Xocalı faciəsi zamanı sözügedən bölgədə olan jurnalist İrfan Sapmaz “Hürriyyet” qəzeti və TRT vasitəsilə ilə hadisəni dünyaya çatdıran ilk jurnalist olub. Həmin vaxt jurnalistlərdən heç kim o bölgədə olmayıb. İ.Sapmaz illər sonra bu hadisəni Türkiyənin “Star” qəzetində belə qələmə alıb:
“Əslində Azərbaycan üzərindəki oyunlar çox keçmişə söykənir. Amma mən yaxın tarixi təhlil edəcəm. Stalin 1937-ci ildə bugünkü Ermənistan torpaqlarını Naxçıvanla Azərbaycan arasına yerləşdirəndə cəmi bir məqsədi vardı – Qafqazın və dolayısı ilə Türk dünyasının bağlarını Türkiyədən qoparmaq.
1980-ci illərdə Qorbaçovun rəhbərlik etdiyi “Aşkarlıq” və “Yenidənqurma” hərəkatı, ən vacib oyununu Qafqazda oynamağa başladı. Dağlıq Qarabağda ermənilər “tarixi böyük Ermənistan” planlarını səhnəyə qoymağa başladı. Təqvim 1981-ci ili göstərməyə başlayanda Dağlıq Qarabağda bir ağacı kəsən ermənilər ilə Azərbaycan türkləri arasında döyüşlər qızışdı. 1990-cı ilin sovet ordusunun tankları Bakıdakı azadlıq atəşini söndürmək üçün paytaxta girib şəhəri qan gölünə çevirdikləri zaman bir jurnalist olaraq orada idim. Amma Azərbaycan artıq geri qayıtmağı düşünmürdü və Azərbaycanın hər yerində insanlar ayağa qalxmışdı. Azadlıq meydanında milyonlarca insan sovet tanklarına qarşı mücadilə verirdi. Küçələr qan gölünə dönmüş, yüzdən artıq şəhid verilmişdi.
1991-ci ildə, hazırda işğal altında olan Laçın üzərindən Şuşaya gedib, Dağlıq Qarabağın o möhtəşəm şəhərini gördüyüm zaman niyə Dağlıq Qarabağın türklər üçün bu qədər önəmli olduğunu anlamışdım.
26 fevral 1992-ci ildə, yəni, bundan tam 11 il öncə (yazı 2003-cü ilin 26 fevralında, “Star” qəzetində yayımlanıb) Ağdamda Xalq Cəbhəsinin qərargahında Bakıya qayıtmağı gözləyirəm. Bir anda ortalıq qarışdı, ratsiya ilə “Xocalıda xalqımızı qırmağa başladılar. Minlərlə insan öldürülüb. Təcili yardım lazımdır” anonsları qanımızı dondurdu. Anidən Xalq Cəbhəsində olan bir qrup əsgərlə nəqliyyat vasitələri ilə Xocalıya doğru getməyə başladıq. Amma Xocalıya girməmiz mümkün deyildi. Çünki rusların Qarabağda yerləşdirilən əsgər gücləri tərəfindən mühasirəyə alınmışdıq və 26 fevral gecəsi kənd tamamən yox edilməyə başlanmışdı. Xocalıya bir neçə kilometr uzaqlıqdakı Əsgəran təpələrinə gəlib, Xocalıdan qaçmağa çalışanları xilasetmə əməliyyatı başlamışdı. Azəri türklərinin əllərində ancaq of tüfəngləri, bel, qazmalar var idi. Bir çarəsizlik hökm sürürdü.
Atışmanın ən qaynar nöqtəsinə qədər irəliləməyə nail olmuşduq. Xocalıdan qadınlar, uşaqlar qışın o soyuğunda sağ qalmaq üçün var gücləri ilə Ağdam istiqamətinə doğru qaçırdılar. Bakıdan isə gələn ən kiçik bir yardım belə yox idi. Çünkü Ayaz Mütəllibov hakimiyyəti rusların ermənilərlə birləşib, belə bir qətliam edəcəklərinə inanmırdı. Gün boyu qaynar döyüşlərin tam ortasında bir tərəfdən şəkil çəkir, digər tərəfdən də əlimdəki videokamera ilə görüntü almağa çalışırdım.
Əfqanıstan kimi bir cəhənnəmdəki müharibəni izləyən müharibə müxbiri olaraq gördüklərim məni elə çaşdırmışdı ki, zaman-zaman gözlərimdən yaşlar axdığını hiss edirdim. Bu göz yaşları insanlıq adına axan göz yaşları idi. Çünki vəhşicəsinə qulaqları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnındakı körpələr kəsilərək öldürülmüşdü. Azərbaycan türklərinə sadəcə türk olduqları üçün yaşama şansı verilməmişdi. Gün boyu nə qədər yaralı və şəhid şəkli çəkdiyimi xatırlamırdım. Sonradan öyrəndiyimizə görə, hadisə vaxtı 1200-ə yaxın (burada müəllif yanlış yazır, o qırğın zamanı 613 adam öldürülüb – red.) Azərbaycan türkü öldürülmüş və minlərlə yaralı var idi. İstanbula qayıdıb, şəkilləri və videogörüntüləri bütün dünyaya yaydığımız zaman Qərb və Amerika mediasından aldığımız reaksiya “təqdirəlayiq” idi”.(musavat)
İnterpress.az