Hərbi ekspertdən SOS siqnalıbackend

Hərbi ekspertdən SOS siqnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftəsonu bəlli oldu ki, Rusiyanın özü ağır maliyyə-iqtisadi durumda olmasına rəğmən, Ermənistana 10 illiyə 200 milyon dollar həcmində kredit verəcək. Kredit Rusiyadan müasir hərbi texnika və silahların alınması üçün İrəvana veriləcək.

Hərbi ekspertdən SOS siqnalı

Bu barədə imzalanmış sənədə olunmuş əlavəyə görə, bura “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatları, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26\” qumbaraatanları, Draqunov snayper tüfəngləri, ”Tiqr\” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri daxildir.

Kreditlə bağlı sənəd imzalanması ilə eyni vaxtda Rusiya Ermənistandakı Erebuni aviabazasına yeni nəsil qırıcılar və hərbi-nəqliyyat vertolyotları göndərib.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunu Ermənistandakı hərbi bazaların gücləndirilməsi çərçivəsində həyata keçirdiyini bildirir.
Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib ki, Ermənistandakı aviabazaya yeni nəsil MiQ-29 və MiQ-29S qırıcıları, habelə Mi-8MT nəqliyyat vertolyotları göndərilib. Planlaşdırılır ki, Erebuni aviabazasındakı kontingent bundan sonra da yeni nəsil vertolyotlar və təyyarələrlə gücləndiriləcək.

Ötən ilin dekabrında da Rusiya Ermənistandakı aviabazaya Su-30 qırıcıları və müxtəlif təyinatlı hərbi vertolyotlar yerləşdirmişdi. Bu, Rusiyanın Türkiyə ilə münasibətlərinin kəskinləşməsi fonunda baş verir. Ötən ilin sonlarında Rusiya qaynaqları xəbər vermişdi ki, prezident Vladimir Putin Cənub Hərbi Dairəsinin komandanlığına Ermənistanın Türkiyə ilə sərhədləri boyu ən yeni reaktiv sistemlər və radioelektron kəşfiyyat vasitələri, canlı qüvvə və zirehli texnikanın yerləşdirilməsini təmin etmək barədə əmr verib.

Rusiya hərbi ekspertləri qeyd edirlər ki, Kreml “Türkiyə və Azərbaycanın aqressiv davranışları nəticəsində Ermənistanın təhlükədə olduğunu” hesab edir.
Beləliklə, açıq-aydın görünür ki, Rusiya həm Ermənistanı silahlandırır, həm də Ermənistanda yerləşdirdiyi hərbi qüvvələrini ən müasir silah və texnika ilə sürətli təmin edir.

Hərbi ekspert Üzeyir Cəfərov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyanın Ermənistana silah satması, silah alınması üçün 200 milyon dollar kredit ayırması bölgədə əmin-amanlığın təmin olunmasına yönəlməyib. Bu qədər hərbi texnika, silah regiona göndərilirsə, gec-tez o silahlardan istifadə olunacaq. Ermənistana indiki vaxtda həddən artıq və ən müasir silahların verilməsi Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstana da təhdiddir.

Həmin silahlar Ermənistandan Abxaziya və Osetiyaya keçirilə və məqam yetişəndə Gürcüstana qarşı istifadə oluna bilər: “Həmin silahların bir qisminin Ermənistan ərazisindən gizli şəkildə Türkiyə ərazisinə, oradakı separatçı terror qruplarına ötürülə bilər. Ona görə də hesab edirəm ki, Ermənistanın silahlandırılmasına qarşı Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyə də etiraz etməli, addımlar atmalıdır”.

Hərbi ekspert qeyd etdi ki, haqqında söhbət gedən silahlar adi silahlar deyil. İşğalçı Ermənistana həmin silahların verilməsi regionda onsuz da gərgin olan vəziyyəti bir az da gərginləşdirəcək: “Azərbaycanın da bu cür müasir silahları var. Ancaq Azərbaycanın silahlanması ilə Ermənistanın silahlanmasını eyni saymaq olmaz. Azərbaycanın torpaqları işğal altındadır və beynəlxalq hüquq icazə verir ki, işğala məruz qalmış ölkə hərbi yolla öz ərazi bütövlüyünü təmin etsin. Ermənistanın isə torpaqları işğal olunmayıb, Ermənistana qarşı heç bir ölkə ərazi iddiasında deyil, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Bu yaxınlarda dünya ölkələrinin ordularının reytinq cədvəli yayılmışdı. Orada Ermənistan ordusu 74-cü yerdə idi. İqtisadi vəziyyəti bərbad, əhalisinin sayı getdikcə azalan bir ölkənin ordusu 74-cü yerə necə oldu ki, çıxdı? Aydın məsələdir ki, ona Rusiyanın həm güzəştli şərtlərlə, həm də pulsuz verdiyi müasir silahların, texnikanın hesabına.

Odur ki, Azərbaycan, Türkiyə və Gürcüstan dövlətləri Ermənistandan gözlənən təhlükələri gözardı etməməlidirlər. Çox ciddi addımlar atılmalıdır. Nəzərə alınmalıdır ki, Moskva hər an öz forpostu olan Ermənistanı Azərbaycanın, lazım olanda Gürcüstanın, Türkiyənin üstünə qısqırda və Rusiya qoşunlarının regiona sülhməramlı adı altında daxil olması üçün zəmin yaratmaq niyyətini həyata keçirmək istəyinə düşə bilər. Bir çox qorxaq politoloqlardan, siyasətçilərdən fərqli olaraq mən bunu açıq şəkildə bəyan edirəm. Belə bir təhlükənin olduğunu görüb dilə gətirməmək xalqın taleyi ilə oynamaq olardı. Təhlükə bir addımlığımıza dirənib. Onu görməmək mümkün deyil\”.

Ü.Cəfərov onu da bəyan etdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olsa da Ermənistanı silahlandırması ilə vasitəçilik prinsiplərini pozur: “Rusiyanın münaqişə tərəflərindən birinə, özü də işğalçı tərəfə qırıcı təyyarələr, hərbi texnika, silah satması vasitəçilik prinsiplərinə, qanunlara ziddir. Azərbaycan Ermənistanın silahlandırılması faktını əsas göstərərək Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyində qalmasının vasitəçilik missiyasına, qanunlara uyğun olmadığı məsələsini qaldırmalıdır”. (virtual)

İnterpress.az