Beş gündə 5 ölü, 5 yaralı…backend

Beş gündə 5 ölü, 5 yaralı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazın öldürdüyü insanların ailələrinə nə kompensasiya verilir, nə də onlardan üzr istəyən var
Noyabrın 27-də Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dəm qazından boğularaq dünyasını dəyişib. Həyat yoldaşı isə koma vəziyyətindən çıxıb. Noyabrın 29-da Qobu qəsəbəsində yaşayan Yusif Babazadə və qardaşı Fərid evlərində dəm qazından zəhərlənərək öldükləri bildirilir. Noyabrın 30-da Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində yerləşən kafedə məişətdə istifadə edilən qaz balonunun sızması ilə yanğına keçən partlayış baş verib. Nəticədə kafedə işləyən Bakı şəhər sakini Əsli Qasımova hadisə yerində ölüb, Tərlan Nağıyev, İsgəndər Əlişov, qızı Vüsalə, Zaqatala rayon sakini Elnarə Kərimova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dekabrın 1-i səhərini də Bakı Dövlət Universiteti Geologiya fakültəsinin 3-cü kurs tələbəsi, 20 yaşlı İlahə Abuzərovanın Xətai rayonu Şıxlınski küçəsində yerləşən mənzildə dəm qazından boğulduğu xəbəri ilə açdıq. Onun da həyatını xilas etmək mümkün olmayıb. Bu noyabrın 27-dən dekabrın 1-nə qədər olan məlumatların xronikasıdır. Beş günə 5 ölü, 5 yaralı, günə bir ölüm düşür. Belə getsə üç həftəyə bu rəqəm Azadlıq prospektindəki yanğında faciəli şəkildə ölənlərin sayına bərabər olacaq. Qış fəslinə keçəndən onsuz da \”qaz qətliamı\” statistikasını tamamlamışıq. Vəziyyət getdikcə ciddi şəkil almağa bağlayır. Amma qazın öldürdüyü insanların ailələrinə nə kompensasiya verilir, nə də onlardan üzr istəyən var, sanki təsadüfən yıxılıb dünyalarını dəyişiblər.

