Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Cəmşid Manafovun cinayət işi üzrə bu gün məhkəmə prosesi başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Manafov barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri ləvğ edilib və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, qəza Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində baş verib. Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Manafov Cəmşid Qərib oğlunun idarə etdiyi VAZ 2107 sərt döngədə idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.
Avtomobilin sürücüsü C.Manafov həlak olan qadının övladları – 1994-cü il təvəllüdlü Əliyeva Gülər Mərdan qızı və 1996-cı il təvəllüdlü Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Yaralılardan O.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onu da qeyd edək ki, qəzada ölənlər sürücü ilə yaxın qohum olub. (trend.az)
İnterpress.az