prosesə hakim Rasim Sadıqov sədrlik edib.
İttihama görə, Şakir Orucov polis işçisi olan dostu Röyal Əhmədovla cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə yaradıblar. Onlar Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın maddi imkanının yaxşı olduğunu öyrənib, onu öldürüb evini qarət etmək qərarına gəliblər. Bu məqsədlə 2012-ci il, oktyabrın 20-də N.Axundovaya məxsus mənzilə basqın ediblər, ev sahibəsinin boyun nahiyəsini sıxaraq qətlə yetiriblər.
Dəstə üzvləri mənzildə axtarış aparıblar, qadının çantasından 60 manat pul, qızıl-zinət əşyaları götürəndən sonra mətbəxdəki qazı açıq qoyaraq hadisə yerini tərk ediblər.
N.Axundovanın yaxınları onu mənzildə ölmüş vəziyyətdə aşkar ediblər. Bədənində heç bir xəsarət aşkar edilmədiyindən bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Hadisədən uzun müddət sonra N.Axundovanın kəskin ürək çatışmazlığından ölməsi deyil, qətlə yetirildiyi məlum olub.
Növbəti qətl
Şakir Orucov və Röyal Əhmədov növbəti cinayətə polis əməkdaşı işləyən Rəhim Səttarovu da cəlb ediblər. Bu dəfə onlar Naxçıvan şəhər sakini Tahirə Əhmədovanın mənzilini qərət etməyi qərara alıblar.
Qadının mənzildə tək, özünün isə imkanlı olduğunu bilən dəstə üzvləri 2014-cü il, mayın 5-də onun yaşadığı evə yollanıblar. Özlərini icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edərək mənzildəki istilik sistemini yoxlayacaqlarını bildiriblər.
T.Əhmədova qapını açarkən ona qəflətən hücum çəkiblər. Ev sahibəsinin boyun nahiyəsini sıxaraq onu qətlə yetiriblər. Mənzildən T.Əhmədovaya məxsus 6 min manat dəyərində qızıl əşyaları oğurlayıblar. Elə həmin gün əldə etdikləri qızılları satmaq məqsədilə Türkiyə ərazisinə keçiblər. Qızılın satışından əldə etdikləri gəliri öz aralarında bölüşdürüblər.
Qeyd edək ki, T.Əhmədovanın ailə üzvləri onu huşsuz vəziyyətdə tapıblar. Onlar əvvəlcə mərhumun beyninə qan sızması nəticəsində dünyasını dəyişdiyini güman ediblər. Ona görə də hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Amma sonradan T.Əhmədovanın qətlə yetirilməsi və mənzilin qarət edildiyi məlum olub.
Bəxti gətirən ev sahibəsi və uzaq qohum
İki nəfəri qətlə yetirən dəstə üzvləri artıq Naxçıvanda qalmayıblar. Onlar öz “fəaliyyətləri”ni davam etdirmək üçün paytaxta üz tutublar.
Dəstə üzvü Rəşad Tağıyevin qonşuluğunda yaşayan Kamilə İsgəndərovanın imkanlı olduğunu öyrəndikdən sonra qadını öldürüb pullarını və qızıllarını ələ keçirməyi planlaşdırıblar. Bu niyyətlə 4 avqust, 2014-cü ildə onun yaşadığı mənzilə gəliblər. Dəfələrlə mənzilin giriş qapısını döysələr də ev sahibəsi evdə olmadığından öz cinayətkar niyyətlərinin reallaşdıra bilməyiblər.
Ertəsi gün R.Tağıyevin uzaq qohumu olan İlknur Qasımovanın mənzilini aparmağı planlaşdırıblar. Gecə saat 03 radələrində onun yaşadığı evin yaxınlığına gəliblər. Amma evdə işıqlar yandığından və mənzildə başqa şəxslər olduğundan geri qayıtmağa məcbur olublar.
“Mətbəxdə qazı açıq qoyduq ki, guya qazdan boğulub ölüb”
Təqsirləndirilən şəxs qismində dindirilən Şakir Orucov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
Ş.Orucov ifadəsində polis əməkdaşı vəzifəsində çalışan Röyal Əhmədovla yaxın dostluq münasibətinin olduğunu göstərib: “Röyalın çoxlu borcu var idi, ödəyə bilmirdi. Naxçıvanda yaşayan imkanlı şəxsləri müəyyən edib onların evindən oğurluq etməyi təklif etdi, mən də razılaşdım. 2012-ci ilin oktyabr ayında Röyal mənə Nəsibə adlı qadının evində xeyli pul və qızıl-zinət əşyaları olduğunu, həmin qadının mənzilini aparmağı təklif etdi.
