Şəhid ailəsi prezidentdən kömək istəyirbackend

Şəhid ailəsi prezidentdən kömək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda yaşayan şəhid ailəsi prezident İlham Əliyevdən kömək istəyir. Nərimanov rayonunda yaşayan Mənzərə Rəsulova bu barədə musavat.com-a bildirib.

Onun sözlərinə görə, 1991-ci ildən könüllü döyüşə gedən həyat yoldaşı Şükür Rəsulov 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olduqdan sonra iki övladını çətinliklə böyüdüb. Ş.Rəsulov bu illər ərzində Şuşa, Qaybalı, Kosalar və Laçında döyüşüb. Atəşkəsə az qalmış isə şəhid olub. Qadının şəhid ailəsi olaraq kömək gözlədiyi aidiyyəti qurumlar isə bu illər ərzində susqunluq nümayiş etdiriblər: “O vaxt qızımın üç, oğlumun bir yaşı vardı, zülmlə böyütdüm onları. Hökumət qurumları hərdən vəd verir, vəssalam”.

Hazırda M.Rəsulova sağlamlığında problem olan oğlu ilə birlikdə təmirsiz, nəm mənzildə yaşayır: “Qızım ailə qurub, oğlumla yaşayıram. Böyrəyində problem var, ağıq iş görə bilməz, iş qabiliyyətsizdir. Oğlum həm də tələbədir, ölkədən kənarda təhsil alır. Təhsil haqqını ödəməyə belə çətinlik çəkirik. Burada olduğu müddətdə ağır olmayan iş tapdıqda işləyir. Heç bu təmirsiz mənzili belə dövlət verməyib, yoldaşımla işləyəndə özəl koperativdən verilib. Dövlət bu illər ərzində şəhid ailəsi olaraq bizdən gözünü çəkib. Ancaq yoldaşım iki balasını bu dövlətə əmanət etmişdi…”

Hazırda şəhidin oğlu uzun müraciətlərdən sonra rayon icra hakimiyyəti tərəfindən fəhlə işinə götürülüb: “O da bir illik müvəqqəti müqavilə ilə. Cəmi bir aydır uşaq işə gedir”. Onların şəhid ailəsi kimi aldıqları kompensasiya isə iki yüz manatdır, o da üç yerə bölünür: “Bu pul yoldaşımın anası, atası və mənim aramda bölünür. Təxminən iki yüz manatdır, hərəyə 78 manat edir. İndi bir az qalxıb, 86 manatdır. Bu pulla necə dolanmaq olar?”

Şikayətçiyə görə, şəhid ailələrinin heç olmasa, kommunal xərclərinə güzəşt edilməsi hökumət tərəfindən müzakirə olunmalıdır: “Bu ölkədə şəhidə verilən qiymət budurmu? Ailəmiz ehtiyac içində yaşayır. Uşağın müalicəsi üçün pul tapa bilmirəm. Oğlum ikinci qrup əlildir, hətta o vaxt tibb komissiyası pul vermədiyim üçün dərəcəni üçə salmışdı. İcra hakimiyyətinə, digər aidiyyəti qurumlara dəfələrlə məktublar yazmışam, verdikləri cavablar qalın qovluqlarda toplanıb, hər dəfə qovluqlara baxanda düşünürəm ki, bu ölkə üçün şəhid olmağın mənası budur? Sən ölürsən, ailən isə zillət içində yaşayır və bu, heç kəsin vecinə deyil. Yoldaşımın Qubada qəbri də uçur, heç baxan, maraqlanan yoxdur. O vaxt yoldaşıma ölümündən sonra milli qəhrəman statusu vermək istəyirdilər, ancaq bunun üçün istədikləri pul bizdə olmadı. Tapa bilmədik o pulu, yoxsa indi heç olmasa, bir az çox kompensasiya ala bilərdik”.

Hazırda şəhid ailəsi olaraq ev növbəsinə dayanan M.Rəsulova qeyd edir ki, icra hakimiyyəti 2018-ci ilə qədər ev veriləcəyini vəd edib: “Ancaq bilmirəm vaxt bitincə nə bəhanə gətirəcəklər”. Həmçinin, şəhid ailələrinə verilməsi olan 11 min manatlıq kompensasiya da bu ailəyə verilməyib. Dövlət başçısından kömək gözləyən M.Rəsulova övladının müalicəsini, ev şəraitinin düzəldilməsini və maddi yardımın verilməsini istəyir. ()musavat

İnterpress.az