Son günlərdə Qazaxıstanın Aktau limanında yığılan yük avtomobillərinin hamısı Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə Bakıya gətiriliblər.
Bu barədə Xəzər Dəniz Gəmiçiliyindən məlumat verilib. Dekabrın 27-nə olan məlumata görə, hazırda Aktauda cəmi 8 yük maşını var ki, onlar da növbəti bərə vasitəsilə yola salınacaqlar.
Bakı limanına gəldikdə isə, istismara verilmiş “Professor Gül” bərəsi bu gün səhər tezdən 30 yük maşını götürərək, Aktauya yola düşüb. Günün ikinci yarısında daha 2 gəmi – “Bəstəkar Fikrət Əmirov” Ro-Ro gəmisi və “Akademik Həsən Əliyev” bərəsi Qazaxıstana doğru istiqamət alacaq.
Bununla da dekabrın 27-də 3 əlavə reys ilə Bakıdan Aktauya 100-ə yaxın yük avtomobili daşınıb və Bakı limanında da sıxlığın əsas hissəsi aradan qaldırılıb.
Həmçinin Qazaxıstandan gələn “Azərbaycan” bərəsi ötən gün saat 19-da Bakıya çatıb. Gecə saatlarında bortuna daha 33 yük maşını qəbul edərək, Aktauya yola düşüb. Qeyd olunan gəmilərin hamısı qrafikdə nəzərdə tutulandan əlavə olaraq reysə göndərilir.
Bundan əvvəl Azərbaycandan Qazaxıstana yük aparan TIR-ların hərəktində problem yaranmışdı. Dekabrın 25-ə olan məlumata görə, Qazaxıstanda 220 yük maşını problemlə qarşılaşıb.
Bundan əvvəl Ələt limanında 175 tır Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyirdi. Dekabrın 20-də də Qazaxıstan kütləvi informasiya vasitələri (KİV) yükdaşıma üçün növbə gözləyən onlarla yük maşınının Aktau dəniz limanında qaldığı barədə məlumat yayılmışdı.
Buna səbəb kimi onlar Azərbaycana məxsus bərələrin kifayət etməməsi göstərilirdi. Bildirilir ki, Türkiyədən Qazaxıstana və Qırğızıstana məhsul gətirən yük maşınları geri qayıtmaq üçün Aktau limanında gözləməyə məcbur olublar.
Qazaxıstan KİV yazırdı ki, həmin ölkədə 80 iritonnajlı yük avtomobili Bakı dəniz limanına gəlmək üçün gözləyib.(anspress)
İnterpress.az