Bu rəqəmlərdən belə bir nəticə çıxarmaq mümkündür ki, əcnəbi döyüşçülərin münaqişə bölgəsinə axınının qarşısını almağa və İslam Dövləti ekstremist təşkilatının apardığı səfərbərliyi hədəfləməyə yönəlmiş beynəlxalq cəhdlər hələ ki fayda vermir.
Əl-Qaedanın yuxusuna da girməyən uğur…
Nyu Yorkda mənzillənmiş təhlükəsizlik konsaltinq agentliyinin hesabatında deyilir ki, “İraq və Suriyada əcnəbi döyüşçü fenomeni qlobal xarakter alıb”.
Bu da deyilir ki, İslam Dövləti adlanan təşkilat əl-Qaedakimi qruplaşmaların “yuxusuna da girməyən uğur” əldə edib. İŞİD-lə müqayisədə əl-Qaeda “köhnə və dəbdən düşmüş qruplaşma” təsiri bağışlayır.
Ekspertlər hesab edirlər ki, İŞİD on minlərlə insanı hərəkətə gətirib və bundan daha çoxunu öz rəğbətlisinə çevirib. “Soufan” qrupunun 2014-cü ilə aid hesabatında Suriyada 12 min əcnəbi döyüşçünün olduğu bildirilirdi, lakin təkcə 2014-2015-ci illər ərzində İraq və Suriyaya 27 minlə 31 min arasında döyüşçünün səfər etdiyi düşünülür.
İŞİD-in zəbt etdiyi ərazilərə gedən səfərbərlərin təxminən 8 min nəfəri Yaxın Şərq və Şimali Afrika regionunu təmsil edir. 5 min döyüşçü İŞİD-in əlində olan ərazilərə Avropadan, 4 min 700 döyüşçü isə keçmiş Sovet İttifaqından gəlib.
Fransa hakimiyyət orqanlarının rəqəmlərinə görə, bu ölkədən 2015-ci ilin oktyabrınadək Suriyaya 1800 nəfər gedib. Noyabr ayınadək Almaniya və Britaniyadan, hər birindən 760 olmaqla vətəndaşın Suriyada olması düşünülür. Belçika üçün bu rəqəm 470-dir. Beləliklə, avropalı “cihadçılar”ın ümumi sayından (5 min nəfər) 3 min 700-ü cəmi dörd ölkənin payına düşür.
Hesabatda vurğulanır ki, dini və etnik azlıqların Qərbdə marginallaşdırlması İŞİD səfərbərliyinə təkan verən faktorlardan biridir.
Avropa təşvişdə
“The Soufan Group”-un hesabatında deyilir ki, əcnəbi döyüşçülərin 20-30 faizi vətənlərinə qayıdır və bu, həmin ölkələrdə əlavə təhlükəsizlik problemləri yaradır. Digər tərəfdən belə vəziyyət İŞİD-ə dünyanın müxtəlif nöqtələrində terror basqınları etmək imkanı verir.
Ötən ay Parisdə törədilmiş və 130 insanın həyatına son qoymuş terror basqını buna misal ola bilər.
“Cihad”dan qayıdan döyüşçülərin yaratdığı təhlükə, xüsusilə də Qərb ölkələrində təşviş doğurub. Bir sıra ölkələrdə “Suriyaya səfərlər” kriminallaşdırılıb.
Paris basqınlarından sonra ABŞ Konqresi də avropalıların ölkəyə vizasız səfərlərinə icazə verilməsinin məqsədəuyğunluğu məsələsini nəzərdən keçirir.
“Soufan” qrupunun hesabatında deyilir ki, hazırda İslam Dövləti adlandırılan təşkilat öz taktikasını dəyişdirmək prosesindədir. İndi qruplaşma diqqətini nəzarəti altında olan ərazilərin möhkəmləndirilməsinə deyil, “düşmən ölkələrin” özlərində terror basqınlarının təşkilinə yönəldir.
Özünü ötən il “xilafət” elan etmiş İŞİD-in internetlə səfərbərliyinin qarşısına sədd çəkmək üçün Avropa İttifaqı Google və Facebook kimi şirkətlərə müraciət edib.
Can verdikcə təhlükəli
“The Soufan Group” bunu da qeyd edir ki, İŞİD hazırda internet vasitəsilə təbliğatında, öz rəğbətlilərinə komanda verməkdən daha çox, onları terror aktlarına sövq edən siyasət yürüdür.
Bundan əlavə, təşkilat indi internet əlaqələrindən daha çox, emissarların insanlarla üzbəüz təmasından istifadə edir.
