Tanınmış vəkil Qurban Məmmədov dünən facebook səhifəsində “Kapital bank”ın onun ailəsini və körpə nəvələrini ac qoyduğunu bildirib.
İnterpress.az-a verdiyi açıqlamada Q.Məmmədov adıçəkilən bankı məhkəməyə verəcəyini deyib: “Bu qədər ədalətsizlik olmaz. Üstəlik mən hüquqları bilən və bu işlə məşğul olan şəxsəm, amma hüquqlarını bilməyən vətəndaşlar da var. Görün onların başına bu banklar nə oyun açırlar. Mən başıma gələnlərdən sonra qəti qərara gəldim ki, “Kapital bank”ı məhkəməyə verim.
Bütün bu olaylar isə vəkilin kartının bankomatda ilişib qalmasından sonra baş verib: “Beynəlxalq Bank”dan aldığım viza kartımda 136 manat pulum var idi. Bu gün saat 17-15də, evə çörək almaq məqsədilə, “Kapital bank”ın Türkiyə səfirliyinin önündəki bir bankomatından pul çəkmək istədim.
Kartımı bankomat qaytarmadı. 196-ya zəng etdim. Dəstəyi götürən xanım 3 gündən sonra kartımı ala biləcəyimi bildirdi. Robot kimi danışaraq, başa düşmək istəmədi ki, mən elə bu gün evimə çörək almalıyam. Təcili bankın “28 may”dakı, Milli Bankın qonşuluğunda olan baş ofisinə getdim.
Saat 17-40 idi. İş vaxtı qurtarmamışdı. Orada məni qarşılayanların, məni dinləyənlərin (xüsusilə də bir qadının) insanlıqdan nə qədər uzaq olduqları məni heyrətə saldı. Mən nə qədər izah etməyə çalışsam da ki, o kartsız mən bu axşam ailəmə çörək ala bilməyəcəyəm, nəvələrim ac yatmalı olacaqlar, başa düşən olmadı. İnanın, bu yaşıma qədər ilk dəfə daxilimdə elə bir nifrət kükrədi ki, həmin anda əlimdə silah olsaydı, bu bankın bütün işçilərini gəbərdər, banka od vurub yandırardım. Mən usta istədim, dedim kartdakı pulun yarısını da götürsünlər, ancaq mənim kartımı o dəmir qutularından çıxardıb versinlər ki, mən balalarıma çörək ala bilim, nəvələrimin qarşısında başım aşağı olmasın. “İş gününün sonudur”, “usta uzaqdadır”, “bu gün olmaz”, “3 gündən sonra gəlin”, “kartı çıxarsaq da, şəxsən sizə verə bilmərik” və sair bəhanələrlə məni evimə üzüqara qaytardılar. Məni yavan çörəyə görə qonşudan borc almağa məcbur etdilər”.
Saytımıza açıqlama verən “Kapital bank”-ın nümayəndəsi Qurbanzadə Səbinə isə vəkilin dedikləri ilə razılaşmadığını bildirdi. O, bankın standart prosedur qaydalarının olduğunu bildirdi: “Bank müştərinin kartını yalnız 3 gün sonra, tam yararlı şəkildə təhvil verə bilər. Əgər bu vacibdirsə, o zaman müştəri iş yerindən aldığı arayışı kartı aldığı bank filialına təqdim etməlidir. Bundan sonra ən uzağı 5-10 dəqiqəyə bank müştərinin hesabını ona qaytarır. Biz müştərilərimizin bizdən daim razı qalmasını istəyirik. Belə xoşagəlməz halların baş verməsini istəmirik. Amma “Kapital bank” olaraq bu olayı araşdıracağıq”.
Abuzər Azəroğlu
İnterpress.az