Tələbələrin bölüşdürə bilmədikləri pullarbackend

Tələbələrin bölüşdürə bilmədikləri pullar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd yalnız yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə veriləcək.

Bununla da ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrlə yanaşı, pullu əsaslarla ali məktəbə daxil olan, lakin dövlət hesabına təhsil alan qaçqın və məcburi köçkünlər, həmçinin, digər imtiyazlı ailələrdən olan tələbələr yüksək akademik nailiyyətlər göstərdikləri təqdirdə təqaüd ala biləcəklər.
Bu qaydalar bəzi tələbələrin (xüsusən ödənişli əsaslarla oxuyanların) ürəyincə olsa da, bəzi tələbələr (dövlət hesabına təhsil alanlar) öz narazılıqlarını bildirirlər. Sabir adına Pedaqoji Kollecin 3-cü kurs tələbəsi deyir ki, həmişə təqaüdlərini vaxtı-vaxtında alıblar. Amma bu aydan etibarən onlara təqaüd verilməyəcək: “Bizə deyiblər ki, artıq bu aydan etibarən təqaüdlərimiz ödənişli fakultədə əlaçı oxuyan tələbələrə veriləcək. Onlara təqaüd verilməsinə qarşı deyilik, amma bizim təqaüdün kəsilməsini də istəmirdik”- deyə tələbə xanım bildirdi.

\”Ödənişsiz əsaslarla oxuyan tələbələrin yalnız əlaçı hissəsi təqaüd ala bilər\”
Araşdırmalar nəticəsində məlum oldu ki, yeni qaydaların tətbiq olunması, hətta, bir neçə ay tələbələrin təqaüd almamasına səbəb olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş mühasibi Gülağa Şahmuradov bu gecikmənin hesablamalarla bağlı olduğunu deyir: “Bütün ali məktəblərdə fevralın 1-dən etibarən təqaüdlərin həm ödənişli, həm də ödənişsiz fakultədəki tələbələrin ala biləcəkləri ilə bağlı hesablamalar uzanır deyə təqaüdlərin verilməsi də gecikir. Amma bu yaxınlarda hamının təqaüdü veriləcək”, – deyə qurum rəsmisi əlavə edib.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, təhsilin səviyyəsinin yüksəlməsi naminə prezidentin verdiyi bu sərəncamı Təhsil Nazirliyində səhv şərh ediblər. \”Təqaüdlər barədə yeni sərəncam verilərkən, hamı elə bildi ki, ödənişli, ödənişsiz fakultədən asılı olmayaraq, hər kəs, xüsusən də, yüksək akademik göstəricisi olanlar təqaüd ala biləcəklər. Amma sonradan bu fikir özünü doğrultmadı. Sən demə, təqaüdlər tələbələrə qruplara görə təyin olunur. Əgər bir qrupda yalnız ödənişli əsaslarla tələbələr təhsil alırsa və orada dövlət hesabına təhsil alan tələbə yoxdursa, həmin qrupun tələbələri, hətta, 91 baldan yüksək bal toplasa da, təqaüd ala bilməyəcək\”, – deyə ekspert bildirdi.

Kamran Əsədov onu da əlavə etdi ki, bu qanuna yenidən mütəxəssislər baxmalı və düzgün nəticə əldə etməlidirlər. Ekspertin fikrincə, indi həm ödənişli fakultənin tələbələri, həm də, dövlət hesabına təhsil alanlar təqaüddən məhrumdurlar. Çünki sərəncamdan sonra yalnız 20% tələbələrin təqaüd almaq imkanı olacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələyə aydınlıq gətirərək, təqaüdü tələbələrin qruplar deyil, ixtisaslar üzrə alacağını dedi: \”İkinci semestrdən sonra tələbələr ödənişli və ya dövlət hesabına təhsil almaqlarından asılı olmayaraq, yüksək akademik göstəricilər əsasında yuxarıdan aşağı onların adları sadalanacaq. Təqaüdün sayı isə bir ixtisasda dövlət hesabına oxuyan kvotanın sayı qədər hesablanacaq, – deyə qurum rəsmisi vurğuladı.

Ötən ay Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən tələbələrin təqaüdləri artırılacaq, bundan əlavə ilk dəfə ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd ala biləcəklər.

Sərəncamda o da qeyd olunub ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

Bu ilin yay ayında isə Təhsil naziri Mikayıl Cabbarov Mirşahin Ağayevlə müsahibəsində bildirib ki, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir. Nazir bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab etdiyini dilə gətirmişdi. Mikayıl Cabbarovun sözlərinə əsasən, onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir.

Yeni qanun bəzi tələbələrin ürəyincə olmaya bilər, amma bundan sonra təqaüd almaq həvəsi, tələbələrin yaxşı oxumaq istəyini artırmaqla yanaşı, yuxarıdan aşağı akademik göstəricilərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Eyni zamanda, bu qanunun tətbiqindən sonra təhsilin inkişaf edəcəyinə və savadlı tələbələrin daha çox yetişəcəyinə ümidləri artır. (anspress)

İnterpress.azhttps://youtube.com/watch?v=mr9KPJx_-Wc