Nəsibənin yaşadığı binanın qarşısına getdik. Röyal zəng vurub Nəsibə ilə danışdı, mən tək mənzilə qalxdım. Dəhlizdən mənzilə keçən vaxt Nəsibəni arxadan tutub boynunu bərkdən sıxdım, qadın səsini çıxara bilməyib döşəməyə yıxıldı, hərəkətsiz qaldı.
Zəng vurub Röyalı çağırdım, birlikdə otaqları axtardıq, 60 manat pul, boyunbağı və qadının barmağındakı iki ədəd üzüyü çıxarıb özümüzlə götürdük. Qadının guya qazdan boğulub öldüyü görüntüsü yaratmaq üçün mətbəxdəki qaz plitəsini açıq vəziyyətdə qoyub mənzili tərk etdik. Sonradan üzüklərin qızıl olmadığını bilib onları su kanalına atdıq”.
“O evi bizə polis əməkdaşı nişan vermişdi”
Təqsirləndirilən şəxs ifadəsində törətdikləri növbəti qətl hadisəsi barədə belə deyib: “Tahirənin evini Röyalın iş yoldaşı Rəhim adlı polis əməkdaşı nişan vermişdi. Rəhimi tanımıram, görməmişəm. Röyalın deməsinə görə, Rəhim onlarla qonşu olub. Qadının ərinin bazarda uşaq paltarı satışı ilə məşğul olduğunu, evlərində çoxlu pul saxladıqlarını deyirdi.
Röyalın təklifi ilə razılaşdım. 2014-cü il, avqustun 5-də Tahirənin yaşadığı mənzilə getdik. Röyal qapını döyüb “icra hakimiyyətindən gəlmişik, mənzilin istilik sistemini yoxlayacağıq” dedi. Ev sahibəsi qapını açdı. Bu vaxt qəflətən qolumu onun boynuna salıb boğmağa başladım, dirsəyimlə boynunu bərkdən sıxdım. Tahirənin səsi kəsildi, yerə yıxıldı.
Bu vaxt mənzilin qapısı döyüldü. Gözlükdən baxanda bir qadının qapının arxasında dayandığını gördük. Evdə heç kimin olmadığını güman edən qadın çıxıb getdi. Bundan sonra mənzili axtarmağa başladıq. Çoxlu sayda qızıl, brilyant, zinət əşyaları götürüb evdən çıxdıq və birbaşa Sədərək gömrük-keçid məntəqəsinə getdik.
Röyal sərhədi keçib İqdır şəhərinə getdi, qızılları satıb elə həmin gün də geri qayıtdı. Əldə edilən 2900 manat pulu aramızda böldük. Həmin puldan 200 manat polis işçisi Rəhimə çatdı”.
“İş yoldaşımdır, polisdir, etibarlı adamdır…”
Təqsirləndirilən şəxs qismində dindirilən Röyal Əhmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
R.Əhmədov ifadəsində polis işləyən zaman müəyyən şəxslərə borcunun olduğunu, bu barədə Şakirə danışdığını, Şakirin özünün də külli miqdarda borcunun olduğunu göstərib: “Nəsibənin 60 manat pulunu və qızıl boyunbağısını götürüb mənzildən çıxdıq. Şakir xəsarət almasın deyə onu əli ilə boğduğunu dedi.
İş yoldaşım Rəhimlə 2014-cü ilin may ayında çayxanada rastlaşdıq. Söhbət zamanı borcu olduğunu, qonşuluqda yaşayan qadının özünün və ərinin alver etdiklərini, aya 30 min manat qazandıqlarını, evdə çoxlu qızıl-zinət əşyalarının olduğunu bildirdi.
Şakirin evinə gedib bu barədə ona danışdım. Dedim ki, Rəhim polisdə işləyir, etibarlı adamdır. Həmin mənzilə getdik. Tahirə adlı qadını Şakir boğub öldürüb. Mənzildən götürdüyü qızlları isə satıb bölmüşük”.
Baş tutmayan cinayətlər
Təqsirləndirilən R.Əhmədov bu hadisələrdən sonra Bakıya gəldiyini, Naxçıvanda olduğu kimi burada da imkanlı şəxslərin evinə basqın edərək onları boğub öldürməyi və mənzilləri qarət etməyi planlaşdırdıqlarını göstərib: “Şakir əvvəl olduğu kimi Kamilə adlı qadının da evinə girib onu boğmalı və qızıllarını oğurlamalı idi. Amma qapını nə qədər döysə də Kamilə qapını açmadı. Ona görə də bu cinayət baş tutmadı.
