Xəzərdə güclü zəlzələ ocaqlarının neft-qaz strukturlarına yaxın olduğu üzə çıxıb.
Geologiya və Geofizika İnstitutunun 2015-ci illə bağlı hesabatında qeyd edilib ki, Elm Fondunun dəstəyi ilə yerinə yetirilmiş “Azərbaycanın neft-qaz rayonlarının və neft kəmərlərinin potensial seysmik təhlükəsi: müasir təhlil və tədbirlər” layihəsi çərçivəsində Xəzər dənizində yerləşən neft-qaz yataqlarına təsir edən zəlzələlərin zaman ardıcıllığı dinamikasının qiymətləndirilməsi məqsədilə klaster analizi və çoxölçülü qruplaşma riyazi-statistik metodunun əsasları işlənilib.
Həmin metod Abşeron-Balaxanıyanı zonasına tətbiq edilib, nəticədə zəlzələlərin məkan paylanmasının iri neft-qaz strukturlarına yaxın olduğu müəyyən edilib və güclü seysmik hadisəni qabaqlayan və (və ya) müşayiət edən qanunauyğunluqlar aşkar olunub. Müxtəlif seysmo-geodinamik, litoloji xüsusiyyətlərin, seçilmiş güclü zəlzələlərin makroseysmik parametrlərinin əsaslı təhlilinin nəticələrini özündə ehtiva edən deterministik metodun tətbiqi əsasında alqoritm qurulub və Balaxanı neft-qaz yatağının ərazisində qruntun maksimal təcil və intensivlik vahidlərində seysmik təhlükə modelləri hazırlanıb.(apa)
İnterpress.az