbaycan türklərini əbədi və əzəli torpaqlarını heç yadlarına belə salmırlar. Müqəddəs və ümumi işimizi həyata keçirmək üçün bizə mane olan, öz şəxsi mənafelərini hər şeydən üstün tutanlara üzümü tutub deyirəm: Axı biz nə istəyirik?! Biz dədə-baba torpaqlarımıza qayıtmaq istəyirik! Bu arzu hər bir vətənpərvər Qərbi Azərbaycanlının (indiki Ermənistan) ən müqəddəs və şərəfli məqsədi olmalıdır. Biz Qarabağ torpaqları ilə yanaşı İrəvan Xanlığı torpaqlarını da rus-erməni işğalından azad etməli və erməni quldurlarından qisas almalıyıq.

Söhbətləşdi: Anar Hüseynov
İnterpress.az