Sabir Rüstəmxanlının 70 yaşı ilə bağlı İstanbulda böyük bir tədbir olacaqdı. Mən də o tədbirə dəvət edilmişdim. Bu dəvət məni bəxtiyar etmişdi. O qədər dəyərli insanların içində olmaq, bu tədbirə dəvət almaq bir şərəf idi. Həyəcanlı səfər başlamışdı…
İstanbula gəldim, otelə yerləşdim və Konferansın olacagı İstanbul Böyük Şəhər Bələdiyyəsinin Mədəniyyət Mərkəzini tapmaq üçün əvvəldən axtarışa başladım.
Divarlarda Sabir Rüstəmxanlının afişalarını görəndə sözün əsl mənasında ürəyim böyüdü. Deyəsən doğru yolda idim. İşə baxın, Müstəqillikdən bu yana meydanlarda xalqa doğru yolu göstərməyə çalışanlardan birin şəkilləri, İstanbulda da mənə doğru yolu tapmağıma yardımçı oldu. Afişalari izləyə-izləyə salonu tapdım. Salonun hər tərəfində Sabir Rüstəmxanlının Meydanlardakı şəklindən hazırlanmış afişa məni uşaqlığıma qaytardı.
Bu şəkli və bu dövrü xatırlayıram. Çətin dövrlərimiz idi. Həyatı, özümüzü yeni-yeni dərk etməyə başlayırdıq ki sovetlərin tanklarının səsini eşitdik. Küçələrdə qanlar gördük, meydanlarda azadlıq səsləri, xalqın çiynində tabutlar, qulaqlarımızda anaların fəryadları, komendant saatları, mitinqlər…
Çörək növbələrində əzildik, ət, şəkər, yağ ala bilmək üçün talonlarımızı bərk-bərk saxlamağı, qısacası mübariz olmağı öyrəndik. Çünki, hər kəs eyni vəziyyətdə idi. Bu, insana ağır da gəlmirdi. Əsas o idi ki, müstəqil olmuşduq. Zamanla düzələcəkdi. “Əziyyət çəkmədən, qan tökülmədən azadlıq olmaz” deyirdi hər kəs. Amma çətinliklərə baxmayaraq insanlarda torpaq, millət, ziyalı sevgisi var idi. Dəyərlərimiz hələ pul-para olmamışdı. Yəni, xalqın ziyalısına ən gözəl dəyər verdiyi zamanlar idi. Ona görə ki, o zamanlarda hər kəsin rəngi bəlli olmuşdu.
Mən o illəri xatırlamayacaq qədər uşaq da deyildim. Xalqla bütünləşən ziyalıları da görmüşdüm. Onlar arasında Sabir Rüstəmxanlını da var idi. “Böyük şair və yazıçıdır”, “Türk sözünün, dilinin, dininin yasaq olduğu, sözün başlar kəsdirdiyi sovetlər dövründə də yazıb, danışıb” deyirdilər.
Elə bu çətin dövrün adamı həm də şairi olub Sabir Rüstəmxanlı. Ən məhsuldar yaşlarında siyasi proseslərə sadəcə tamaşaçı olub, kənardan yazmaq yox, həm də meydanlarda, ön sıralarda iştirakçı olmaq lazım idi. Çünki xalqın taleyi həllolunurdu. “Ya ölüm, ya olum” məsələsi idi. Həmin vaxt meydanlarda xalqın yanında nədənsə çox az siyasətçimiz var idi. Amma Sabir Rüstəmxanlı oradaydı.
Zaman keçdikcə öyrəndim ki, müstəqillik qazanmaq, hələ hər şeyin yaxşı olacağı demək deyilmiş. Necə deyərlər səfasını düşünürdüksə cəfasına da qatlanmalı idik. Yəni, insanları maddiyatdan daha ağır sınaqlar gözləyirmiş. Dəyərlərin pulla satın alına bilinəcəyi bir dövr…
Pulla hörmət, pulla ad-san, pulla ziyalılıq, doktorluq, professorluq, yazarlıq, şairlik alınan bir dövr… Qısası ayaqların baş olduğu dövr.
Məncə şairlərin, ziyalıların bundan çətin dövrü olmamışdı. Nə azadlıq uğrunda mübarizə, nə “Türk” sözünü deyə bilmək üçün verilən savaş, nə yoxsulluq… Heç biri bu qədər incidə bilməzdi ziyalını.