Yataqda əsasən metan, müəyyən nisbətdə etan qarışığı, butan, karbon qazı və azotdan ibarət təbii qazın havaya olan təqribi sıxlığı 0,60-0,65-dir. Neftlə birlikdə çıxan səmt qazı və ya neftli qazda isə digər qatışıqların bolluğu onun sıxlığını təbii qaza nisbətdə 10-20% artıq edir. Sınanmış təcrübəyə görə qaz ehtiyatları hesablanarkən onun miqdarını neftə olan nisbətlə müəyyən edirlər. Karbohidrogenli təbii qaz məişətdə, həm də sənayedə istifadə olunur və ondan müxtəlif təyinatlı məmulatlar alınır. Bütün bu hallarda qaz ilkin olaraq emal mərhələsindən keçməlidir. Hətta qazdan yanacaq kimi istifadə edildikdə belə onu magistral qaz kəmərinə buraxmadan əvvəl qurudur və təmizləyirlər. Karbohidrogenli təbii qaz metan, kükürd qazı və çox da böyük olmayan ağır karbohidrogenlər helium, arqon və digər kimyəvi tərkiblərlə yanaşı həm də, su buxarının daşıyıcısıdır. Adları çəkilən qarışıqlardan kükürd qazı və su buxarı isə təbii qazdan birbaşa istifadə olunmasında daha zərərli sayılır. Kükürd qazı həm də kəskin xoşagəlməz iyi, zəhərli olması ilə fərqlənir və ötürücü metal boruları tezliklə korroziyaya uğradıb sıradan çıxmasına səbəb olur. Su buxarı isə kiçik temperaturlarda kristal karbonatlara çevrilərək borunun qaz buraxılışını məhdudlaşdırır. Buna görə də qazı magistral kəmərlərə ötürməzdən qabaq, onu bu qarışıqlardan təmizləmək zərurəti yaranır. Sənayedə qazın təmizlənməsi mexaniki, elektrik və fiziki kimyəvi üsullarla aparılır. Mexaniki və elektrik qaztəmizləmə üsulları qazı bərk və maye, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçün tətbiq olunur. Qazdan yanacaq kimi istifadə ediləcəyi təqdirdə çox zaman texnoloji tələblərə uyğun olaraq, onun tam qurudulmasına ehtiyac qalmır. Bu zaman onu qismən su buxarından təmizləyirlər ki, kəmərlərdə qaz axınının məhdudlaşması baş verməsin. Qazı əvvəlcə qurudaraq zərərli qarışıqlar, azot oksidləri, qazların kimyəvi emalına mane olan katalitik zəhərlər, korroziya törədən su buxarı və bəzi karbohidrogenlərdən təmizləyirlər.
Əksər hallarda boğulmanın səbəbi kimi dəm qazının tüstü bacasından bayıra deyil, içəri qayıtmağı göstərilir. Karbon monoksid iysiz, rəngsiz, dadsızdır, rahatsızedici deyil və asanlıqla hava ilə qarışıb sərbəst paylanır, ona görə ona \”səssiz qatil\” deyilir. Bu kimyəvi birləşmə ilə boğulma riski yüksəkdir. Deyilənlərin əksinə təbii qaz insan üçün zəhərləyici deyil. Təbii qazın havadan yüngül olması nəticəsində tənəffüs ciyərlərdə incə bir film təbəqəsi meydana gətirib alveol səthlərini örtür və havayla təması kəsir. Nəfəs alıb vermə davam etsə də, oksigen ciyərlər tərəfindən əmilmir və beyindəki oksigen miqdarının azalması nəticəsində əvvəl baş gicəllənməsi və huşunu itirmə, sonra da ölüm reallaşar. İctimaiyyətdə təbii qaz zəhərlənməsi olaraq qələmə verilən hadisələr əslində boğulmadır. Bu zaman görmə və eşitmə qabiliyyəti zəifləyir, baş gicəllənməsi yaranır, qurban bunun sadə bir yorğunluq və ya nasazlıq olduğunu düşünüb uzanarsa ölümə gətirib çıxarır. İnsan təbii qazın təsirinə məruz qalıbsa dərhal təmiz havaya çıxarılmalı, arxası üstə yerə yatırdılıb 45 dərəcə yana çevrilərək dərin nəfəsalma ilə ciyərin içindəki qazın çölə çıxarılması təmin olunmalıdır. Qaz avadanlıqları, ventilyasiya sisteminə nəzarət, mütəmadi olaraq onları yoxlamaq və mənzilin havasını dəyişmək faciəni önləyə bilər. \”Bizim Yol\” qəzeti xarici mətbuatı araşdırıb. Rus və türk saytlarında dəm qazından ölüm halları bizdəki qədər \”populyar\” deyil, nadir hallarda rast gəlinir və onlar bunu faciə kimi qəbul edirlər, günlərlə medianın qələmindən düşmür. Xarici mətbuatda isə belə xəbərlərə rast gələcəyinizə ümid etməyin, çünki onlar əsasən mərkəzi isitmə sistemindən istifadə edirlər. Bu, sadəcə Azərbaycanın problemidir və artıq belə faciələrə o qədər alışmışıq ki, sıradan bir məlumat kimi oxuyuruq. Bir hadisə isə növbəti gün unudulur, çünki hər dəfə yeni faciələr onları arxa plana atır. Akademikin ölümü gündəmdə bir gündən artıq qalmadı, yerini qardaşların, sonra bir kafedəki insanların, ən axırda da tələbə gəncin faciəsinə verdi. Dünyada \”qazdan ölənlər\”, deyə bir statistika aparılmır, bizdə isə görünür yeni statistika növü yaranır. Statistika – müəyyən sahələrdə kəmiyyət dəyişikliklərini öyrənən və əldə edilən məlumatı (rəqəmləri) elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla məşğul olan elmdir. Bizdə də bu sahədə kəmiyyət durmadan artdığına görə belə bir statistika formalaşmağa məhkumdur.

