Şikayətçinin sözlərinə görə, bir evdə 7 nəfər yaşadıqları üçün vəziyyətləri heç də ürəkaçan deyil. Ailənin heç bir gəlir yeri yoxdur. Yalnız anası Məmmədova Səmayə Vəli qızı Ərçivan kənd orta məktəbində xadimə işləyərək 100 AZN məvacib alır. İşsizlikdən və maddi təminatsızlıqdan əziyyət çəkən ailə dəfələrlə rayon icra hakimiyyətinə və bütün dövlət strukturlarına müraciət etsə də müraciətlərinə baxılmayıb. Yüksək instansiyalara göndərilən müraciətləri isə baxılması üçün yenidən rayon icra hakimiyyətinə göndərilib.
Şikayətçinin sözlərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı, nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə bilinən, Quba hadisələrinin baiskarı kimi ad çıxararaq sonradan Astaraya icra başçısı göndərilmiş Qəzənfər Ağayev isə onun müraciətlərini dinləmir.
Dəfələrlə Astara rayon icra başçısının qəbulunda olan həmsöhbətimiz heç bir müsbət cavab almadığını deyir. Onu Astara rayon Məşğulluq Mərkəzinə göndərsələr də, mərkəz rəhbəri ona 80 manatlıq iş təklif edib. Rayonda ümidi üzülən Məmmədov Tofiq paytaxt Bakıya üz tutub:
“Bacım 2015-ci ilin oktyabr ayına qədər ünvanlı sosial yardım alsa da, sonradan yardım kəsilib. Yenidən tələb edilən sənədləri toplayaraq təhvil verdikdən sonra ona ünvalı sosial yardım verilmədi və get-gələ saldılar”.
Bakıya gəldikdən sonra parklarda, küçələrdə gecələyən Tofiq Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutub. Nazirlik əməkdaşları onu və onlarla digər şikayətçini qəbul etməkdən imtina edib. Bunun əvəzində isə etirazçıları sakitləşdirmək üçün göndəriln əməkdaş Tofiq Məmmədova “Gəl sənə toyuq alaq verək, get yaşa” deyib. Astara sakini indi çıxılmaz vəziyyət qarşısındadır:
“Özümü nazirliyin binası qarşısında yandırmağı düşünürəm. Həyatdan ümidim üzülüb. Təsəvvür edin Bakıya gəlmək üçün qapı-qapı düşüb pul toplamışam. Necə qayıdacağımı bilmirəm. Rayonda da bir yeşik məktub var. Yazıram, göndərirəm yüksək instansiyalara, onlar da yollayır İcra Hakimiyyətinə. Ordan da mənə başdangetdi bir cavab yazıb göndərirlər. Axırda mən də yazdım ki, sizin göndərdiyiniz kağızdan evimizdə bir yeşik var. Mənə kömək edin, kağız göndərməyin. Heç o məktubuma da cavab gəlmədi. Əli Əhmədovun, Bahar Muradovanın qəbulunda olmuşam. Ora-bra zəng etdilər, tapşırıq verdilər. Heç kim dərdimə baxmadı, halıma yanmadı. Sosial yardım da ala bilmədim. Getdim 10 dənə limon aldım, dedim küçədə satım, onu da polis əlimdən aldı, apardılar şöbəyə, 4-5 gün yatdım çıxdım. Evimdə 7 nəfər külfətim var. Anamın 60 yaşı var, xadimə işləyir. İcra başçısı açıq-aşkar deyir ki, sən demaqoqsan, əl çək, büdcədə pul yoxdur. Heç olmasa, torpaq sahəm var, dəstək versələr əkin-biçin edib başımı saxlayaram. Onu da etmirlər. İki gün bundan qabaq getdim “Space” telekanalına ordan mənə dedilər ki, neynirik səni? Bizə şou lazımdır, şou göstər səni çəkək. Ancaq ümidim qalıb ki, gedim özümü od vuram yandıram. Heç olmasa, ailəmin pis gününü görmərəm”.
Astara rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yasəmən Rəsulova Cebhe.info-ya açıqlamasında belə bir şəxsi tanımadığını və onun icra hakimiyyətinə göndərdiyi müraciətindən xəbərsiz olduğunu bildirib. İctimaiyyətlə əlaqələr şöbəsinin digər əməkdaşı Mərasim Hacıyev isə “Bu məsələni xüsusən araşdıracağıq və bütün lazımi addımlar atacağıq”.
Ərçivan icra nümayəndəsi Cəbrayıl Salmanovun sözlərinə görə, şikayətçiyə həm icra nümayəndəliyi, həm də rayon icra hakimiyyəti tərəfindən kömək edilir:
“Hətta bayramdan bayram sovqatı da verilir. Onun bir bacısı ailəlidir, ayrı yaşayır, digər bacısı da bu yaxınlara qədər ünvanlı sosial yardım alırdı. Anası da məktəbdə xadimə işləyir. Ümumiyyətlə, qəsəbədə on minə yaxın əhali var. Hətta elə ailələr var ki, heç bir gəliri yoxdur. Mal-qara, təsərrüfatla dolanırlar. Bu oğlan da cansız-cəsədsiz oğlandır. Təklif olunan ağır işləri işləyə bilmir, ali təhsili yoxdur. Banklardan külli miqdarda kredit götürüb. On-on beş nəfər yığışıb bir-birlərinin adına kredit götürüblər. İndi pis vəziyyətdədilər. Biz öz öhdəmizə düşəni etmişik”.
İnterpress.azhttps://youtube.com/watch?v=5h211I7mWlUhttps://youtube.com/watch?v=NAdjFSnmrTg