Həmin gecə Rəşadın təklifi ilə Binəqədi rayonunun “Mal bazarı” adlanan yerin yaxınlığındakı əraziyə gəldik. Orada yaşayan iki imkanlı bacının evindən oğurluq etməyi qərara alsaq da bu cinayət də baş tutmadı. Şakirlə Rəşad evin həyətinə keçmişdilər, mən isə kənarda durub müşahidə aparırdım. Təxminən 15-20 dəqiqədən sonra Rəşadla Şakir qayıdıb gəldilər. Pəncərələr dəmir barmaqlıqla bağlandığından evə girə bilməmişdilər”.
“Qonşu qadının qan təziyiqindən öldüyünü eşitdim”
Təqsirləndirilən şəxs qismində dindirilən Rəhim Səttarov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
O, Röyal Əhmədovu əvvəllər tanımadığını, aralarında dostluq münasibətinin olmadığını göstərib: “2014-cü il may ayının əvvəllərində Röyalı yaşadığım binanın qarşısında gördüm. Həmin vaxt qonşum Daşqının qızı pəncərədən baxırdı. Röyal məndən həmin mənzilin sahibinin kim olduğunu soruşdu. Mən də ev sahibinin alverlə məşğul olduğunu dedim. Bir neçə gündən sonra iş növbəsindən çıxıb evə gələndə yaşadığım binanın qarşısında çoxlu adam toplaşdığını gördüm. Söhbət zamanı Daşqının arvadı Tahirənin mənzildə qan təzyiqindən öldüyünü öyrəndim. Bundan sonra Röyalı görməmişəm.
Bir müddət sonra Röyalın işdən azad edildiyini eşitdim. Sonradansa tanımadığım bir şəxlə qonşumuz Daşqının arvadı Tahirəni mənzildə öldürüb qızıl əşyalarını apardıqlarını eşitdim. Röyal heç vaxt mənə 200 manat pul verməyib”.
“Mənim əlimdən yalnız oğurluq gəlir, adam öldürməyi bacarmıram”
Təqsirləndirilən Rəşad Tağıyev özünü qismən təqsirli bilib. O, ifadəsində Bakı şəhərində kirayə yaşadığını, əvvəllər oğurluq etdiyinə görə həbs olunduğunu göstərib: “2014-cü ilin iyun ayında polisdə işləyən dostum Röyal zəng vurub Bakıya gəldiyini dedi. Röyalla görüşüb onu kirayə qaldığımız evə gətirdim. Söhbət zamanı Röyal Naxçıvanda olarkən Şakir adlı dostu ilə iki qadını mənzildə öldürdüklərini, qızıllarını aparıb Türkiyədə satdıqlarını dedi.
Ona dedim ki, onda çağır Şakiri gəlsin, mənim əlimdən ancaq oğurluq gəlir, adam öldürməyi bacarmıram. 2014-cü ilin avqust ayında Şakir gəldi, onu Röyal qarşıladı. Oturub söhbət etdik. Onlara qonşumuz Kamilənin və uzaq qohumun İlknurun evindən oğurluq etməyi təklif etdim. Şakir qapını döysə də açan olmadı, mənzilə girə bilmədi. Ertəsi gün Röyal və Şakirin narkotik vasitə aldıqları üçün həbs olunduqlarını eşitdim.
İstintaq orqanı məni axtarırdı, barəmdə axtarış elan olunduğundan qaçıb gizlənirdim, müxtəlif yerlərdə kirayədə qalırdım. Sonradan gizli yolla İrana keçib orada qalmaq istədim. Biləsuvardan olan Raci adlı şəxs məni İrana keçirməsi üçün 1500 manat istədi, razılaşdım. Raci əvvəllər məhkum olunmuşdu və dəfələrlə gizli yolla İrana gedib gəlirdi. Bu il fevral ayının 15-də Raci ilə İran sərhədinə gəldik, tikanlı məftili aralayıb İran ərazisinə keçdik. Bir müddət İranda Racinin tanışını evində qaldım. Orada olarkən sərhəddə Racinin tutulduğunu eşitdim”.
Məhkəmə prosesi davam edir. Bu gün keçiriləcək növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, bu bandanın cinayətləri bir çox cəhətlərdən 60-cı illərdə bütün SSRİ-ni sarsıdan “Mosqaz işi”ni xatırladır. O zaman özünü “Mosqaz”ın əməkdaşı kimi təqdim edərək mənzillərə guya qaz plitələrini yoxlamaq adı ilə daxil olan və gələcək qurbanlarını seçən seriya qatil Vladimir İonesyanın törətdiyi cinayətlər uzun müddət açılmamış qalmışdı.(virtualaz)
İnterpress.az