Gömrük Komitəsi qalmaqallı hadisəyə aydınlıq gətirdibackend

Gömrük Komitəsi qalmaqallı hadisəyə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərindən vətəndaş Qurbanxan Dəmirovun adına daxil olmuş 10 ədəd televizor mövcud gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə 28 fevral 2015-ci il tarixdə 00800/280215/000528 saylı gömrük mədaxil orderi əsasında gömrük rəsmiləşdirilməsindən keçirilmiş, gömrük rəsmiləşdirilməsi zamanı televizorlar 1423 manat 19 qəpik gömrük ödənişlərinə cəlb edilmiş, 3 manat bankın əməliyyat haqqı ilə birlikdə o, cəmi 1426 manat 19 qəpik ödəniş etmişdir.

Qurbanxan Dəmirovun Dövlət Gömrük Komitəsinə daxil olmuş eyni məzmunlu müraciətinin araşdırılması zamanı o, 10 ədəd televizoru öz evi üçün gətirdiyini iddia edərək, televizorların gömrük ödənişlərinə cəlb edilməsindən narazı qaldığını və bu səbəbdən şikayət etdiyini bildirmişdir. Müvafiq qanunvericiliyin tələbinə əsasən iki ədəddən artıq eynicinsli malın kommersiya məqsədi daşıdığının müəyyənləşdirildiyi nəzərə alınsa, bir nəfər tərəfindən 10 ədəd televizorun öz istifadəsi üçün gətirilməsi iddiasının inandırıcı olmadığı, gətirdiyi televizorların şəxsi istifadə deyil, kommersiya xarakteri daşıdığı və kommersiya məqsədi üçün idxal edilən yüklərin gömrük rəsmiləşdirilməsindən keçirilməsinə dair müvafiq qanunvericiliyin tələbləri vətəndaşa izah edilmiş, bildirilmişdir ki, ödədiyi gömrük ödənişləri müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablanmış və gömrük orqanı əməkdaşlarının hərəkətlərində pozuntu halı olmamışdır.

Haqsız olduğunu anlayan vətəndaş Qurbanxan Dəmirov “çıxış” yolunu bəzi kütləvi informasiya vasitələrinə yalan və böhtan xarakterli məlumat ötürməkdə görmüş, təəssüf ki, bu iftira dolu məlumat araşdırılmadan bəzi kütləvi informasiya vasitələrində yayımlanmışdır.

Onu da xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Şirvan şəhərində vətəndaşlarla görüşündə adıçəkilən vətəndaş qəbulda olmuş, Komitə sədri tərəfindən dinlənilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşa yenə də izah edilmiş və Qurbanxan Dəmirovun iddia etdiyi kimi “tapşırıqla bayıra çıxarılmamış”, özü könüllü surətdə otağı tərk etmişdir. Dövlət Gömrük Komitəsi bildirir ki, bu cür yalan və böhtan xarakterli məlumatların yayılmasına görə DGK tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

İnterpress.az