Ya bizə ev verin, ya da qoyun vaqonda yaşayaqbackend

Ya bizə ev verin, ya da qoyun vaqonda yaşayaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rüxsarə Həsənova: \”Bu ərazidə məskunlaşmağımız üçün məmurlar bizdən 5 min manat istəyir\”

\”Ya bizə ev verilsin, ya da bu şəraitsiz vaqonda məskunlaşmağımıza imkan versinlər\”. Bu sözləri Xətai rayonu, Naximov küçəsində vaqonda məskunlaşan Ağdam rayonundan məcburi köçkün Həsənova Rüxsarə Şahlar qızı bildirir.

2 azyaşlı uşağın anası R.Həsənova deyir ki, onun bütün həyat mübarizəsi övladları üçün normal həyat şəraiti yaratmaqdan ibarətdir. \”Biz kirayədə yaşayırdıq. Kirayə haqqını verə bilmədiyimiz üçün bizi küçəyə atdılar. Məcburiyyət qarşısında yaşamaq üçün şəraiti olmayan bu vaqonda məskunlaşdıq. Amma burda da maneəsiz qala bilmirik. Belə ki, dəfələrlə yerli icra hakimiyyətinin nümayəndələri, \”JEK\” və polis əməkdaşları mənə təzyiqlər göstəriblər. Burda məskunlaşmağımızı istəmirlər, icazə vermirlər. Neçə dəfələrlə vaqonu sürüyüb dənizə salmaq istəyiblər. Məni döyüblər\”,-deyə R.Həsənova bildirdi.

Onun sözlərinə görə, küçədə qalan ailə bu vaqonu almaq məcburiyyətində qalıb: \”Bankdan kreditlə 600 manat borc götürüb vaqonu aldıq. Borc-xərclə alıb məskunlaşdığımız vaqon övladımın ağır xəstəlik tapmasına səbəb oldu. O, pnevmoniya xəstəsidir. Bu xəstəlik adətən soyuqdəymə səbəbindən başlayır.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövət Komitəsinə, Prezident Administrasiyasına və Nazirlər Kabinetinə dəfələrlə müraciət edərək ev istəmişəm. Rəsmi müraciətlərimə cavab eyni olub: kirayədə yaşayanlara ev 5 ildən sonra verilə bilər. Mən rəsmi məktub yazmışam, ama rəsmi cavab verilməyib, bu cavab da mənə şifahi bildirilib. Hökumətin cavabı belə anlaşılmalıdır ki, bu müddətdə canın çıxsın, harda yaşayırsan yaşa, lap belə uşaqların qırılsın, nə vecimə\”.

R.Həsənovanın da həyat yoldaşı Ağdamdan məcburi köçkündür: \”Həyat yoldaşım Həsənov Miro Müstəcəb oğludur. Qızımızın adı Fidan, oğlumuzun adı isə Müstəcəbdir. Qızım məskunlaşdığımız ərazidə yerləşən Laçın rayon məktəbinin 3-cü sinifində oxuyur. Oğlum balacadır, o hələ 1 yaş 8 aylıqdır. Pnevmoniya xəstəsi olan oğlumun səhhətində yaranmış problem səbəbindən iki dəqiqədən bir təcili tibbi yardım xidmətinə zəng edirəm. Hər dəfə də 5 manat verirəm. Pul verməsən, adama baxan yoxdur\”.

Həsənovlar ailəsi xəstəlik mənbəyi olan vaqonda yeyib və yatırlar. İbadət əhli olan ailənin vaqonun qarşısında olan boş torpaq sahəsində hamam və tualet tikməsinə icazə vermirlər. Enerji və içməli su problemi qonşular hesabına həll olunur.

\”Bu ərazidə məskunlaşmağımız üçün məmurlar bizdən 5 min manat istəyir. Bizim o qədər pulumuz olsaydı, elə kirayədə qalardıq, daha xəstəlik mənbəyi olan vaqonda məskunlaşmazdıq. Neçə yerdə evi olana ev verirlər. Bizi isə döyüb təhqir edirlər. Aqşin adlı polis tərəfindən təhqir və təzyiqlərə məruz qaldığım üçün hüquq mühafizə orqanlarına müraciət etdim, amma şikayətimə baxılmadı.
Azərbaycan vətəndaşı və məcburi köçkün ailəsi olaraq bizim tələbimiz budur: Bizə ya ev verilsin, ya da vaqonumuzun olduğu ərazidə özümə şərait qurmağımıza imkan verilsin\”,-deyə R.Həsənova bildirdi.

İnterpress.az