Ən pisi də pulu və vəzifəsi hesabına özündən ziyalı qayıran, çin malı ziyalıların bir müddət sonra özlərinin doğurdan da ziyalı olmasına inanması və gerçək ziyalılara meydan oxuması oldu.
Nə qədər çətindi bunları yaşamaq, maddiyatçı insanlarla eyni məkanı, eyni havanı tənəffüs etmək. Məcburən “Ye kürküm ye” dövrünün insanı olmaq.
Bu vaxta qədər bizə öyrədilən “Xalqları xalq edən onların ziyalısıdır”, “Xalqın dəyəri onun ziyalısı ilə ölçülər” kimi fikirlər bir anda “pulun varsa, hörmətin var” düşüncəsinə dəyişdi.
Xalqın çətin günlərindən istifadə edən pul sahibləri bu vəziyyətdən yaxşı istifadə etməyi bacardı. Ziyalı, şair, yazar obrazına bürünüb adlar, titullar aldılar. Baş olub, başlara qoşuldular.
Varlıq içində yoxluq yaşadıqlarından xəbərsiz öz dünyalarını qurdular. Dəyərlini dəyərsizləşdirmək üçün işlər gördülər, şifarişlə yazılar yazıb kampaniyalara başladılar.
Bu sadəcə dəyərsizləri dəyərli edən deyil, həm də dəyərlilərin dəyərsizləşdiyi bir sınaq oldu. Xalqın sevgisini, hörmətini qazanıb, daha sonra altı kreslo görən kimi dönən “ziyalı”lar da oldu. Onlar isə sinifdə qaldı.
Olsun, necə deyərlər, dağ başında ilan da olur qartalda. Biri uçaraq, biri əziyyətlə gəlir o yerə. Orda özündən, sözündən heçnə itirmədən qalmaq önəmlidir.
Bəli, bu yol çətin yoldu və bu yolun hansı yol olduğunu bilərək girmişdiniz. Bu yolda bəlkə ən çirkin üsullarla, beldən aşağı zərbələr almaq var idi, bunları da yaşadınız. Amma heçnəyə baxayaraq yeri gəldi xalqın önündə, yeri gələndə arxa planda qalmağı bacardınız.
O vaxtdan bu vaxta qədər çox rüzgarlar əsdi. Kimi bu küləyin təsirindən yön dəyişdirdi, kimi havalandı və bilinməzə qarışdı, kimisə yerlə yeksan oldu. Amma rüzgar nə qədər sərt əsirsə əssin qayadan alacağı sadəcə toz olduğunu gördünüz və göstərdiniz!
Bəlkə istəyərək, bəlkə də istəməyərək çinar kimi yüksəklərə ucaldınız. Yüksəklərdə rüzgarların çox sərt əsdiyini gördünüz, amma kökünüz o rüzgarlara tab gətirə bildi.
Sabir bəy, bu günlər hər kəs sizin yaradıcılığınızdan, əsərlərinizdən yazdı. Mənsə nədənsə heç bu mövzuya girmək istəmirəm. Bilmirəm nə üçün, amma məlum olan şeyləri təkrarlamağı sevmədiyim üçündür bəlkə. Bilinənləri bilməyənlərə çatdırmaq vacib məsələdir, bunu da anlayıram. Amma məndən öncə dəyərli insanlar bunu etdi deyə biraz da rahat oldum və sizə içimdən gələnləri yazmağı seçdim.
Bəlkə mən sizinlə dost olacaq yaşda olmadım, əlimi çiyninizə atıb bərabər zaman keçirəcək səmimiyyətdə də olmadım, amma ailənizi, oğlunuz Cəmili, qızınız Aydanı, sizdən heç də geri qalmayan, “Sabir bəy, orada oturma, burada otur” deyən, qapıdan çıxıb maşınınıza qədər ötürən, hətta maşınının qapısını açıb sizi oturdan həyat yoldaşı, mübarizə insanı olan Tənzilə Rüstəmxanlını tanıdım. Hər şairin, hər yaradıcı insanın arxasında və yanında Tənzilə xanımların olması lazım olduğunu düşündüm.
Ölkənizdə sizi sevən və hörmət edən xalqı, evinizdə isə sizi sevən və hörmət edən ailənizi qazandığınız üçün sizi təbrik edirəm.
70-inci yaşınız kutlu olsun!