Avtobus qəzalarında ölən və xəsarət alanlara niyə təzminat ödənilmir?backend

Avtobus qəzalarında ölən və xəsarət alanlara niyə təzminat ödənilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişinlərlərin məsuliyyətini nəzərə almadan avtobusu yüksək sürətlə və təhlükəli şəraitdə idarə edən avtobus sürücüləri bu gün də marşurutlarda fəaliyyətlərini davam etdirirlər. Belələri nəinki sərnişinlərin, hətta piyadaların da həyatını təhlükəyə atır. Fevralın 29-da daha bir sərnişin avtobusunun törətdiyi qəza Parlament prospektində qeydə alınıb. 63 saylı avtobusun qəza törətməsi nəticəsində iki piyada, ana və övladı yol nəqliyyat hadisəsinin qurbanı olub. Onlardan biri yerindəcə keçinib, digərinin vəziyyəti isə ağırdır. Ötən həftə avtobusun qəza törətməsi nəticəsində daha bir sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişmişdi.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Movqe.az-a açıqlamasında deyib ki, hər hansı bir xətdə avtobus sürücüsü qəza törətdikdə xəsarət alana dəymiş zərər əksər hallarda ödənilmir: \”Avtobusların qəza törətməsinin bir səbəbi gündəlik planın ödənilməsi üçün sürücülərin avtobusu təhlükəli idarə etməsidir. Sürücü çalışır ki, dayanacağa başqa xətt üzrə hərəkət edən avtobusdan tez çataraq daha çox sərnişin götürsün. Bəzən eyni xətdə hərəkət edən sürücülər biri-biriləri ilə interval fərqinə görə mübahisə edərək, avtobusu yüksək sürətlə və təhlükəli idarə edirlər. Bu cür halların da qurbanı əsasən sərnişinlər olur. Bu zaman piyadalar arasında da xəsarət alan, yol qəzasının qurbanı olanlar az olmur.

Daha bir səbəb isə xətlərdə hələ də naşı sürücülərin fəaliyyətini davam etdirməsidir. Bu sistemdə özbaşınalıq, qayda pozuntusu çoxdur. Ona görə də biz, tez-tez avtobusların qəza hadisəsi törətməsinin şahidi oluruq. Bu cür halların təkrarlanmaması üçün sərnişindaşımada ciddi islahatlara ehtiyac var. Eyni zamanda, avtobus qəzaları zamanı xəsarət alan sərnişinlər, dünyasını dəyişənlərin yaxınları qəzaya səbəb olanların hüquqi baxımdan cəza alması üçün məhkəmələrə belə gedib-gəlməkdən imtina etməməlidirlər. Görünən odur ki, sərnişinlər mübarizə apararaq, yüksək məbləğdə təzminat ödənilməsini təmin etmək üçün əllərindən gələni etməli, məhkəmələrə müraciət etməlidirlər. Xətt sahibləri nə qədər ki, avtobus qəzalarının baş verməsi zamanı sərnişinin həyatını itirməsi, ağır xəsarət almasına görə məsuliyyətə cəlb olunmur, yüksək məbləğdə təzminat ödəmir, bu məsələ həllini tapmayacaq”.

Ə. Hüseynov deyir ki, şəhərdaxili marşurutlarda fərdi qəza sığortası yoxdur. Amma hər bir nəqliyyat vasitəsi üçüncü şəxs qarşısında icbari sığorta olunur: \”Avtobus qəza törətdikdə əgər sərnişin zərər çəkirsə, dünyasını dəyişirsə, məbləği sığorta şirkəti ödəyir. Bu, mülki məsuliyyətə görə sığortadır.Hər bir avtomobil də mülki məsuliyyətə görə sığortalanmalıdır”.
Hüquqşunas Müzəffər Baxışov isə avtobusların yol qəzası törətməsi hallarının qarşısının alınması üçün xətt sahiblərinin də hüquqi şəxs kimi məsuliyyət daşıdığını söyləyir. Hüquqşunas deyir ki, əgər qəza zamanı xətdə fəaliyyət göstərən sürücünün müvafiq kateqoriyası, yaxud da sürücülük vəsiqəsi olmadan avtobus idarəetdiyi təsdiqlənsə, hüquqi şəxs qismində Mülki Məcəllənin müvafiş maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. M. Baxışov deyir ki, xətt sahibləri avtobus qəzalarının baş verməməsi üçün maksimum dərəcədə tədbirli olmalı, sərnişindaşıma ilə bağlı tələblərə əməl etməlidirlər: \”Sürücülər çox vaxt əmək müqaviləsi olmadan işə cəlb olunur. Buna görə də, xətt sahibləri bəzən məsuliyyətdən yayınırlar. Əgər sürücünün əmək müqaviləsi ilə həmin xətdə işlədiyi sənəddə də qeyd olunarsa, bu zaman sahibkarın səhlənkarlığı üzə çıxarsa, Mülkü Məcəllə ilə sahibkar da hüquqi şəxs olaraq məsuliyyətə cəlb oluna bilər”.
Hüquqşunas deyir ki, sığortanı ödəyən şirkətlər bu məsələləri incələməlidirlər, hüquqi şəxsin məsuliyyətsizliyi üzə çıxarsa, onlar ödədiyi məbləği xətt sahibindən geri ala bilər.

İnterpress.az