Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qafqazın İsveçrəsində qıpçaq-xristian izləri” adlı veriliş efirə gedib.
İnterpress.az xəbər verir ki, verilişdə tanınmış jurnalist, tənqidçi və tədqiqatçı-yazıçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Qafqazın İsveçrəsi adlanan Dərələyəzin tarixindən, bu mahalın türk adları və izlərindən, eləcə də ermənilərin Dərələyəzə köçürülməsindən söz açır.
Süjetdə “Vay dərəsi”nin yaranması, qədim Moz şəhərinin zəlzələdən batmasından danışılır, erməni tarixinin atası Movses Xorenatsinin 9-cu əsrə aid olmasının sübuta yetirildiyi bildirilir.
Qeyd olunur ki, ermənilər bu ərazini “Vayotdzor” adlandırırlar, bu sözü “vay” sözünə “dərə” mənasını verən “dzor” sözünü artırmaqla düzəldiblər, yəni “Vay dərəsi”. Tarixi qaynaqlara görə, karvan yollarının üstündə yerləşən və orta əsrlər üçün böyük rəqəm hesab olunan 10 min nəfər əhalisi olan Moz şəhəri 735-ci ildə zəlzələ nəticəsində dağılıb, burada o qədər əhali ölüb ki, sağ qalanların ah-naləsi ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı “Vay dərəsi” kimi yaddaşlarda qalıb”.
Sonda ölkəmizdə nəşr edilən Rusiya imperiyasının Azərbaycan xanlıqlarını işğalından sonra tərtib olunmuş “Kameral təsvir” sənədlərində əks olunan maraqlı məlumatlardan danışılır, ermənilərin Qərbi Azərbaycanda yerli azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi məkri planlara aydınlıq gətirilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş mayın 7-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.