Bir neçə gündür ölkənin bütün ictimai-siyasi arenasında əsas müzakirə mövzusu son Nardaran hadisəsidir. Artıq məsələyə bir sıra aidiyyəti qurumlar, siyasi və ictimai şəxslər münasibətlərini açıqlayıblar. Mən də, bizi bu hadisələrə gətirib çıxaran proseslərə bu yazıda ilahiyyatçı gözü ilə baxmağa və başlığa çıxardığım sualın cavabını müstəqilliyindən bəri ölkəmizin din sahəsində qət etdiyi yollarda, keçdiyi mərhələlərdə axtarmağa çalışacağam. 70 il ateizmin hökm sürdüyü Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından sonra insanlarımıza dini xidmət göstərilməsi istiqamətində ölkəmizə xaricdən addımlar atıldı. Ehtimal ki, ilk addımlar İran qaynaqlı idi. Türkiyədən atılan ilk addımı bu ölkənin bilavasitə baş nazirliyinə tabe olan Dini İşlər İdarəsi (Diyanət İşləri Başqanlığı) və bu idarənin nəzdində fəaliyyət göstərən fond (Türkiyə Diyanət Vəqfi) atmışdı. İş bu çərçivə ilə də məhdud qalmadı və Türkiyədən bəzi camaat və cərəyanlar da gecikmədən ölkəmizlə maraqlanmağa başladılar. Bunların başında da Türkiyənin yuxarıda adları çəkilən iki dövlət qurumu ilə düşüncə birliyi içərisində hərəkət edən Əziz Mahmud Hüdayi Vəqfi gəlirdi. Bu vəqf, Bakıda “Gəncliyə Yardım Fondu” adıyla fəaliyyət göstərir. Bundan başqa Nurçular və Süleymançılar da qeyd edilməlidir. Nurçu qruplardan Gülən camaatı digər cərəyanlardan fərqli olaraq Türkiyədə olduğu kimi Azərbaycanda da əsasən təhsil sahəsinə girişdi. Fəthullah Gülənə bağlı kadrları daha çox bu sahədə gördük.
Ümumiyyətlə Gülən camaatının məktəb (lisey), yataqxana, universitet, hazırlıq kursu kimi təhsil fəaliyyətləri ilə yanaşı telekanal və qəzetləri də mövcuddur. Bu cərəyanın Türkiyədə və Azərbaycanda hazırkı vəziyyətinin necə olduğu isə hər iki ölkə ictimaiyyətinə məlumdur. Səudiyyə Ərəbistanı mənşəli Vəhhabilik cərəyanı da müstəqillikdən sonra xaricdən atılmış bir addım kimi Azərbaycanda, xüsusilə də Bakıda və Sumqayıtda özünə yer tapdı. Bu arada xristian missionerlər, o cümlədən Yehova şahidləri də özəlliklə Bakıda xristianlığın təbliğatına çoxdan başlamış, din mövzusunda məlumatı olmayan gəncləri təsir altına salmaq üçün qızğın fəaliyyətə girişmişdilər.
Şübhəsiz bu duruma, müstəqilliyini yeni əldə etmiş dövlətimizin bir tərəfdən quruluş sancıları keçirməsi, digər tərəfdən də başının Ermənistanın təcavüzünü dəf etməyə qarışması kimi problemlərin də təsiri böyükdü. Kifayət qədər kadrı və imkanı olmayan Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) də belə bir nəzarəti həyata keçirməsini gözləmək olmazdı. Daha sonrakı illərdə təsis edilmiş (2001) dövlət qurumu olan və bütün dinlərlə bağlı fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də (DQİDK) bu işlərlə maraqlanacaq nə kadrı, nə də təcrübəsi vardı. Zənnimcə dövlət, bu nəzarətsiz vəziyyətin bəzi problemlər doğuracağını nəzərə almaqda gecikdi. Yeri gəlmişkən deyim ki, DQİDK-nın qurulmasıyla Azərbaycanda din sahəsində iki başlı idarəolunmanın əsası qoyulub. Məncə bu da bir problemdir. Məsələn, məscidlərin açılışına izin vermə və lazım gələrsə bağlama səlahiyyətinə DQİDK, məscidlərə imam və axundların təyin edilməsi səlahiyyətinə isə QMİ sahibdir.
