Qaydaya əsasən vətəndaşların polis orqanları ilə əməkdaşlığı (polisə ictimai dəstək) onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.
Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər. Polis orqanları ilə əməkdaşlıq etmək istəyən şəxslərin ümumi dünyagörüşünün, şəxsi və işgüzar keyfiyyətlərinin, habelə ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçirilir. B şəxslər fəaliyyətə başlamazdan əvvəl müəyyən edilmiş qaydada müvafiq ilkin hazırlıq keçmələri üçün Nazirliyin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 1 ay müddətində xüsusi kurslara cəlb edilirlər. Onlar əməkdaşlıq etməyə başladıqları gündən şəhər, rayon polis orqanı tərəfindən dövlət hesabına xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin olunurlar. Həmin şəxslər səlahiyyətlərini həyata keçirərkən üzərində döş nişanı olan xüsusi geyim formasını daşımalı, hər hansı şəxsə müraciət edərkən adını, soyadını bildirməli və vəsiqəsini göstərməklə özünü təqdim etməlidir.
Polislə əməkdaşlığa cəlb edilmiş şəxslər hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək, cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına köməklik göstərmək, o cümlədən cinayət törətmiş şəxs müqavimət göstərdikdə əl-ayağını bağlamaq, üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə üstünü yoxlayaraq, bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürmək, zor tətbiq edilməklə törədilən cinayətin qarşısının alınması və onu törədən şəxsin tutulması zamanı son zərurət və zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.
Qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə fiziki qüvvənin tətbiqi qadağandır.
Polis orqanları ilə əməkdaşlığa cəlb edilən şəxslərin inzibati xətalarla bağlı protokolları tərtib etmək, daxil olmuş cinayət və hüquqpozmalar barədə məlumatın yoxlanılması barədə tapşırıqlar vermək, onları özlərinin və başqa şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradan, habelə cinayətin törədilməsi ilə nəticələnə biləcək fəaliyyətə cəlb etmək, dövlət sirri təşkil edən və qanunvericiliklə açıqlanması qadağan olunan məlumatlarla tanış etmək qadağandır.(apa)
İnterpress.az