Hadisə şahidlərinin verdiyi açıqlamada bəlli olur ki, rəhbərlik istəsəydi bu təlafatsız ötüşə bilərdi. İnterpress.az-a açıqlama verən vəkil Müzəffər Baxış “Günəşli” platformasındakı yanğının səbəkarı kimi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevi qınadı: “Əgər ciddi araşdırma aparılsa ARDNŞ prezidenti Rövnəq Abdullayev ən azından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3 –cü maddəsi ilə ittiham etmək olar. Çünki neft şirkətinə o rəhbərlik edir. Onun etinasız hərəkətləri nəticəsində bu qədər insan tələfatı baş verib”.
Müzəffər Baxış ölkəmizi matəmə bürüyən fəlakətin səbəblərinin düzgün araşdırılacağına da əmin deyil: “ARDNŞ prezidentini bir maddə ilə deyil, bir-neçə maddə ilə ittiham etmək mükündür. Amma bunun olacağına inanmıram. Əslində bu adamı dövlət əmlakının mənimsənilməsində də ittiham etmək lazımdır. Çünki yanan platformadakı estakadaların təmirinə ayrılan pullar göyə sovrulub. Estakadalarda təmir getmədiyindən təbii fəlakətə tab gətirə bilmədi. Dövlət büdcəsindən bu kimi təmir işlərinə küllü miqdarda vəsait ayrılır. Lakin bunu rəhbərlik vasitəsilə kimlərsə mənimsəyir.
Rövnəq Abdulayevi vəzifəsindən sui-istifadəyə görə (308.2), eyni zamanda vəzifə saxtakarlığı (313), lazimi əmək şəraitinin yaradılmaması (162) cinayət məsuliyyətinə cəlb etmək olar. Amma inanmıram ki, bu günki reallığda Rövnəq Abdullayevi cinayət məsuliyyətinə cəlb edib, cəzalandırsınlar. Kimsə fikirlərimlə razı deyilsə, o zaman çıxarıb “Günəşli” platformasındakı 10 saylı neft yatağının təmirinə büdcədən ayrılan vəsaitin sənədlərini göstərsin”.
Abuzər Azəroğlu