Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dünən keçirilən fövqəladə qurultayında prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrağın etdiyi hərəkət ciddi müzakirə mövzusuna çevrilib.
Keçmiş baş nazir Əhməd Davudoğlunun xanımının uzatdığı əli tutmaması hörmətsizlik kimi qəbul edilib. Berat Albayrağın xanımın əlini havada saxlamasını şəriət qanunları ilə əsaslandıranlar da var.
Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf bildirir ki, Ərdoğanın kürəkəninin etdiyi hərəkətin şəriətlə doğru olduğunu bildirib. Onun sözlərinə görə, harada olmasından asılı olmayaraq naməhrəm kişi ilə qadın əl verərək görüşə bilməz: “İslam şəriətiylə həmin şəxs düzgün edib. Sadəcə Azərbaycanda müəyyən adət-ənənələr var, şəriəti qırağa qoyub, insanlar bəzən öpüşüb-görüşürlər. Bu, şəriətlə düzgün deyil. Əgər hansısa qadın kişinin əlini və ya kişi qadının əlini geri qaytarıbsa, düzgün eləyib.
Düzdür, hər ölkənin öz qayda-qanunu var, milli mentaliteti var, dini kriteriyaları var. Bunlar da yazılmamış qanunlardır. Lakin din elədir ki, burada istər siyasi tədbir olsun, istər dövlət tədbiri olsun. Fərq etməz. Naməhrəm qadınla kişi əl tutuşub görüşə bilməz”.
Hacı Rauf istisna halların olduğunu bildirib: “Əsas məsələ dəri təmasının olmamasıdır. Əgər tərəflərdən birinin əlində əlcək varsa, o zaman görüşməyə icazə verilir. Bir də əgər kimsə boğulursa, yaxud fövqəladə bir haldırsa, o zaman əlini uzatmağa, dəri təmasının olmasına icazə var”.
Türkiyənin Dəyanət İşləri Başkanlığının səlahiyyətli şəxsləri də əl-ələ salamlaşmağın haram olduğunu, lakin istisnaların da mövcudluğunu bildiriblər: “İslama zərər verə biləcək bəzi hallarda bu icazələr var. Elə hallar var ki, qadınla əl verib görüşməyin dinə faydası ola bilər. Lakin fətva vermək düzgün deyil”.
Şəriət qanunlarıyla əl-ələ görüşməyin haram olduğunu din adamları bir ağızdan təsdiqləyirlər. Lakin Berat Albayrağın məhz islami qaydalara riayət etdiyi üçün Sara Davudoğlunun əlini havada saxlaması iddiası həqiqəti əks etdirmir. Belə ki, AzNews.az-ın araşdırması nəticəsində bəlli olub ki, Ərdoğanın kürəkəni bu zamana kimi bəzi görüşlərdə qadınlarla əl-ələ salamlaşıb.
(Aznews)
Interpress.az