Hacı Məmmədovun \”osminoq\” dediyi dəstənin üzvləri indi həbs edilirlər, bu səbəbdən də \”Qara kəmər\” işinin yenidən təzələnməsi gündəmə gəlib. Məlum olub ki, H.Məmmədovun dəstəsinə ciddi \”informasiya dəstəyi\” – yəni bandanın hədəfində olan adamların telefonlarının dinlənilməsi, onların hərəkət koordinatlarını ötürənlər sırasında Rabitə Nazirliyinin (o zaman məhz belə adlanırdı) yüksək vəzifəli şəxsləri də olub.
Bildirilir ki, \”Azərpoçt\”un sabiq rəhbəri Qəmbər Bəybalayev məhz H.Məmmədovun dəstəsi ilə əlaqəyə görə həbs edilib. Rəsmi məlumatda Q.Bəybalayevin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıldığı deyilsə də, mənbə israr edir ki, \”Azərpoçt\”un sabiq rəhbəri H.Məmmədov işinə görə tutulub. \”Axı necə ola bilər ki, korrupsiyada ittiham olunan Qəmbər Bəybalayevin həbsindən düz 20 gün sonra antikorrupsiya idarəsindən \”Azərpoçt\”a gəliblər. O zaman da yalnız bəzi maliyyə sənədlərini götürdülər.
Bununla da yoxlama bitib. Əslində, Qəmbər Bəybalayevin \”Azərpoçt\”da yeyinti etməyə ehtiyacı yox idi. Düzdür, onun Dubayda qurduğu şirkət Bakıya 80 dollardan kompüterlər gətirdib poçt şöbələrində 1800 manatdan quraşdırır. Amma onun digər işlərə qarışacağı yox idi, əsas işləri müavini Sübhan Kazımov görürdü. O, Eldar Mahmudovla çox yaxın, həmişə birgə nərd oynayan adam idi\”.
Mənbənin sözlərinə görə, Hacı Məmmədovun dəstəsi ələ keçəndə Q.Bəybalayev \”Aztelekom\”da baş direktor işləyirmiş. \”Aztelekom\” hətta mobil telefonları da dinləmək imkanı olduğu üçün Hacı Məmmədova müəyyən informasiyalar ötürülüb. Qeyd edək ki, məhkəmə zamanı da törədilən qətllərdə bandanın bəzi şəxslərin yerini necə dəqiqliklə müəyyənləşdirməsi sirri kimi qalmışdı.
Bildirilir ki, Qəmbər Bəybalayev Eldar Mahmudovu hələ DİN-də işlədiyi vaxtdan tanıyırmış. Onlar isə sabiq rabitə naziri Nadir Əhmədov vasitəsilə tanış olublar. \”Qara kəmər\” əməliyyatında \”Aztelekom\”un iştirakı üzə çıxsa da, məhz Eldar Mahmudovun qoruması sayəsində Q.Bəybalayev məsuliyyətdən yayındırılıb. İddia olunur ki, Q.Bəybalayev və digər rabitə çetesi uzun illər Eldar Mahmudova hətta MTN-dən də keyfiyyətli xidmət göstəriblər.
Hacı Məmmədovun vəkilinin \”Yeni Müsavat\”a söylədikləri də \”Qara kəmər\” əməliyyatı zamanı məsuliyyətdən yayınanların yenidən istintaqa cəlb oluna biləcəyi xəbərlərini təsdiqləyir. Vəkil deyib ki, o, Hacı Məmmədovla bağlı qaranlıq məqamlara aydınlıq gətirilməsi üçün Ali Məhkəməyə müraciət hazırlayır. Ali Məhkəmə isə yeni açılmış hallarla bağlı işi ləğv edə və məhkəməni hətta birinci instansiya məhkəməsinə qaytara bilər. ( musavat.com )
İnterpress.az