Bu sözləri MTN-in keçmiş zabiti, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu keçmiş milli təhlükəsizlik nazirinin formalaşdırdığı mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsinin səbəbləri barədə danışarkən deyib.
“Azadlıq” radiosuna müsahibəsində ekspert bildirib ki, o, Eldar Mahmudovun hətta müəyyən siyasi iddialarının baş qaldırdığını da düşünür. “Hər halda, bir çox nazirliklərin, dövlət qurumlarının nəzarətə götürülməsində, digər tərəfdən siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılmasında Eldar Mahmudovun dəstəsinin müstəsna xidmətləri olmuşdu. Faktiki, şərləyib tutan onlar idi. Bu gün görünür ki, bu adamlar özləri dövlətin əleyhinə işləyiblər, ölkənin təhlükəsizliyinə, milli maraqlarına ağır zərbə vurublar. Sual olunur ki, bunu öz təşəbbüsləri ilə ediblər? Şəxsən mən düşünürəm ki, dövlətə qarşı ən böyük casusluğu həyata keçirənlər Eldar Mahmudov və onun dəstəsi olub”-Ə.Oruclu bildirib.
Keçmiş MTN zabitinin fikrincə Eldar Mahmudovun həbsi istintaqın gedişindən asılıdır. Əgər istintaqın gedişatında bəlli olsa ki, həbs olunan MTN-çilərdən ibarət dəstənin rəhbəri Eldar Mahmudov olub, o, həbs olunacaq: “Bu dəstənin rəhbərinin məhz Mahmudov olduğuna mənim şübhəm yoxdur. Hər halda o, həbs olunmalıdır, qanun belə tələb edir. Başqa bir tərəfdən, əgər dövlətin təhlükəsizliyinə məsuliyyət daşıyan bir orqanın rəhbəri 11 il ərzində həmin orqanda müxtəlif vəzifələrə gətirdiyi şəxslərin cinayətkar əməllərindən xəbərdar olmayıbsa, onda necə rəhbər olub? Məntiq də başqa şey deyir. Məntiq deyir ki, bu, ola bilməz. Eldar Mahmudovun yaşam tərzi, əldə elədikləri maaşla əldə olunacaq şeylər deyildi”.
Ə.Oruclu deyib ki, Eldar Mahmudovun dövründə cəmiyyətdə MTN xofu yaranmışdı, heç kim bu strukturu tənqid etməyə cəsarət etmirdi. MTN-in yaydığı seks videoları, istifadə etdikləri şantaj metodları nəticəsində belə xof yaranmışdı ki, onlar hamının yataqlarını, telefonlarını, danışıqlarını izləyir. Bu səbəbdəb MTN-ə etimad itmişdi. İndi isə görülən tədbirlər, E.Mahmudovun mütəşəkkil qruplaşmasının zərərsizləşdirilməsi MTN-ə etimadın yenidən bərpa edilməsinə kömək edəcək. Eyni zamanda cəmiyyətdə MTN xofu aradan qalxacaq.
“Mən düşünürəm ki, etimad bərpa olacaq. Nəyə görə olacaq, ona görə ki, bu cəza tədbirlərinin özü, birincisi, həmin etimadın yaranmasına kömək eləyir. Artıq o cinayətkar dəstə yoxdur. Digər tərəfdən də, həqiqətən, MTN-ə qaytarılan insanlar öz işlərinə hörməti, dəyəri, sədaqəti olan insanlardır. Təbii ki, onlar bu orqanın reputasiyasının bərpasında kifayət qədər pozitiv rol oynayacaqlar. Bugünkü rəhbərlik də çox qətiyyətli addımlarla orqanı təmizləyir. Orqan təmizlənəcəksə, əvvəlki keyfiyyətində qalmayacaqsa, reputasiyası da tədricən bərpa olunacaq. Bu, əsas məsələdir. Çünki MTN elə bir orqandır ki, onun fəaliyyəti vətəndaşların etimadından asılıdır”-Ərəstun Oruclu bildirib.(virtual)
İnterpress.az