“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov inzibati binada yaradılan şərait barədə danışıb. O, deyib ki, 1,7 hektar sahəsi olan bu ərazidə təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.
“Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.
Burada işçilər üçün ümumilikdə 210 kabinet yaradılıb. Bina ən müasir havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. İnşaat işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. Orijinal interyeri ilə seçilən binada müasir videomüşahidə və kompyuter sistemləri quraşdırılıb. Burada yeni rəqəmsal rabitə sistemi şəbəkəsi qurulub. Binanın dam örtüyünün konstruksiyası tamamilə yenilənib.
Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, səkilər qurulub. Binanın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə transformator yarımstansiyası tikilib. Su təchizatını təmin etmək üçün isə anbar inşa olunub.
İnterpress.az