2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadırbackend

2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il  dünya sakinləri və  iqtisadiyyatı üçün ciddi sınaqlar ili olaraq tarixə düşməkdədir. Bu sınaqların nəticəsinin ağırlıq dərəcəsini,səviyyəsini indidən dəyərləndirmək, proqnozlaşdırmaq da mümkün deyil.

Çünki qarşıdan gələn müddətdə koronavirus pandemiyası hansı yeni fəsadlara səbəb olacaq, bəşəriyyəti hansı yeni  cətinliklərlə üz-üzə qoyacaq, bunu da indidən söyləmək qeyri-mümkündür. Lakin fakt odur ki,planetimizdə koronavirusa yoluxanların sayı milyonlarladır,yüz minlər isə artıq bu təhlükəli virus səbəbindən dünyasını dəyişib. Söhbət insanların həyat və sağlamlığından getdiyi üçün bu mənada ölkələr arasında müqayisəli təhlil aparmaq istəmirəm. Çünki, bu statistik göstəricilərin arxasında sayından  asılı olmayaraq  insanların, ailələrin, cəmiyyətlərin taleyini, hətta geosiyasi məkanda ölkələrin  yerini dəyişdirən, ən başlıcası həyat və sağlamlqla bağlı  olan məsələlər dayanır.

Lakin bu günə görünən odur ki, ölkəmiz bu bəla ilə mübarizədən mümkün qədər az itkilərlə çıxmaq imkanını əldə etməkdədir. Bir daha təkrar edirəm ki, virusun bundan sonrakı  mərhələdə özünü necə aparacağını, hansı yeni növ mutasiyalara uğraya biləcəyi ehtimallarını heç kim indidən dəqiq proqnozlaşdıra bilməz. Bununla belə, bugünkü vəziyyət ölkəmizi nisbətən  az itkilərə məruz qalmış azsaylı ölkələr cərgəsinə aid etməyə əsas verir.

 

Bu nəticədə genetik kodun,sovetlər dönəmində vərəm əleyhinə aparılmış kütləvi peyvənd tədbirlərinin nə dərəcədə rol oynadığını da bu gün tam dəqiqliklə söyləmək mümkün deyil. Virusla bağlı bir çox tədqiqatlar hələ qarşıdadır. Ona görə də hazırda yalnız faktlara istinad edə bilərik. Faktlardan biri odur ki, istisnasız olaraq bütün dünya dövlətləri kimi ölkəmiz də ilk dəfədir ki,koronavirus pandemiyası adlı  qlobal təhlükə ilə üz-üzədir.Növbəti fakt odur ki,dövlətimiz bu təhlükə ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli,sistemli, işgüzar əlaqələrində ardıcıldır, dünya təcrübəsinə xüsusi diqqət və həssaslıqla yanaşır. Covid-19-la mübarizədə həlledici faktorlardan biri də ölkənin iqtisadi rezervlərinin verdiyi imkanlarla və bu imkanlardan istifadənin səmərəliliyi ilə bağlıdır.İqtisadi potensial ilk növbədə onun üçün lazımdır ki, yaranmış vəziyyətdə mövcud səhiyyə sisteminin xüsüsiləşdirilmiş sahələrinin imkanlarını genişləndirmək mümkün olsun, xüsusi tibbi avadanlıqlara olan əlavə ehtiyaclar məsələsi həll edilsin, profilaktik dərman preparatları, qoruyucu və dezinfeksiyaedici məmulatların ciddi ehtiyat bazası yaradılsın. Prezident cənab İlham Əliyev avqustun 6-da keçirdiyi müşavirədə bu məsələlərə xüsusi diqqət çəkdi. Təsəvvür edin ki,bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Bu xəstəxanalardan 41-i son 17 ildə tikilib, yaxud əsaslı şəkildə təmir edilib,müasir avadanlıqlarla təchiz olunub. Koronavirusa yoluxma  təhlükəsinin ehtimal səviyyələri nəzərə alınaraq, son aylarda  ölkəmizdə 9 modul tipli xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq başqa bir xəstəxana da fəaliyyətə başlamışdır. Bu ayın sonuna qədər 1300 çarpayılıq yeni bir xəstəxana da istifadəyə veriləcəkdir.

