Azərbaycanda gələn ildən uşaqlara yeni peyvənd vurulacaqbackend

Azərbaycanda gələn ildən uşaqlara yeni peyvənd vurulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, Azərbaycanın milli peyvənd təqviminə inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin əlavə edilməsi nəzərdə tutulur. Bu vaksin 6 ayı tamam olan uşaqlara bir dozada vurulacaq. Bu ilin sonunadək vaksinin Azərbaycana gətirilməsi, gələn ilin ilk aylarında vaksinin peyvənd təqviminə daxil edilməsi nəzərdə tutulur.

Hazırda uşaqlara 2, 3 və 4 aylıqda vurulan poliomielitə qarşı peyvəndə gəldikdə, A.Əliyeva deyib ki, bu, oral (damçı) poliomielit vaksinidir və onun istifadəsi davam edəcək: “Amma 3 valentli oral poliomielit vaksinindən gələn ilin aprel ayında iki valentli vaksinə keçid olacaq. Həmin oral poliomielit vaksinin də aparılması davam etdiriləcək. Uşaqlara bununla yanaşı, bir doza inaktivləşdirilmiş poliomielit vaksini də vurulacaq. Bu, dünyada poliomielitin qlobal ləğvi ilə əlaqədar tədricən oral poliomielit vaksininin istifadəsinin tam dayandırılması ilə əlaqədardır. Yəni, 3 valentli vaksindən 2 valentli vaksinə keçid olacaq. 2018-ci ildən sonra ola bilər ki, damçı oral poliomielit vaksinlər tamamilə yığışdırılsın və tamamilə inaktivləşdirilmiş poliomielit vaksininə, yəni inyeksiya vasitəsilə vurulan vaksinə keçid olsun”.

A.Əliyeva əlavə edib ki, Azərbaycanda 1996-cı ildən sonra poliomielit xəstəliyi qeydə alınmır. 2002-ci ildə Azərbaycan poliomielitdən azad statuslu region adını alıb: “Ətraf mühitdə vəhşi poliovirus yoxdur. Oral poliomielit vaksini vəhşi poliovirusun ləğvinə yönəldilmiş bir vaksindir. Bütün dünyada 1999-cu ildən 2-ci tip poliovirus qeydə alınmır. Hazırda Əfqanıstan və Pakistanda bu virus var. Həmin ölkələrdə də bu virus tam ləğv olunduqdan sonra bütün dünya poliomielitin qlobal ləğvi haqqında danışacaq. Ondan sonra bu oral poliomielit vaksininin istifadəsinə ehtiyac qalmayacaq. Lakin virusun tam ləğvindən sonra da uşaqların polioviruslardan qorunması üçün inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin tətbiq ediləcək”.(trend)

Interpress.az