Hesabatda deyilir ki, İslam Dövləti qruplaşması “bir müəssisə kimi tənəzzüldə olsa da, o hələ uzun müddət tərəfdarlarını təsirləndirmək gücünü saxlayacaq”.
Bu isə təşkilatın “can verdikcə” daha təhlükəli olmasına gətirib çıxara bilər.
Hesabatda həmçinin əcnəbi İŞİD döyüşçülərinin ölkələr və regionlar üzrə də sayları və bu saylar ətrafında təxminlər də verilib.
Ümumiyyətlə, ölkələr üzrə döyüşçü sayı, istər rəsmi, istərsə də qeyri-rəsmi məlumatlara əsaslanır.
Keçmiş sovetlərdən 300 faiz artım
Rəqəmlər Rusiya və Mərkəzi Asiyadan olan əcnəbi döyüşçülərin sayca 300 faiz artdığını göstərir.
Ərəb ölkələrindən olan döyüşçülərin öz vətənlərinə qaytımaları barədə etibarlı rəqəmlər olmasa da, Rusiya, Mərkəzi Asiya və Qafqaz bölgəsindən İŞİD sıralarındakı döyüşçülərin sayının artmaqda olduğu görünür.
Hesabatda deyilir ki, İŞİD sıralarında Özbəkistandan 500, Qazaxıstandan 300, Tacikistandan 386, Türkmənistandan 360, Qırğızıstandan isə 500-dək döyüşçünün olduğu təxmin edilir.
Rusiyaya gəldikdə isə, ona aid rəqəm (2400) yalnız Səudiyyə (2500) kimi ərəb ölkələri ilə müqayisə olunmalıdır.
İŞİD ərazilərindən Türkiyəyə, çox sayda keçmiş döyüşçünün qayıtdığı göstərilir. Bu da qeyd olunur ki, Türkiyə 2015-ci ilin noyabrına olan məlumata görə İŞİD-ə qoşulan 500-dək vətəndaşını həbs edib.
Bununla belə, İraq və Suriyadakı cihadçıların sırasında 2000-2200 türkiyəli döyüşçünün olduğu təxmin edilir.
Azərbaycan və Gürcüstan
“Soufan” qrupunun hesabatında Azərbaycana və Gürcüstana dair rəqəmlər də var.
Hesabatda deyilir ki, rəsmi məlumatlara görə, İŞİD-in sıralarında 104 azərbaycanlı var. Qeyri-rəsmi rəqəm isə 216-dır. Bu da qeyd olunur ki, 49 nəfər Suriya və İraqdakı döyüşlərdən Azərbaycana qayıdıb.
Hesabatın başqa bir hissəsində Gürcüstan və Azərbaycandan toplam 500-dək döyüşçünün İŞİD ərazisində olduğu ehtimal edilir.
Bu da qeyd olunur ki, bu rəqəm Rusiya və Mərkəzi Asiya ölkələri ilə nisbətdə xeyli az olsa da, İŞİD səfərbərçilərinin fəal olduqları bir sıra Qərb ölkələrinin göstəriciləri ilə müqayisə oluna bilər.
Hesabatda Azərbaycanın İŞİD səfərbərçilərinin fəal olduğu bölgələri barədə də məlumat var. Bunlar əsas etibarilə Sumqayıt, Şabran və Qusardır.
Ərəb də var, ərəb də…
Hesabatın gəldiyi ən mühüm nəticələrdən biri də budur ki, insanların İŞİD sıralarına cəlb olunmasında əsas rolu ideologiya yox, şəxsi faktorlar oynayır.
İŞİD döyüşçülərinin təxmini sayı ayrı-ayrı ərəb ölkələri arasında maraqlı şəkildə bölünüb. Neftlə zəngin Küveyt və Qətərdən, habelə Birləşmiş Ərəb Əmirliklərindən əcnəbi döyüşçülərin sayı statistikada nəzərə alınmayacaq dərəcədə azdır.
Əvəzində Livan (900), Tunis (6000-7000) və İordaniya (200-2500) kimi kiçik ölkələr İŞİD-ə böyük “töhfələr” verib.
Burdan belə bir nəticəyə də gəlmək olar ki, İŞİD-ə ən çox döyüşçünü də, Səudiyyə Ərəbistanı çıxılmaq şərti ilə, yoxsul ərəb ölkələri veriblər.
Elə Mərkəzi Asiya səfərbərlərini də cihada çəkən əsas faktorun yoxsulluq olduğu barədə dəfələrlə yazılıb.
Qərbi Avropaya gəldikdə isə, burada ən çox əcnəbi döyüşçü ən varlı ölkələrdən çıxır.
Interpress.az