Azərbaycanda \”Qaz təchizatı haqqında\” Qanuna görə qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq tələblərə cavab verməlidir. Həmin qurğular qazın atmosferə buraxılmaması, onun təzyiqi, temperaturu, tərkibi və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər və podratçılar icra hakimiyyəti orqanının qərarlarına əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün tələb olunan bütün tədbirləri görməlidirlər. İstehlakçı qurğuları yalnız qaz ekspertləri və qaz paylayıcısının mütəxəssisləri tərəfindən yoxlanılmaqla sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra hər hansı qaz kəmərlərinə qoşula bilər. Qanunun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. İcra hakimiyyəti orqanı qaz qurğuları və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya tədbirlərin həyata keçirilməsini təmin etməlidir. İcra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Amma kimsə özünə əziyyət verib, harasa gedib nəsə eləmir, beləliklə də üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Bunun üçün onları məsuliyyətə cəlb edən də yoxdur.

Təbii qazın satışını həyata keçirən paylayıcı qurum \”Azəriqaz\”dan bildirirlər ki, ölkədə istehlakçılara verilən qazla xarici ölkələrə ixrac olunan eyni tərkiblidir və onlar indiyədək keyfiyyətlə bağlı narazılıq etməyiblər. İddia edilir ki, qaz Azərbaycan Dövlət Neft Şirkətinin müəssisələrində təmizlənir və standartlara uyğun satılır. Qazdan gələn iylə bağlı qurumun müvafiq qaz paylayıcı stansiyalarda məhsula vacib olan odorant deyilən kimyəvi maddənin norma əsasında əlavə olunduğu deyilir. Bildirilir ki, bu maddə Sovet dövründə də qaza əlavə edilib, əks halda təbii qaz borularında sızmaların aşkar edilməsi mümkün olmaz. Qurumdan mənzillərdə dəm qazının yaranma səbəblərinə münasibətdə bildirilib ki, dəm qazı yanacağın natamam yanma prosesindən əmələ gəlir, bunun qazın tərkibi ilə bağlılığı yoxdur. 1 kub/metr metan qazının yanması üçün otaqda təxminən 9.5 kub/metr təmiz havanın olması vacibdir. Buna əməl olunmursa, qaz qurğusuna görə, ölçüləri kiçik məkanlara hava daxil olmadığı halda qazda natamam yanma prosesi gedəcək və nəticədə dəm qazının əmələ gəlmə riski yaranacaq. Qurum rəsmiləri məsuliyyətdən yaxa qurtarmaq üçün əhalini standartlara cavab verməyən avadanlıqlardan istifadə etməkdə və vaxtlı-vaxtında tüstü bacalarını təmizləməməkdə suçlayır. Bəs o avadanlıqların ölkəyə daxil olmasına kim izin verir, kim onlara sertifikat paylayıb, satışına şərait yaradır? Bu problem həyat sığortasının vacibliyi məsələsini gündəmə gətirir. O zaman ödəniş etməkdə maraqlı olmayan sığorta şirkətləri \”Azəriqaz\”a yerini göstərər, öhdəliklərini xatırladar.

Bundan əlavə, Azərbaycan qlobal istiləşmənin qarşısını almaq məqsədilə tərtib olunan Kyoto protokoluna imza atıb və qlobal istiləşmə ilə mübarizə baxımından qarşısına müəyyən öhdəliklər götürüb. 1997-ci ildə Yaponiyanın Kyoto şəhərində imzalanan Kyoto protokolu ölkələrin üzərinə ətraf mühitə atılan qazın həcmini azaltmaq və ya stabilləşdirmək, eyni zamanda alternativ enerji mənbələrindən istifadə öhdəliyi qoyur. Azərbaycan sənədə 2000-ci ildə qoşulub, bundan dörd il sonra Prezident alternativ enerji mənbələrinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Bununla əlaqədar ancaq dövlət proqramı hazırlanıb, konkret addımlar isə atılmayıb.

H.HƏMİDOVA
İnterpress.az