Rusiyada müsəlman qadından niqabını açmağı tələb edən fəal üzr istəməli olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində ictimai fəal (asayiş keşikçisi) müsəlman qadından ictimai yerdə niqabını açmağı tələb edib, lakin sonda ondan üzr istəməli olub.
Məlumata görə, həmin şəxs Rusiyada bu cür dini geyimləri qadağan edən rəsmi qanunun artıq qəbul olunduğuna tam əmin olub. Lakin sonradan məlum olub ki, ölkədə hələ belə bir hüquqi qadağa mövcud deyil.
Nəticədə, Sabina adlı müsəlman qadın fəala kəskin etiraz edib, asayiş keşikçisi isə öz səhvini etiraf edərək ondan üzr istəyib.
Hadisə sosial şəbəkələrdə böyük müzakirələrə və fikir ayrılıqlarına səbəb olub. Son zamanlar Rusiyada təhlükəsizlik məqsədilə ictimai yerlərdə üzü tamamilə örtən geyimlərin (niqabların) qadağan edilməsi ilə bağlı qanun layihələri parlamentdə fəal şəkildə müzakirə olunsa da, hələlik rəsmi qərar qəbul edilməyib.
Hüquqşünaslar vətəndaşlara xatırladırlar ki, müvafiq qanun qəbul edilənə qədər insanların geyim seçiminə müdaxilə etmək qeyri-qanunidir və şəxsi hüquqların pozulması hesab olunur.

Xuraman Etibarlı
İnterpress.az






