İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. \”Heydər Əliyevin neft strategiyası\”nın həyata keçirilməsində fəal iştirak edib.
İki dəfə – 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) toplayaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
Azərbaycan xalqı öz seçimini etdi. Xalq siyasi sabitliyə, firavanlığa və davamlı sosial-iqtisadi inkişafa səs verdi.
İnterpress.az