Hilal Əsədov ölkədən qaçmaq istəyib…backend

Hilal Əsədov ölkədən qaçmaq istəyib…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress” xəbər verir ki, “Yeni Müsavat” yazır ki, bu gün qurumun adı qanqster filmlərinin ssenarisini xatırladan cinayət işinin materiallarında quldur yuvası kimi yazılmaqdadır. MTN-in bütün idarələrinin rəisləri, onların müavinləri, tabeçilikdə olan bütün şəxsi heyət istintaqa cəlb olunub, əksəri həbsə alınıblar. 2 ay əvvəl başladılan proses çərçivəsində həbslər artıq səngiyib. Bu həbslərin gələn il də davam edəcəyi bildirilir.

İstintaqçıların uzun-uzadı sorğu-suallarından sonra həbs olunanlardan biri də MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev oldu. Səbayel Rayon Məhkəməsi E.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Sabiq rəisin adı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində keçir. Həbsi ilə paralel olaraq E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılıb.

Qeyd edək ki, MTN ətrafında baş verən hadisələrdən sonra Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Elçin Quliyevin həbs olunmaması “MTN işi”ndə ən böyük müəmmalardan biri hesab olunurdu. Onun xeyli gecikmə ilə vəzifəsindən çıxarılmasından sonra MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin olunması isə bu müəmmanı bir qədər də artırırdı. Halbuki, çoxsaylı cinayət əməllərində E.Quliyevin adı qırmızı xətlə keçirdi.

E.Quliyevin həbsi onun müavini olan İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında, saxlanıldığı kamerada meyitinin aşkarlandığı günlərə təsadüf edib.

E.Quliyev Azərbaycanın xüsusi xidmət orqanında fəaliyyətə MTN-in N saylı rabitə hərbi hissəsində başlayıb. Sovetlərin dağılmasından sonra bu hərbi hissə uzun müddət Rusiya kəşfiyyatının nəzarəti altında qalmaqda davam edib. Sonrakı illərdə E.Quliyev vəzifə pillələrində sürətlə irəliləməyə başlayıb. Rabitə hərbi hissəsindən MTN-ə keçib, nə qədər qəribə olsa da, nazirliyin Rusiya istiqaməti üzrə fəaliyyət göstərən strukturunun əməkdaşı, nazir müavini Tofiq Babayevin köməkçisi olub. Eldar Mahmudov MTN-ə gələndən sonra isə karyerasında sıçrayış baş verib – əvvəlcə idarə rəisinin müavini, idarə rəisi, nəhayət Baş İdarə rəisi, Antiterror Mərkəzinin rəhbəri təyin olunub və general rütbəsi alıb. Məlumata görə, MTN-dəki peşəkarlar Elçin Quliyevə hər zaman şübhə ilə yanaşıblar…

Antiterror Mərkəzinin bir neçə gün əvvəl həbsdə intihar etmiş keçmiş rəis müavini İlqar Əliyevlə Elçin Quliyevin adı bir sıra cinayətlərdə birgə hallanıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən ilin sentyabrında MTN tərəfindən sifarişlə həbs olunan, həbsdə olmazın işgəncələr görən və Eldar Mahmudovun vəzifədən çıxarılmasından cəmi 2 gün sonra azadlığa çıxan Əmlak Komitəsinin keçmiş əməkdaşı Mətləb Mustafayev qanunsuz həbsinə və MTN polkovniki olan qardaşının intiharına görə həm də Elçin Quliyevi ittiham edir.

Oktyabrın 17-də prezident sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan azad olunandan sonra onun müavini, general-leytenant Hilal Əsədovun evində axtarış aparılması haqda məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, adətən 2 mülki geyimli şəxsin müşayiət etdiyi H.Əsədov bu dəfə Bakının mərkəzindəki mənzilinə 10-a yaxın şəxslə gəlib. 28 May küçəsi, ev 18 ünvanında aparılan axtarışdan sonra H.Əsədov həmin şəxslərin əhatəsində naməlum istiqamətə aparılıb. Axtarış kimi təqdim olunan bu “gediş-gəliş” zamanı mənzildən sənədlər götürülüb. Sonradan isə H.Əsədov özünə yaxın saytlar vasitəsi ilə bu xəbəri təkzib etməyə çalışdı.

Son məlumata görə, H.Əsədov dekabrın 22-də 28 May küçəsi, ev 18 ünvanından köçüb. Vaxtilə qara rəngli, Az 90 AA 881 nömrə nişanlı, son model “Mercedes”də gəzən Eldar Mahmudov son dəfə evinə Az 99 UU 881 nömrə nişanlı “Range Rover”də gəlib. Həmin vaxt mənzildən əşyaları daşınırmış. H.Əsədovun ailəsi ilə birgə İngiltərəyə köçəcəyi haqda məlumat var. Bildirilir ki, onun qızı İngiltərədə təhsil alıb. Orada sabiq nazir müavinin əmlaklarının olması xəbəri də var.

