Fəaliyyətsiz Ombudsman kimə lazımdır?backend

Fəaliyyətsiz Ombudsman kimə lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ombudsman institutu konstitusiya qanununa əsasən, 2002-ci ilin 2 iyul tarixində Milli Məclisin prezident tərəfindən irəli sürülən üç namizəd arasından ilk ombudsmanı seçməsi ilə təsis edilib. Ombudsman konstitusiyada və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquq və azadlıqlarının pozulmasının qarşısını almaq üçün geniş mandata sahibdir.

İnsan hüquqları, uşaq hüquqları, informasiya üzrə ayrı-ayrı ombudsman institutları olan bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda cəmi bir ombudsman institutu konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının həyata keçirilməsinə nəzarət edir.

Vətəndaşların informasiya əldə etmə hüququnun təmin olunmasına nəzarət əvvəlcə fərqli bir institut üçün nəzərdə tutulsa da, bu səlahiyyət də sonradan ombudsman institutuna həvalə edilib. Maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsi və onların problemlərinin asan həlli üçün isə ayrıca maliyyə ombudsmanı institutunun təsis edilməsi planları mövcuddur.

Ombudsman institutu barədə zaman-zaman yayılan hesabatlarda diqqəti çəkən əsas cəhət isə bu instituta rəhbərlik edən şəxsin məvacibi ilə bağlıdır. Ombudsmanın aylıq vəzifə maaşı əvvəlcə qanunla 1,800 manat həcmində müəyyən edilsə də, daha sonra bu rəqəm 2,025 manata qədər artırılıb.

Ombudsman Aparatının xərcləri dövlət büdcəsindən qarşılanır. İllik büdcə bir il əvvəlki büdcə ilə müqayisədə azaldıla bilməz. Qanuna əsasən, Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları ombudsman tərəfindən təyin edilir və işdən azad edilir. Aparatın və regional mərkəzlərin əməkdaşlarının hüquqları, vəzifələri və məsuliyyətləri Əmək Məcəlləsi, \”Dövlət qulluğu haqqında\” Qanun və digər normativ aktlarla müəyyən olunur.

Ombudsmana aid tələblər pozulduqda və ya ombudsman öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Milli Məclisin təşəbbüsü ilə və ya prezidentin təqdimatı əsasında ombudsmanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verə bilər.

Cəmiyyətdə ən çox narazılığa səbəb olan məqamlardan biri də Ombudsman Aparatının üzərinə düşən əsas məsələdə – saxlanma təcridxanalarında vəziyyətin monitorinqində yol verdiyi qeyri-obyektivlikdir. Belə ki, sözügedən qurum monitorinq üçün Ədliyyə Nazirliyi və istintaq proseduralarına nəzarəti təmin etmək üçün Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla əməkdaşlıq edir. Bundan başqa, qanunamüvafiq olaraq ombudsman xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarını qorumaq üçün öz təşəbbüsü ilə araşdırma apara bilər.

Fəaliyyətsiz Ombudsman kimə lazımdır?


Amma Ombudsman Aparatı ilə bağlı tənqidlər daha çox ombudsman Elmira Süleymanovanın Milli Məclis qarşısındakı hesabat çıxışları zamanı artır. Ən ciddi etirazlar isə 2012-ci ildəki çıxışı zamanı baş vermişdi.

“Yeni Müsavat” xatırladır ki, həmin vaxt deputat İqbal Ağazadə Ombudsman Aparatının fəaliyyətindəki nöqsanları belə təhlil etmişdi: “Əgər Avropa Məhkəməsinə gedən bu qədər işlər və vətəndaşların qalib gəldiyi məhkəmə halları varsa, bunlar ombudsmanın hesabatında öz əksini tapmırsa, bu qədər insanın mülkiyyət hüququ tapdandığı halda hesabatda yalnız hakimiyyətə aid olmayan MMC-lərin, MTK-ların adları çəkilirsə, \”Qış bulvarı\” və digər söküntülərlə bağlı narazılıqlar heç bir hesabatda yer almır, mülkiyyət hüququnun pozuntusu kimi dəyərləndirilmirsə, dünyanın bütün beynəlxalq qurumlarının vicdan məhbusu kimi tanıdığı 16 aksiyaçı və Bəxtiyar Hacıyevin məsələsi öz əksini tapmırsa, o ombudsmanın hansı fəaliyyətindən danışmaq olar? Bu fəaliyyət nəyə və necə söykənir?»

Maraqlıdır ki, E.Süleymanovanın ombudsman olduğu illər Azərbaycanda insan hüquq və azadlıqlarının ən çox pozulduğu dönəm sayılır. Uzun bir siyahıya sığacaq qədər vicdan məhbusları, redaktorlar, jurnalistlər məhz onun dönəmində həbsdə olub. Sabiq siyasi məhbusların dediyinə görə, Ombudsman Aparatı nümayəndələri hər zaman onlara baş çəkib, şikayətlərini öyrənəndən sonra mediaya vəziyyəti olduğundan daha yumşaq və yaxşı göstərməyə çalışıblar. Bu cür hallar isə sözügedən quruma inamın azalma səbəblərindəndir.(modern)

İnterpress.az