Bir neçə gün əvvəl xəbər vermişdik ki, Azərbaycan hökuməti bəzi islahatlara gedərək, bir sıra dövlət qurumlarının birləşdirilməsi prosesini həyata keçirəcək. Bu sırada Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin də adı var idi. XYİDAK-ın XİN-ə birləşdirilməsi artıq dəqiqləşib. Çünki hər iki qurum demək olar ki, eyni funksiyanı həyata keçirir.
Lakin bu birləşməyə qədər komitə sədri Nazim İbrahimovun işdən çıxarılacağı da artıq qətiləşib. İbrahimovun işdən çıxarılmasını zəruri edən başlıca amil bu yaxınlarda oğlu ilə bağlı yaşanmış qalmaqaldır. Belə ki, komitə sədrinin oğlunun adı hərbi xidmətdə getsə də, özü xarici ölkələrə mütəmadi olaraq səfərlər edir. Və bununla bağlı fotoların yayılması isə ortalığı lap qarışdırıb. Özü də cəbhədə müharibə gedən bir vaxtda Nazim İbrahimovun oğlunun xaricdən səsinin gəlməsi işləri daha da korlayıb.
Məlumatlarda qeyd edilir ki, hakimiyyət dairələri belə bir vəziyyətdə komitə sədrinin ciddi səhvə yol verdiyini artıq özünə də çatdırıblar. Və bildiriblər ki, dövlət başçısının da məsələdən xəbəri var. Prezident İlham Əliyev isə indiki həssas məqamda mühüm postlardan birinin başında duran məmurun oğluyla bağlı ortaya çıxmış qalmaqalı bağışlayacağı inandırıcı görünmür. Bu səbəbdən də mənbələr Politika.Az-a bildiriblər ki, birləşmədən öncə Nazim İbrahimov görəvindən alınacaq.
Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir. (politika.az)
İnterpress.az