Komitənin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Dövlət Komitəsi sədrinin müavinləri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək, prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. S.Salahlı bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işinin yüksək səviyyəyə çatdırılmasıdır. O, dini icmalara həyata keçirəcəkləri layihələrdə milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Sonda yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib. 2015-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, 87 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 68-i isə İslam dini icmasıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilir. Həmçinin, il ərzində Dövlət Komitəsi tərəfindən 52 dini icma qeydiyyata alınıb ki, bunlardan 49-u İslam, 3-ü isə qeyri-islam dini icmasıdır. (apa)
İnterpress.az