Şımkəndə təşkil olunan press-tur Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin inkişafına töhfə verəcəkbackend

Şımkəndə təşkil olunan press-tur Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin inkişafına töhfə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

23–25 oktyabr tarixlərində Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Qazaxıstanın Şımkənd şəhərinə təşkil olunan press-tur hər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin əsas məqsədi Şımkənd şəhərinin turizm potensialını tanıtmaq, Azərbaycanın turizm imkanlarını Qazaxıstanda daha geniş auditoriyaya çatdırmaq və qarşılıqlı turist mübadiləsini təşviq etməkdir.

Press-tur çərçivəsində şəhərin zəngin tarixi, mədəni irsi, görməli yerləri və müasir turizm infrastrukturu ilə yaxından tanış olduq. Şımkənd özünəməxsus mədəniyyəti, qonaqpərvərliyi və tarixi məkanları ilə Azərbaycan turistləri üçün də maraqlı istiqamətlərdən biri ola bilər. Bu cür səfərlər turizm sahəsində fəaliyyət göstərən şirkətlər, media nümayəndələri və digər tərəfdaşlar arasında yeni əməkdaşlıq imkanları yaradır.

AZAL-ın Bakı–Şımkənd marşrutu üzrə həftədə üç dəfə birbaşa uçuş həyata keçirməsi iki ölkə arasında nəqliyyat əlçatanlığını artıran mühüm amildir. Birbaşa aviareyslər həm işgüzar səfərləri asanlaşdırır, həm də turistlərin səyahət vaxtına və xərclərinə qənaət etməsinə imkan yaradır. Qazaxıstan vətəndaşları arasında apardığım söhbətlər və müşahidələr göstərir ki, Azərbaycanın əlçatan nəqliyyat imkanları və yüksək xidmət səviyyəsi ölkəmizə səyahətə marağı artırır. Xüsusilə Naftalanın müalicə-sağlamlıq turizmi Qazaxıstan turistləri üçün cəlbedici istiqamətlərdən biri kimi diqqət çəkir. Bununla yanaşı, Bakı, Qarabağ, Şuşa, Qəbələ və digər turizm məkanlarımızın tanıdılması da turist axınının genişlənməsinə xidmət edə bilər.

Hesab edirəm ki, bu cür press-turlar , infoturlar, turizm imkanlarının qarşılıqlı tanıdılması ilə yanaşı, iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə də töhfə verir. Turizm əlaqələrinin genişlənməsi hotellərin, turizm şirkətlərinin, nəqliyyat sektorunun və xidmət sahələrinin inkişafına müsbət təsir göstərə bilər.

Eyni zamanda, media nümayəndələrinin iştirakı ilə təşkil olunan səfərlər şəhərlərin və ölkələrin beynəlxalq turizm imicinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan və Qazaxıstan arasında ortaq türk dünyası dəyərləri, tarixi yaxınlıq və dostluq münasibətləri turizm əməkdaşlığının inkişafı üçün möhkəm zəmin yaradır. Əminəm ki, AZAL-ın birbaşa uçuşları və bu kimi tanıtım layihələri gələcəkdə qarşılıqlı turist mübadiləsinin artmasına, işgüzar tərəfdaşlığın genişlənməsinə və türk dünyasının xalqlarının bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verəcək.
********
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm məsələləri üzrə ekspert Rəhman Quliyev