Üstəlik, DQİDK-nın sədrliyinə ilahiyyatçı-dinşünas mütəxəssislər yox, ixtisasça filoloq, politoloq, tarixçi və eyni zamanda aktiv siyasətlə məşğul olmuş kadrlar təyin edilir. Bu barədə təkcə qurumun ilk sədri (2001-2006) dinşünas Rafiq Əliyevdir ki, o dönəmdə müxtəlif təriqətlər məhz onun xeyir-duası ilə Azərbaycana yerləşdi,xüsusi ilə vəhabilik. Dinin dövlətdən ayrı olduğu bir ölkədə dini işləri qeyri-ixtisas sahiblərinə həvalə etmək doğru olmadığı kimi, siyasətçilərin ixtiyarına buraxmaq da düzgün deyil, hətta mən deyərdim ki, dinin siyasiləşdirilməsinin başqa bir formasıdır. Ona görə də belə bir vəziyyətdə ölkədə din adı altında fəaliyyət göstərən ayrı-ayrı radikal qrupların dini siyasiləşdirməyə cəhd etmələrindən şikayət etmək doğru olmaz. Dönüb özümüzə baxmaq daha doğru olardı…
Burada onu da qeyd edək ki, dövlətimiz din sahəsində xarici ölkələrdən daha çox Türkiyəyə, xüsusilə də qardaş ölkənin dövlət qurumları olan Diyanət İşləri Başqanlığına və Diyanət Vəqfinə ilk gündən etibar edib, etməyə də davam edir. Bu etibar da şübhəsiz ki, qardaşlığımızdan irəli gəlir. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin açılmasında (1992) bu qurumların birbaşa rol oynamasının səbəbi də məhz həmin etibardır. Bu barədə çox danışmaq olar, ancaq mövzumuz bu deyil. Mövzumuza geri dönərək deməliyik ki, ateizm məngənəsindən yeni xilas olmuş millətimizin sözügedən fəaliyyətlər qarşısında şübhəsiz bəzi şeyləri yad hesab edəcəyi aydın idi. İnsanlarımıza dinin böyük bir diqqət və dəqiqliklə izah edilməsi vacibdi. Ancaq yuxarıdakı fəaliyyətlərə müxtəlif yönlərdən baxdığımız zaman bu mövzunun qeyd etdiyim şəkildə götür-qoy edildiyini söyləmək qeyri-mümkündü. Görünür, bu vəziyyət zaman keçdikcə hökumətimizi narahat etdi. Hətta hökumət, zərərsiz şeylərdən belə narahat olmağa başladı. Birdən-birə “Ölkədə nə baş verir?” deməyə başlayan hökumət, hadisələrə reaksiya verərək “Din mövzusunda hər gələn bir şey deyirsə, bu mövzuda mənim söyləyəcəyim heç nə yoxdurmu?” deyincə, dinin siyasiləşdirilməsi ilə heç bir ziyanı olmayan əzan səsi arasındakı fərqi yanlış qiymətləndirmə yolunu tutdu.
Bunun nəticəsidir ki, bu gün Azərbaycanda din və dindarlar mövzusunda qarışıq fikirlərin ortaya çıxdığı görülür. Dövlət və siyasət adamlarının ifadələrində, həmçinin müxtəlif mətbuat orqanlarında dinbazlıqla dindarlıq eyniləşdirilir, din pərdəsinə bürünmüş, din adı altında gizlənərək radikal hərəkətlərə yol verən dinbazlar dindar adıyla təqdim edilir. Ola bilsin ki, bu qarışıqlığa dini məlumatsızlıq səbəbilə bilmədən yol verilir. Ancaq səbəb bu olsa belə bu durumun səmimi və əsl dindarlara ağır təsir etdiyi başa düşülməlidir.
Bir çox qəzet və saytların Nardarandakı son hadisəni “polislərlə dindarlar arasında qarşıdurma” şəklində təqdim etməsi də bu mövzudakı şüursuzluğun jurnalistlər arasında zirvədə olmasından xəbər verir. Hətta bu vəziyyətin dinə qarşı olan çevrələrin işlərinə yaradığını söyləmək də mümkündür. DQİDK-nın da bu çevrələrin təsiri altında qala biləcəyini düşünmək təəccüblü gəlməməlidir. Müxtəlif xarici qaynaqlardan Azərbaycana cəlb edilən dini xidmətlər mövzusunda dövlətimizin tədbir görməsi əlbəttə zəruridir. Ancaq ölkəmizdə dini xidmətlər və dini maarifləndirmə mövzusunda dövlətin ciddi bir addım atmadığını, bu günə qədər yaşanan bu gecikmənin dünyada baş verən hadisələri bir müddət yaxından izləməyə ehtiyacı olan gənc bir respublika üçün başa düşülən olduğunu, bu gün isə daha artıq gecikmədən bu ehtiyacın gündəmə gətirilməsinin zəruriliyini də söyləməliyik. Əgər bu gün din və dini maarifləndirmə mövzusunda ciddi addım atılmazsa, sabah Nurçulardan, Vəhhabilərdən və ya İran qaynaqlı qruplardan şikayət etməyə haqqımız olmaz!
Çünki din mövzusu buraxılan boşluğa dözümü olmayan bir mövzudur. Bu səbəbdən bu mövzuda bir qisim şeylərə məhdudiyyət qoyarkən millətə qarşı məsuliyyətin yerinə yetirilməsi də vacibdir. Artıq ölkəmizdə dini maarifləndirmənin çətin bir mərhələyə daxil olduğunu söyləmək mümkündür. Çünki hazırkı dini vəziyyət qarşısında -xüsusilə də Nardaran hadisəsindən sonra- səlahiyyətli şəxslərin həssaslıq göstərməsi və bəzi tədbirlərə əl atması düzgün olsa da, düşünürəm ki, ölkədəki bəzi çevrələr dindarlığın artmasından ciddi narahatdırlar. Dinin siyasiləşdirilməsi əlbəttə düzgün deyil. Şəxsən mən də bir ilahiyyatçı kimi din adamlarının siyasətə müdaxilə etməsinin ələyhinəyəm. Ancaq iş o həddə çatıb ki, dünən dinin siyasiləşdirilməsi cəhdlərini bəhanə edib “din adamları öz ibadətləri ilə məşğul olmalıdır” deyərək inananların məbədlərə həbs edilməsini arzulayanlar, Nardaran hadisəsindən sonra isə daha da irəli gedib “ibadət edən insan qapısını bağlayıb ibadətini evində etməlidir” deyərək bu dəfə də inananların ümumiyyətlə cəmiyyətdən təcrid edilməsini istəyirlər. Çox təəssüf ki, bu cür düşünənlər dinin ictimai bir hadisə və cəmiyyət məsələsi olduğunu bilmədiklərinə görə “din dövlətdən ayrıdır” prinsipini də düzgün dərk edə bilmirlər. Halbuki bu prinsip, dinin cəmiyyətdən kənarlaşdırılması mənası daşımır, sadəcə olaraq dünyəviliyin tələbi kimi din və dövlət işlərinin bir-birindən ayrı olduğu anlamına gəlir. Yəni dövlətin din anlayışının çərçivəsini müəyyən edir.
Bəli, Azərbaycan dünyəvi dövlətdir. Ancaq dünyəvilik (sekulyarizm) sadəcə din və dövlət işlərinin bir-birindən ayrılması da demək deyil. Dünyəvilik eyni zamanda bütün vətəndaşların vicdan, ibadət və din azadlığı deməkdir. Təəssüf ki, dünyəvilik anlayışının özəyində duran liberal münasibəti bu cür radikal çıxışlarda görmək mümkün deyil. Buna görə də inananları (dindarları) məbədlərə və ya evlərinə həbs etməkdən danışmaq din və vicdan azadlığını yox saymaqdır. Şübhəsiz bu düşüncə, radikalizmin başqa bir növüdür və din azadlığını təmin edən konstitusiyamıza da ziddir. Ona görə də biz, Nardaran hadisələrinin dinbazların əliylə törədildiyini düşünərkən, ümid edək ki, bu hadisələrdə ölkədə dindarlığın artmasından narahat olan çevrələrin də barmağı olmasın. Çünki bu çevrələr, heç şübhəsiz dinbazları dindar kimi göstərərək səmimi və əsl dindarlığa zərbə vurmaqda maraqlıdırlar və maraqlarının təmin olunması üçün istənilən yola əl atmaqdan da çəkinməzlər…
Məncə ehtiyac duyulan ən önəmli tədbir, şiə və sünni təəssübü çəkmədən hər növ xürafatdan uzaq və məzhəblər üstü bir anlayışla müqəddəs İslam dininin insanlarımıza və xüsusilə gənclərimizə öyrədilməsidir. Azərbaycanın dünyəvi bir ölkə olması etibarilə icbari dini tərbiyədən danışmaq mümkün olmasa da, könüllü dini tərbiyəyə bütün məktəblərdə yer verilməli, bundan başqa dinlərin və əsas (ənənəvi) məzhəblərin tanıdıldığı dini biliklər dərsi də icbari dərs kimi bütün məktəblərdə tədris edilməlidir. Çünki böyüyən hər gəncin, ölkəmizin suyunu və torpağını öyrənməyə ehtiyacı olduğu qədər, içində yaşadığı cəmiyyətin inandığı etiqadı və yaşadığı dini bilməyə də ehtiyacı var. Bu da bütün səmavi dinlərin və əsas (ənənəvi) məzhəblərin (şiəlik və sünniliyin) düzgün öyrədilməsi ilə mümkündür. Nəticə etibarı ilə başlıqdakı sualımıza cavab olaraq deyə bilərik ki, biz bu nöqtəyə bu günə qədər ölkəmizdə dini xidmətlərin və dini maarifləndirmənin diqqətsiz və məsuliyyətsiz şəkildə həyata keçirilməsiylə gəldik. Ümid edək ki, bu təcrübələrdən sonra dini xidmətlər və dini maarifləndirmə fəaliyyətləri daha səmimi bir məsuliyyət şüuruyla və hər cür radikalizmdən uzaq bir anlayışla həyata keçiriləcək, bu mərhələdə hökumətimiz və aidiyyəti qurumlar, xüsusilə də DQİDK və QMİ doğrunu yanlışdan daha asan ayırma istiqamətində öz təcrübələrini artıracaqlar.
Mövla görək nə edəcək? Nə edəcəksə gözəl edəcək. Ümid edirik ki, bulanıq sular ən qısa zamanda durulacaq, əqli-səlim üstün gələcək.