Hilal Əsədov Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, onun tərəfindən MTN-ə cəlb olunan və yüksək vəzifələrə irəli çəkilən biridir. O, bu illər ərzində qurumda törədilən cinayətlərə ən azından şahidlik edib, susqun seyrçi mövqe sərgiləyib. Hərçənd ki, onun adı bir çox cinayətlərdə qırmızı xətlə keçir. Məsələn, bir müddət əvvəl “Yeni Müsavat”a təşrif buyurmuş “Karvansaray” ticarət mərkəzinin payçılarından biri Elşən Kərəm oğlu H.Əsədovla bağlı bunları demişdi: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. Onu kabinetə salıb kondisioneri maksimum isti rejimə qoyurdular. Həmin vaxt çöldə 40 dərəcə isti olurdu”.

Bakının “8-ci kilometr bazarı”nın bir hissəsinin zorla sahibindən alınması və ora öz yaxın qohumunu təyin etməsi də Hilal Əsədovun adı ilə bağlıdır. Bunlar sabiq nazirin hazırda vəzifədə olan müavini haqda mətbuat səhifələrinə yol tapmış əməlləri haqda məlumatlardır. Belə əməllərin mətbuat səhifələrinə çıxmayanı nə qədərdir?

Hazırda vəzifəsiz olan H.Əsədovun həbsdən kənarda qalması haqda maraqlı məlumatlar var. İddiaya görə o, Eldar Mahmudovun işdən azad olunmasından 1 gün sonra ölkə rəhbərliyinin dar çevrədə keçirdiyi toplantıda iştirak edib. H.Əsədovun sabiq nazirin əleyhinə yönəlik ifadələrinin olduğu deyilir. Bildirilir ki, Hilal Əsədov istintaqla əməkdaşlıq yolunu tutduğuna görə həbsdə deyil.

Virtualaz.org isə istintaqa yaxın mənbələrə istinadən yazır ki, həbs edilənlər bir qayda olaraq rəislərini “satırlar”. Onların arasında “bərk qoz” çıxanı hələ ki, yoxdur. Dindirilənlər dəhşətli cinayət əməllərini “aldıqları əmr əsasında” həyata keçirdiklərini inkar etmirlər. Deməli istintaqda E.Mahmudovun əleyhinə ifadələr və dəlillər də yox deyil.

Keçmiş nazir müavini Hilal Əsədovun da həbsinə sanksiya vermək üçün istintaqda dəlillər toplanmaqdadır. Bəzi ehtimallara görə, həbsləri E.Mahmudovda yekunlaşdırmaq üçün ondan əvvəl H.Əsədovu da həbs edə bilərlər…

Eldar Mahmudovun oğlunun ölkədən çıxışına icazə verilib?

Eldar Mahmudov tutduğu postdan çıxarılandan sonra özünün da tezliklə həbs olunacağı haqda xəbərlər yayılmışdı. Sonradan isə məlum oldu ki, vəzifəsini itirəndən bir neçə gün sonraya qədər o, Badamdardakı dəbdəbəli villasında nəzarət altında saxlanıb, oradan isə artıq ləğv olunmuş MTN sanatoriyasına aparılaraq daha etibarlı şəkildə nəzarət olunması təmin edilib. E.Mahmudovun hazırda da orada olduğu bildirilir. Qeyd olunur ki, tutduğu postdan çıxarılandan sonra ürək krizi keçirən sabiq naziri elə oradaca dindirir, sorğu-sual edirlər.

E.Mahmudov vəzifəsini itirəndən sonra onun vəzifədə olan qohum-qardaşı da işdən çıxarılıb, onların ölkədən çıxışlarına “stop” qoyulub. Ölkədən çıxışına “stop” qoyulanlar sırasında nazirin oğlu Anar Mahmudov da olub. “Caspian Crystal” holdinq İdarə Heyətinin sədri olan Anar Mahmudovun bir neçə gün əvvəl ölkədən çıxışına qoyulmuş “stop” götürülüb. Bundan sonra A.Mahmudov ölkədən gedib. Ehtimal olunur ki, E.Mahmudov oğlu A.Mahmudova vəkalətnamə verərək xaricdəki bank hesablarına yatırdılan pulların çıxarılmasını və ölkəyə qaytarılmasını tapşırıb…

Qeyd edək ki, bu gün “MTN işi” üzrə 30-dan çox həbsə alınan və 100-dən artıq istintaqa cəlb olunan şəxsin olması haqda məlumat var. Gələn il həbsə alınanların sayının artacağı da gözlənilir. Həbsə alınanlara Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci və maddələri ilə ittiham irəli sürülüb.

İnterpress.az