İlham Əliyevin uşaqlığı bu evdə keçib – Fotolarbackend

İlham Əliyevin uşaqlığı bu evdə keçib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…Zərifə Əliyeva küçəsində bir bina var. Qarşında Milli Lider Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın büstləri qoyulub. Prezident İlham Əliyev bu binada dünyaya göz açıb və uşaqlığı da burada keçib. Birinci bolk, 3-cü mərtəbə…

Natəvan Xaliqova bir zamanlar ailə dostu və qonşuları olan İlham Əliyevlə bağlı xatirlərini AzVision.az ilə bölüşür:

– Biz bu həyətə 1963-cü ildə köçmüşük. Bura köçməyimizin çox maraqlı bir tarixçəsi var. O vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinin sədri Semyon Sviqun idi. Binada 4 ortaqlı mənzil boşalmışdı. Rəhmətlik Heydər Əliyev də ailəsi ilə birlikdə burada 3 otaqlı evdə qalırdı. Ona təkilf etdilər ki, həmin 4 otaqlı mənzilə köçsün. Amma o, bu təklifə “yox” dedi: “Mənim iki uşağım var, amma Əbdül Xaliqovun 7 övladı var. Buna görə də 4 otaqlı ev bizdən çox, Əbdül müəllimin ailəsi üçün uyğundur”. Bu hərəkəti Heydər Əliyevdən başqa heç kəs etməzdi! Baxmayaraq ki, daha yüksək vəzifədə çalışırdı, amma evdən imtina etdi və onu bizə verdi.

Onlar çox yaxşı qonşu idilər. Sadə, hər kəsə kömək edən, səmimi… Atasının çox yüksək vəzifədə çalışmasına baxmayaraq, İlham çox sadə bir uşaq idi. Heç vaxt hiss etdirmirdi ki, atası harada işləyir. Ümumiyyətlə, onların heç biri heç vaxt təkəbbürlü olmayıb.

O illər məmim üçün unudulmazdır. Bizim uşaqlığımız qonşu və dost olaraq keçib. Bir-birimizə qarşı çox mehriban idik. İlham çox ürəyitəmiz, saf və tərbiyəli idi. Düzdür, onu həyətdə az-az görürdük, çox vaxt evdə dərslə məşğul olardı. 6 nömrəli məktəbdə oxuyurdu. Arıq və ucaboy oğlan idi. Həmişə sadə, amma səliqəli və təmiz geyinirdi.

İlham Əliyevin uşaqlığı bu evdə keçib - Fotolar

Zərifə xanım çox mədəni, sadə, alicənab, savadlı insan idi. Onlar uşaqları ilə nəfəs alırdılar, var-dövlətləri yalnız uşaqları idi. Övladlarının təhsililə çox maraqlanırdılar.

Onlar qapalı ailə deyildilər. Mənim bacılarımın toyunda Heydər Əliyev və Zərifə xanımın şəxsən iştirak ediblər. Biz onların ad günlərinə gedərdik. Zərifə xanım çox gözəl süfrə açardı, dolma, bozbaş və plov bişirərdi. O yeməklərin ətri hələ də burnumuzdan getməyib.

Zərifə xanımın anası Leyla xanım da çox gözəl və istiqanlı insan idi. Onlar Şüvəlanda bağda qalırdılar, amma tez-tez bura nəvələrini görməyə gəlirdilər. Həmişə bizə – uşaqlara deyirdi ki, “səhər tezdən durub, təmiz hava udun”.

İlham Əliyevin uşaqlığı bu evdə keçib - Fotolar

Bu vaxt dövlət başçımızın digər keçmiş qonşusu Süleyman Xaliqov da söhbətə qoşulur:

– Biz binanın həyətində futbol oynayırdıq. Hərdən İlham da bizə qoşulurdu. Həyətin orta hissəsində balaca bir yer vardı, uşaqlarla ora toplaşıb, oyunlar oynayardıq.
Binanın digər sakini İlqar Bünyadov dövlət başçımızın uşaqlıq dostu olduğunu deyir:

– Biz hamımız həmin vaxt çox balaca idik. Dörd dost idik, həmişə həyətdə bir yerdə oynayırdıq. İlham tez-tez bizi evlərinə çağırırdı. Rəhmətlik Heydər Əliyev istirahət günlərində bizi maşına mindirib, şəhəri gəzdirərdi.

Bir dəfə gözümə tikan batmışdı. Həmin vaxt Zərifə xanım göz klinikasında işləyirdi. O, məni özü ilə klinikaya apardı və gözümü müalicə etdi. Çox mehriban, gülərüz xanım idi. Onlar çox yaxşı qonşu idilər.

İnterpress.az