Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, dollar və avronun bahalaşması təbii haldır və bu, təkcə Azərbaycanda baş vermir. Buna baxmayaraq, millət vəkili Mərkəzi Bankın üzən məzənnəyə keçidinin vətəndaşlar üçün də müəyyən problemlər yaradacağını istisna etmir: “Bu, təkcə Azərbaycanda baş verən hadisə deyil. 1 milyard yarım əhalisi olan Çində də, 90 milyon əhalisi olan Türkiyədə də devalvasiya baş verib. Bu devalvasiyadır, istər-istəməz hər bir cibə təsir edəcək. Amma bu qaçılmaz idi, bunu mütləq həyata keçirməliydik. Bu proses birdən-birə yox, mərhələli şəkildə həyata keçirilib”.
S.Novruzov dollar və avronun bahalaşmasından sui-istifadə edənlərin olduğunu qeyd edib: “Devalvasiyadan sui-istifadə etmək istəyənlər var. Süni bahalaşmanın qarşısı alınmalıdır. Təbii ki, İqtisadiyyat və Sənaye Nazirliyi çox ciddi şəkildə bununla məşğul olmalıdır ki, qiymətlər süni şəkildə artırılmasın. Mən özüm də şahidi olmuşam ki, bir sıra mağaza və dükanlarda satışı dayandırıblar. Bəzi adamlar bundan sui-istifadə etməyə çalışacaqlar. Hesab edirəm ki, süni qiymət artımının qarşısının alınması və dükanlarda insanların aldadılmaması üçün komissiya yaradılmalıdır”.
İnterpress.az