Suriya çıkmazındakı Türkiyə…
Bəli, Rusiya savaş təyyarəsi Türkiyə səmalarında vuruldu. İlk NATO ölkəsidir ki, 1950-ci ildən sonra Rusiya təyyarəsini vurur və dövlət başçısı səviyyəsində dərhal bəyan edir ki, bəli, biz vurduq. Analitiklər deyirlər ki, guya bundan sonra Rusiya- Türkiyə Gərginliyi yaranmışdır. Amma mən o fikirdə deyiləm. Gərginlik üçün minlərlə səbəb vardı. Əgər bu uçaq olayı olmasaydı belə Rusiya ilə Türkiyə qarşı- qarşıya gələcəkdilər. Rusiya Əsədin köməyinə gələrkən bilinməliydi ki, bölgəyə Türkiyənin sərgilədiyi siyasətin əleyhinə böyük bir güc gəlmişdir və bu həssaslıqla nəzərə alınmalıydı. Mənə elə gəlir ki, Türkiyə, ABŞ-ın guya “Rusiya ilə İŞİD-i birlikdə vururuq” oyununa inanaraq bu şimal ölkəsinin burada nə işi var sualına cavab aramaqda xeyli geçikdi. Rusiya əvvəldən bəyan etmişdi ki, Əsədi müdafiəyə gəlir və ona qarşı olan bütün qüvvələri buradan çıxarmaqla mükəlləfdir. Suriyanın gələcək taleyində Türkiyənin söz sahibi olmaması üçün buraya gələr- gəlməz türkmənləri hədəf aldı. Rusiya liderinin G-20 Zirvəsində “İŞİD-ə yardım edən G-20-li öklə var” derkən sizcə kimi nəzərdə tuturdu? Əlbəttə Türkiyəni. Bunu Türkiyədə yazanlar oldu. Amma diqqətə alan olmadı. Və Türkiyəyə qarşı siyasətində bu uçaq “provakosyonunu”nun işə salınacağı gözlənilən idi. Mən buna inanıram ki, Rusiya Türkiyəni qıcıqlandırmaq üçün türkmənləri hədəf seçmişdi və təyyarənin vurulması da təsadüfi hadisə deyildir. .
Baxın, olaya münasibət bildirərkən B.Obama nə deyir: “ Hər bir ölkənin öz təhlükəsizliyini qorumaq haqqı var”. Gəlişigözəl sözlərdir. Nə üçün dostunu, NATO ortağının açıq müdafiə etmir? Bir soruşan varmı ? NATO üzvü olan bir lider ölkə başqa bir müttəfiqinin haqlı hərəkətini açıq müdafiə etmək əvəzinə, belə qeyri-müəyyən danışması da Amerikanın Türkiyəni Rusiya ilə qarşı- qarşıya qoyacağına işarədir. ABŞ Türkiyəni Rusiya ilə müharibəyə göndərir! Münaqişənin başından özünü heç cür olayların, Suriya çıkmazının, od-alovun içinə atmaq istəməyən bir ölkə məcburən bu savaşın tərəflərindən birinə çevrilməkdədir. Bu belə bilinməlidir və bunun baiskarı isə Amerikadır. Başından bəri Türkiyənin heç bir təklifinə müsbət yanaşmadı. Uçuşa yasaq bölgə istəyirdi Türkiyə, nədən buna gedilmədi. Bax bunun üçün! Baxın , digər NATO ölkələrini də səssizlik bürüyüb. Deyək ki, Amerika İraq biabırçılığından sonra kimləsə açıq savaşa girmək fikrindən uzaqdır. Belə qəbul edək . Örnək olaraq Gürcüstanın arxasında durmadığını göstərə bilərik, Ukraynanın Krım bölgəsi işğal ediləndə də Amerikanın “tərəfsizliyinin” şahidiyik. İndi Ukraynanı əjdaha ilə üz-üzə qoyub. Rusya isə Amerikanın “dəstəyi” ilə hədəf olaraq seçdiyi bütün yerlərə qərarlı şəkildə girməkdə davam edir. Bu olaydan sonra Rusiyada türkiyə ilə bağlı bütün məsələlərə embarqo qoyulması və Kremldə sərt üslubla Türkiyəyə yüklənməsi göstərir ki, gərginlik əsgəri gərginlikdir…
Unutmayaq ki, Rusiya ilə Türkiyə arasında son əsrlərdə olan bütün savaşlar Rusiyanın qələbəsi ilə başa çatmışdır. Rusya artıq hazırlığını da görmüşdür. Həm diplaomatik, həm də hərbi… Türkiyənin sərhədlərindədir, həm Şimalda, həm də cənubda Rusiyanın İran və Ermənistan kimi müttəfiqləri, bu ölkələrdə bazaları var. İki gün əvvəl S-330-lərlə bağlı son qərar- onların İrana verilməsi də, Ermənistanda, Gümrüdəki Rusiyanın ən böyük hava qüvvələrinin- 102 saylı hava bazasının dərhal hazır vəziyyətə gətirilməsi də göstərir ki, məsələ çox ciddidir…
… müharibə qapıdadır.