Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Qarabağ əlillərini və şəhid ailələrini ittiham edib. Qazilərin hər zaman narazı olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verin: \”Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir? Bu, doğru yanaşma deyil. Nə edirsən, yenə də elə narazı qalırlar”.
Onun bu açıqlaması isə cəmiyyətdə hiddət doğurub. Sosial şəbəkələr, media müstəvisində geniş müzakirə obyektinə çevrilən bu ifadəyə görə, hamı deputatı tənqid edib, onun məlum açıqlaması Vətən yolunda, torpaq uğrunda sağlamlığından keçən qazilərə qarşı hörmətsizlik kimi dəyərləndirilib. Qeyd edək ki, elə Qarabağ qazilərinin özləri də millət vəkilinin ittihamını cavabsız qoymayıb və onun hər zaman qazilərə qarşı laqeyd münasibətindən şikayətləniblər.
\”Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov isə açıqlamasında Hadı Rəcəblinin dediklərinin həqiqətdən uzaq olduğunu deyib: \”Hadı müəllim bir zamanlar müəllimlərlə bağlı da açıqlama verərək bildirmişdi ki, getsinlər fəhlə işləsinlər, palçıq qatıb ustalıq etsinlər. Özünün imkanları genişdir, yaxşı istirahət mərkəzləri var, layihələr həyata keçirir, kefi də kökdür. Qarabağ əlili isə Azərbaycanda minimum yaşayış həddi, aşağı pensiya ilə zülmlə-zillətlə yaşayır. Hadı Rəcəblinin belə açıqlama verməsi doğru deyil, yanlış bir yanaşmadır”.
Birlik sədri hansısa əlilin dövlətdən ikinci avtomobil istəməsiylə bağlı fikirlərin yalan olduğunu vurğulayıb: \”Həmin insanlar vətənə təmənnasız olaraq qulluq ediblər. Dövlətin verdiyi güzəştlər, maşınlar, mənzillər, pensiyalara görə həmin insanlar dövlətimizə minnətdardırlar. Ancaq bunlar azlıq edir. Heç bir əlil maşın alandan sonra dövlətdən ikinci maşın istəməyib. Heç kim deməyib ki, maşınım xarab olub, onu Hadı Rəcəbli özündən uydurur”.
Artıq Hadı Rəcəblinin açıqlamalarının ona qəribə gəlmədiyini deyən E.Əsədov bütün bunların məhz Milli Məclisin deputatının dilindən çıxdığına təəssüfləndiyini vurğulayıb: \”Açıqlamaları ilə ictimaiyyətin qınağına tuş gəlib, özünü camaata güldürür. Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar ilə Qarabağ əlillərinə və şəhid ailələrinə \”qan pulu” ödənməlidir kimi məsələnin üzərinə gəlsin və onun necə verilməsi qaydası ilə bağlı açıqlama versin. Belə qərəzli, özünü gülünc vəziyyətə salan açıqlamalar verməsin. Görünən odur ki, qocalıb, yaşa dolub. Getsin nəvələrinə \”Təpəgözün nağılı”nı danışsın. Məncə \”Zümrüd quşunun nağılı”nı danışsa, \”Palıdlı” İstirahət Mərkəzində günü daha da xürrəm keçər. Əlillərə bu cür yanaşır, amma Qarabağ əlilləri ilə bağlı layihə həyata keçirəndə özünə məxsus istirahət mərkəzinə göndərib, bəhrəsini görür”.(aznews.az)
\”Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədovun dediyinə görə, Hadı Rəcəbli tərəfindən aztəminatlı ailələrlə bağlı bu cür anormal açıqlamalar tez-tez verilir: \”Hətta deyərdim ki, onun hibrid açıqlamaları bütün qaziləri bezdirib. Onun vəzifəsi sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrin, şəhid ailələrinin, müharibə qazilərinin hüquqlarının qorunması və sosial durumlarının yaxşılaşdırılması istiqamətində səmərəli ideyalar irəli sürməkdir. Hadı Rəcəbli isə tamamilə zidd açıqlamalar verir. Dövlət bizim taleyimizi parlamentdə Komitə sədri olan Hadı Rəcəbliyə tapşırıb, o da qaziliyin, şəhidliyin nə olduğundan zərrə qədər də anlayışı olmayan laqeyd insanları başına yığıb, təhqiramiz açıqlamalar verməklə bizim əsəblərimizlə oynayır. Onun verdiyi açıqlama nə millət vəkili, nə də Komitə sədri statusuna uyğun deyil. Hesab edirəm ki, o, sədrlikdən uzaqlaşdırılmayana qədər bu cür açıqlamalar verib, xalqı, qaziləri qıcıqlandırmağa davam edəcək. Sanki bu adam qazilərin və ya sosial qayğıya ehtiyacı olan digər təbəqələrin durumunu daha da acınacaqlı hala gətirmək, hətta onların sinir sistemini korlamağı qarşısına məqsəd qoyub. Hadı Rəcəblinin nə özünün, nə də ailə üzvlərinin kasıbçılıqdan və əlillikdən xəbəri var. Ayda 100-150 manata möhtac qalmağın nə demək olduğunu bilmirlər hələ. Allah başlarına gətirsin, görsünlər ki, əlillərin narazılığı necə olur!”.(Qaziler)
İnterpress.az