 

Pandemiya dünya ölkələrinin, hətta ən qabaqcıl dövlətlərin yalnız səhiyyə sistemlərini imtahana çəkmir. Yadınızdadırsa, bir neçə  ay əvvəl İtaliya,İspaniya və bir çox digər Avropa  ölkələrində virusa  yoluxanların hamısını xəstəxanalar  qəbul edə bilmirdi, tibbi avadanlıq çatışmamazlığı mövcud idi,əhali təşviş icərisində yaşayırdı.Çünki, bu cür pandemiyanı heç kim gözləmirdi,bu virusla mübarizədə hazır vaksin indiyədək yoxdur,səhiyyə sisteminin imkanları isə heç bir ölkədə bu səviyyədə olan təhlükəyə  hesablanmayıb. Koronavirus pandemiyası ilə mübarizədə ÜST-nın tövsiyyə etdiyi ən vacib şərtlərdən biri karantin rejimi qaydalarına əməl olunması ilə bağlıdır. Bunun özü isə ölkələrin iqtisadiyyatını  əlavə problemlərin həlli məqsədilə  səfərbər etmək,əlavə yük  və riskləri nəzərə almaq deməkdir.Təsəvvür edin ki,dünya dövlətlərinin yarısından çoxu – 150-si həmin problemləri həll etmək, kömək almaq məqsədilə beynəlxalq maliyyə qurumlarına müraciət etməli oldu. Şübhəsiz, burada qınanılası məsələ yoxdur. Bununla belə, Azərbaycan dövləti üzləşdiyi yeni çətinlikləri heç kimə müraciət etmədən, yalnız öz daxili imkanları hesabına həll etməkdədir. Bu, cənab İlham Əliyevin rəhbərliyi altında yaradılan iqtisadi potensialın,yürüdülən iqtisadi siyasətin hesabına baş verir. Ona görə də,ən azı ədalət naminə görülən işləri dəyərləndirməyi bacarmaq lazımdır.Pandemiya dövründə,məhz bu imkanlar hesabına 760 min sahibkara maliyyə dəstəyi göstərilib. Bir neçə aydır ki, əlavə olaraq 600 min insana müavinət verilir. Böyük əksəriyyəti  faktiki işə çıxmadığı halda, dövlət sektorunda çalışan 900 min insanın əməkhaqqısı  vaxtlı-vaxtında  ödənilir. Qaçqın və məcburi köçkünlərə, şəhid ailələri  və müharibə əlillərinə müavinətlərin verilməsində, eləcə də pensiyaların ödənilməsində heç bir ləngiməyə ,gecikməyə yol verilməyib. Bütün bunlarla yanaşı, neftin qiymətinin kəskin düşməsinə, dövlət büdcəsinə gəlirlərin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq,bu aylar ərzində nəzərdə tutulmuz heç bir sosial layihə də təxirə salınmayıb. Gözlə görünən çətinliklərə baxmayaraq,dünya tarixinə həm də pandemiya ili kimi düşən 2020-ci ildə ölkəmizdə 7000-dən cox məcburi köçkün və 1500 şəhid ailəsi,müharibə əlili, ordu sıralarında qüsursuz xidmət keçmiş 400-dən çox hərbçi dövlətimiz tərəfindən pulsuz mənzillərlə təmin ediləcək. Nəzərə almalıyıq ki, bütün bunlar, indi yada salmadığımız digər sosal layihələr, infrastruktur və enerji təhlükəsizliyi layihələri ölkəmizdə təxirə salınmadan dünya iqtisadiyyatı böhranla üzləşdiyi bir şəraitdə həyata keçirilir. Azərbaycan da dünyanın bir parçasıdır. Bu proses ölkəmizdən də yan keçməyib və keçməyəcək. Bütün bunlarla yanaşı, başqa dövlətlərdən fərqli olaraq, biz faktiki müharibə vəziyyətində yaşayırıq, Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları da davam etməkdədir.

 

Yuxarıda qeyd etdiyim kimi,koronavirus pandemiyasının qarşıdakı aylarda hansı yeni problemləri ortaya çıxaracağı heç kimə, heç bir dövlətə məlum deyil. Bu səbəbdən, cənab Prezident son müşavirədəki çıxışında bildirdi ki, testlərlə bağlı labaratoriyaların sayı indiyədək 5 dəfə artırılsa da ,onların  bundan sonra  45-ə çatdırılması nəzərdə tutulur.Son bir ayın nəticələri əsas götürülərək, ölkəmizdə karantin qaydalarının nisbətən yumşaldılmasına başlanılıb.Gedişatdan asılı olaraq bu proses davam etdirilə bilər. Lakin onun dönməz olması yalnız dövlətdən deyil,həm də hər birimizin fərdi yanaşmasından asılıdır. Qoruyucu maskalardan,dezinfeksiyaedici məhlullardan mütləq istifadə etməliyik, fiziki məsafəni gözləməliyik,ictimai nəzarəti təmin etməliyik. Eyni zamanda,cənab İlham Əliyevin siyasi iradəsi hesabına dövlətimizin gördüyü  işlərə də dəyər verməliyik. Son 17 il ərzində ölkəmizin iqtisadiyyatı dayanıqlı təməllər üzərində qurulmasaydı, təbii ki, yuxarıda qeyd etdiyim və toxunmadığım bir çox layihələrin heç  az qismi də icra edilə bilməzdi.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı