Dövlət Dumasının sədr müavini: “Türkiyə ilə münasibətlərin korlanması Azərbaycanla əlaqələrimizə təsir edə bilməz”backend

Dövlət Dumasının sədr müavini: “Türkiyə ilə münasibətlərin korlanması Azərbaycanla əlaqələrimizə təsir edə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini, “Ədalətli Rusiya” fraksiyasının deputatı Nikolay Leviçev deyib. O, Azərbaycanı çox sevdiyini söyləyib: “Hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin korlanması heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz. İki ölkə arasında çoxəsrlik dostluq və qonşuluq münasibətləri digər qonşu dövlətlərə nümunədir. Bu gün bütün sahələrdə Rusiya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Hesab edirəm ki, artıq Avrasiya İqtisadi Birliyi çərçivəsində Azərbaycanla sənədləşmə işləri aparıla bilər. Ola bilsin ki, yaxın gələcəkdə Azərbaycanın bu təşkilata üzvlük məsələsi gündəmə gəlsin”.

N. Leviçev Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır” bəyanatına da münasibət bildirib: “Rusiya Azərbaycan prezidentinin Türkiyə ilə münasibətlərin normallaşmasında vasitəçilik təklifini müsbət qiymətləndirir. Lakin biz hər zaman qeyd edirik ki, raket Türkiyə tərəfində olub və orada da qalıb. Nə qədər ki, Türkiyə tərəfindən müəyyən addımlar atılmayıb və ya bəyanatlar verilməyib, münasibətlərin normallaşması çətin olacaq. Azərbaycan prezidenti İlham Əliyevin təklifi bizim üçün çox dəyərlidir. Lakin Türkiyə tərəfindən müəyyən addımların atılmasını gözləyirik. Hələlik Ankaranın belə bir arzusunun olduğunu görməmişik”.

Rusiya Dövlət Dumasının sədr müavini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən və bu prosesdə Rusiyanın tutduğu mövqedən də danışıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın xarici siyasətinin prioritet istiqamətlərinə daxildir: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə nizamlanması ilə aktiv məşğul olur. Rusiya həm Minsk Qrupu formatında, həm də Azərbaycan və Ermənistanla ikitərəfli formatda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak edir. Münaqişənin həllinin daha çox Moskvadan asılı olması fikri yanlışdır. Çünki bu, sadə problem deyil. Rusiya mikroskopik addımlarla olsa belə, bu münaqişəni həll etmək istəyir. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı hansısa tələsik bəyanatlar vermək prosesin özünə ziyan verər”.(apa)

Interpress.az