İranda Güneyli türklərə qarşı həbs dalğası genişlənməkdədirbackend

İranda Güneyli türklərə qarşı həbs dalğası genişlənməkdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, noyabrın 9-da Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərin başlatdığı kütləvi aksiyalar davam edərkən aksiyalara qatılan vətəndaşlar, eləcə də sosial şəbəkələrdə əhalini etirazlara qatılmağa çağıran fəallara qarşı həbs dalğasının genişləndiyi bildirilir.
Güney Azərbaycanı habelə Tehran, Gilan və Fars (Şiraz) kimi vilayətlərdə baş verən kütləvi aksiyalar noyabrın 6-da dövlət telekanalının uşaqlar üçün “Fitilə” adlı proqramında türklərin aşağılanmasına qarşı ortaya çıxan təpkilərin davamında həyata keçirilib.
“AZOH” veb səhifəsi kütləvi etirazların başlandığından bəri həbs edilən 130 nəfərin bir siyahısını dərc edib.
Etirazçılara qarşı polis müdaxiləsi və həbs dalğaları sadəcə Azərbaycan vilayətləri ilə məhdudlaşmayıb. İran xəbər agentliklərinin “Sepah” məsullarına istinadən yaydığı məlumata görə, Sepah qüvvələri Gilan vilayəti türklərini mitinq təşkil etməyə çağıran bir qrup internet fəalını nəzarət altına alıb.

“Gilan Qüds Sepahına məxsus təhlükəsizlik qurumunun adsız əsgərləri müntəzəm bir hərəkatda toplumda böhran və qarışıqlıq yaratmaq, həmçinin Gilan türklərini təhrik etmək məqsədi ilə internet məkanında çağırış yayan şəxslər və amilləri təqib edib və nəzarət altına alıblar,” deyə Gilan Sepahının Kiber bölməsi “Tasnim” xəbər agentliyinə bildirib.
Gilanda tutulanların kimliyi ilə bağlı məlumat verilməyib.
Son bir ildə onlar türk dil haqları fəalının həbs və mühakimə edildiyi Şərqi Azərbaycanın Əhər şəhərində də həbslər mitinqin baş tutmasından öncə həyata keçirilib.
Güney Azərbaycan Televiziyası və Oyan News veb səhifəsinə istinadən, mili fəallar Saleh Molla-Abbasi, Əkbər Əbulzadə, İbrahim Nuri, Məcid Nağızadə, Süleyman Kazımi, Arəş Cəfəri, Murtaza Səfəri, Mehdi Zincir-Bulağı, Əkbər Cahangirzadə, Hamid Allahverdi, Cəlal Drugəri və İsrayil Fətullahzadə noyabrın 12-də Əhərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
Əhərdə baş verən həbslərdən öncə, “Mehr” xəbər agentliyinə istinadən, Şəhərin qubernatoru “hər hansı qeyri-qanuni mitinqin” keçirilməsini önləmək üçün lazımi ölçülərin götürüləcəyinə dair xəbərdarlıq etmişdi.
Əhərdə tutulanların məmurlar tərəfindən ağır şəkildə döyüldüyünə dair məlumat yayılıb. Həmçinin sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Saleh Molla-Abbasinin qızları Günəş və Pınar Molla-Abbasi də bir neçə saat nəzarət altında saxlanılıblar.
İnternet qəzetləri eləcə də noyabrın 9-da Ərdəbil vilayətinin Xiyav(Meşginşəhr) şəhərində başlanan həbs dalğasının ötən günlərdə də davam etdiyini yazırlar.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, bir qrup fəal da Şərqi Azərbaycan vilayətinin Culfa və Məlikan (Məlikəndi) şəhərlərində nəzarət altına alınıb. Onların bir neçəsinin Təbrizdəki Ettelaat həbsxanasına göndərildiyi, digərlərinin isə sorğu-sual edildikdən sonra sərbəst buraxıldığı bildirilir.
İnsan haqları qrupları Tehran universitetlərində təhsil alan onlarla tələbənin saxlanılıb Ettelaat həbsxanasına göndərildiyini yazırlar.
Ərdəbil, Urmiyə, Sulduz və Xoy kimi şəhərlərdə də yeni həbslər həyata keçirilib.

Interpress.az